
Vyanada hücum zamanı öldürülən terrorçunun İŞİD tərəfdarı olduğu müəyyənləşib.
Nyus.Az APA-ya istinadən bildirir ki, Avstriyanın Daxili İşlər naziri Karl Nehammer bu gün səhər keçirdiyi mətbuat konfransında bildirib ki, öldürülən şəxsin üzərində partlayıcı və tüfəng aşkarlanıb.
Qeyd edək ki, noyabrın 2-də axşam bir qrup naməlum şəxs Avstriya paytaxtında altı yerdə hücumlar təşkil edib. Son məlumata görə, hücumlar nəticəsində 3 nəfər həlak olub, 15 nəfər yaralanıb.
Hücum edənlərdən yalnız birini zərərsizləşdirmək mümkün olub, digərləri qaçıb. Hazırda onların axtarışı davam etdirilir. KİV hücumda 7 nəfərin iştirak etdiyini yazır.
Avstriya hakimiyyəti hadisənin terror aktı olduğunu elan edib, vətəndaşları imkan daxilində evdən çıxmamağa çağırıb.
Milli Şuranın və parlamentin iclasları ləğv edilib, məktəblərdə dərslər dayandırılıb.
Nyus.Az

























