
Oktyabrın 1-i Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı günüdür.
108 il əvvəl əsası qoyulan Azərbaycan Prokurorluğu müxtəlif tarixi mərhələlərdən keçərək, bu gün müasir hüquq-mühafizə təsisatlarından birinə çevrilib. Bu yol dövlət quruculuğunun mürəkkəb və mühüm mərhələləri, müstəqilliyin bərpası, hüquqi islahatlar və ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnir.
Azərbaycan Prokurorluğunun tarixinə və keçdiyi inkişaf yoluna bir daha nəzər salır.
108 illik tarix
Azərbaycanda prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il oktyabrın 1-də prokurorluq orqanları yaradılıb.
Cümhuriyyətin süqutundan sonra müstəqil dövlət orqanları ilə yanaşı, prokurorluq və istintaq orqanları da ləğv edilib. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1922-ci il 11 iyul tarixli “Azərbaycan SSR-in dövlət prokurorluğu haqqında” dekreti ilə Azərbaycanda sovet prokurorluğunun əsası qoyulub.
Dövlət müstəqilliyinin bərpasından və 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra prokurorluq orqanlarının fəaliyyətində də yeni mərhələ başlayıb.
1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının Baş prokurorunun tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqan kimi müəyyən edib. Bu statusa uyğun olaraq, 1999-cu il 7 dekabr tarixli “Prokurorluq haqqında” Qanunla prokurorluğun fəaliyyət istiqamətləri tam müəyyənləşdirilib. 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən, prokurorluğa həm də qanunvericilik təşəbbüsü hüququ verilib.
Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə oktyabrın 1-i Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi təsis edilib.
Müasir prokurorluğun formalaşması
Azərbaycan Prokurorluğunun beynəlxalq standartlara uyğun dövlət təsisatı kimi formalaşması müstəqillik illərində həyata keçirilən hüquqi və institusional islahatlarla bağlı olub. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf konsepsiyası əsasında prokurorluq sisteminin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülüb.
Bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində prokurorluq orqanlarının fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, əməkdaşların peşəkarlığının artırılması və maddi-texniki bazanın gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb.
Dövlətimizin başçısının 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Proqram çərçivəsində prokurorluğun hüquq sistemində rolunun artırılması, digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, əməkdaşların peşəkarlığının yüksəldilməsi, yeni nəsil prokurorluq işçilərinin formalaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilib.
Prezident İlham Əliyevin 2020-ci il 16 iyun tarixli Sərəncamına əsasən, Baş Prokurorluğun yeni strukturu təsdiq olunub.
Prokurorluq orqanlarında aparılan sistemli islahatların mühüm istiqamətlərindən biri də xidmətə bilikli, müasir dünyagörüşlü və yüksək əxlaqi keyfiyyətlərə malik gənclərin cəlb olunmasıdır. İşə qəbulun müsabiqə yolu ilə aparılması nəticəsində gənc hüquqşünaslar bu gün prokurorluğun kadr korpusunun böyük hissəsini təşkil edir.
“Elektron Prokurorluq” informasiya sisteminin yaradılması da fəaliyyətin müasir texnologiyalar əsasında qurulmasına imkan verib.
Zəfərdən sonra yeni mərhələ
2020-ci ildə 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnməklə yanaşı, dövlət qurumlarının qarşısında yeni vəzifələr də müəyyənləşdirib. Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə və infrastruktur obyektlərinə qarşı törətdiyi təxribatlarla bağlı prokurorluq orqanları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, istintaq tədbirləri həyata keçirilib. Müharibə dövründə Azərbaycanın Baş prokuroru Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı müxtəlif ölkələrin baş prokurorlarına və aidiyyəti beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb.
Prokurorluğun fəaliyyətinin inkişaf istiqamətlərini müəyyənləşdirən “Azərbaycan Respublikası Prokurorluğunun 2020-2023-cü illər ərzində Strateji İnkişaf Konsepsiyası” da qurumun qarşısında duran vəzifələrin icrasına, fəaliyyətin təkmilləşdirilməsinə və səmərəliliyin artırılmasına yönəlib.
Bu gün prokurorluq orqanlarının fəaliyyəti işğaldan azad edilmiş əraziləri də əhatə edir. Həmin ərazilərdə rayon və şəhər prokurorluqlarının fəaliyyətinin bərpası, zəruri infrastrukturun yaradılması və xidmətin aparılması üçün inzibati binaların istifadəyə verilməsi istiqamətində tədbirlər görülür.
Qarabağda və Şərqi Zəngəzurda həyatın yenidən qurulması ilə paralel olaraq, burada hüquq və qanunçuluğun təmin edilməsi də diqqətdə saxlanılır.
Beynəlxalq əməkdaşlıq genişlənir
Azərbaycan Prokurorluğunun xarici ölkələrin prokurorluq orqanları və nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı da genişləndirilir. Müxtəlif ölkələrin nümayəndə heyətlərinin Azərbaycana səfərləri, eləcə də Baş prokurorun rəhbərliyi ilə nümayəndə heyətlərinin xarici ölkələrə səfərləri çərçivəsində hüquq-mühafizə sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılır.
Korrupsiyaya qarşı mübarizə də bu əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Azərbaycan Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” qəbul edilib. Həmin istiqamətdə beynəlxalq əməkdaşlığın növbəti mühüm tədbirlərindən biri oktyabrın 27-28-də Bakıda keçiriləcək. Həmin tarixlərdə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşünün keçirilməsi nəzərdə tutulur.
Peşə bayramı ərəfəsində yeni təltiflər
Prokurorluq işçilərinin peşə bayramı ərəfəsində onların əməyinə verilən dövlət qiyməti də diqqət çəkir.
Prezident İlham Əliyevin sentyabrın 28-də imzaladığı “Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında” Sərəncama əsasən, 1 nəfərə II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi, 2 nəfərə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi, 1 nəfərə “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib.
Dövlətimizin başçısının digər Sərəncamı ilə 4 nəfər “Tərəqqi” medalı, 18 nəfər “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Prokurorluq orqanları üçün 108 il əvvəl əsası qoyulan yol dəyişən zamanla, yenilənən tələblərlə və qarşıda duran yeni vəzifələrlə bu gün də davam edir. Zaman dəyişdikcə prokurorluğun qarşısında dayanan vəzifələr də yenilənir. Dəyişməyən əsas məqam isə dövlətçilik, qanunçuluq və insan hüquqlarının qorunmasına xidmət etməkdir.
Bu gün Azərbaycan Prokurorluğunun əməkdaşları peşə bayramlarını qalib ölkənin vətəndaşları kimi qeyd edirlər. Qarşıda isə yeni çağırışlar dayanır. Bunlar qanunun aliliyinin təmin edilməsinin və cinayətkarlığa qarşı mübarizənin davam etdirilməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsi, fəaliyyətin müasir standartlara uyğun daha da təkmilləşdirilməsi və digər bu kimi məsələlərdir.
Nyus.Az

























