
Avqustun 25-də Ağsu rayonunun Kəndaxan kəndinin yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) virtualaz.org-a bildiriblər ki, yanğının qarşısı nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri tərəfindən alınıb. Yanğın nəticəsində dağlıq ərazidə 10 hektar sahədə kol-kos, ağaclar və qurumuş ağacların kötükləri yanıb.
FHN-dən həmçinin bildiriblər ki, avqustun 25-də İsmayıllı rayonunun Pirəbülqasım kəndinin yaxınlığında dağlıq meşə ərazisində baş vermiş yanğın da Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən söndürülüb.
Yanğın nəticəsində dağlıq ərazidə 40 hektar sahədə kol-kos, ağaclar və qurumuş ağacların kötükləri yanıb.
Hər iki halda meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.
Nyus.Az

























