“Planlarımız böyükdür, ona görə də böyük işlər görməliyik. Biz peşəkar komanda formalaşdırmaq istəyirik”. Bu ifadə “Zirə” futbol klubunun ilk prezidenti olmuş Vüqar Astanovun 08.09.2014-cü ildə PFL-in rəsmi saytına verdiyi müsahibədəndir. Amma böyük planlar həyata keçirmək və peşəkar komanda formalaşdırmaq ona nəsib olmadı. Belə ki, prezident işlərinin çoxluğunu əsas gətirərək 2016-cı ildə tutduğu vəzifəsindən istefa verdi. Prezident kürsüsündə onu əvəz edən Natiq İsmayılovun hakimiyyəti də uzun sürmədi. Hal-hazırda prezident səlahiyyətlərini klubun icraçı direktoru Cahangir Məmmədov yerinə yetirir. Elə böyük ümidlərlə baş məşqçi gətirib, məyusluqla yola salmaq da gənc klubun alnına yazılıb. 2014-cü ildə yaradılaraq futbol okeanına qədəm qoyan “Zirə” gəmisinin ilk komandanı Bəhram Şahquliyev olur. I diviziyonda mübarizəyə başlayan klub 2014-2015-ci il mövsümündə beşinci yeri tutmasına baxmayaraq, AFFA-ın “lisenziya tələbi”nə görə premyerliqaya vəsiqə qazanan yeganə komanda məhz “Zirə” olur. Güclülər dəstəsində komanda yeni baş məşqçi Adil Şükürovun rəhbərliyi ilə çıxış etməyə başlayır. 2015-2016-cı il mövsümündə qartallar gözlənilmədən göstərdiyi mübariz oyunuyla diqqət cəlb edir, yekunda turnir cədvəlində ikinci yeri tutmaqla həm gümüş medalları, həm də vitse-çempion adını qazanaraq tarix yazır. Komandanın futbolçusu, Salvador millisinin üzvü Nelson Bonila isə 14 qolla çempionatın bombardirlik estafetində ikinci olur. Lakin UEFA-nın müvafiq qanunlarına görə qartallar “Avroliqa” turnirindən kənar qalır. 2016-2017-ci il mövsümünü Zirə
donanması üçün yaxşı başlamır, ard-arda itirilən xallar enişə gətirib çıxarır, nəticədə baş məşqçi Adil Şükürov istefa verir, onu gənc Ayxan Abbasov əvəz edir. Yeni komandan donanmasını dördüncü sıraya daşısa da “Avroliqa” turnirinə vəsiqəni təmin edir. İlk dəfə beynəlxalq turnirdə debüt edən qartalların gəmisi Lüksemburqun “Differdanj”ını batıra bilir. Lakin II mərhələdə “Zirə” gəmisi Rumuniya “Asta”sının səddini keçə bilmədi. Bir müddət sonra qartalların gəmisi ölkə çempionatında da qayalıqlara çırpılmağa başlayır və növbəti eniş yaşayır. 2018-ci ilin avqustunda Ayxan Abbasov postundan getməli olur. Onun yerinə gələn Samir Abbasov komandan kimi gəmisini finiş sahilindən uzaqlara daşıyır. Nəticə də 2019-cu ilin oktyabrında Zaur Həşimov qartallar donanmasına yeni komandan təyin olunur. Yeni komandan qış fasiləsinə qədər az da, olsa gəmisində canlanma yarada bilir. Lakin qış fasiləsi zamanı qartalların gəmisini Soni Norde, Robin Nqalande, Elvin Məmmədov, ən əsası bombardir Xulio Sezar Rodriges (gözlənmədiyi halda A.İ) tərk etdi. Doğrudur, gəmiyə yeni təşrif buyuranlar da oldu. Onlar içərisində Ağabala Ramazanov ilə David Vokova böyük ümidlər bəslənilirdi. Məhz bu iki forvardlar gedənlərin yerini artıqlamasıyla doldurmalı, qartalların gücünə güc qatmalıydı. Amma qış fasiləsindən sonra qartallar içində sanki, arxayınçılıq hissi dominantlıq edir. İntizamsızlıq isə, komanda daxilində “rəqabət”ə çevrilib. Arxada qalan son üç turda komanda bir qələbə, ard-arda iki məğlubiyyət alıb. Məğlubiyyət faciə deyil, amma kobud intizam pozuntuları, idmançıya yaraşmayan hərəkətlər edərək qırmızı vərəqələrlə “mukafatlandırılaraq” uduzmaq böyük faciədir, xüsusən də bu hal təkrarlanırsa. 16-cı tur çərçivəsində “Sumqayıt”la oyun zamanı əvvəlcə İlkin Muradovun, ardınca Ağabala Ramazanovun meydandan qovulması, Riçard Qadzenin də sarı vərəqə limitini doldurması növbəti oyun üçün birdən-birə üç itkiyə səbəb oldu.
17-ci turda “Qarabağ” kimi nəhəng və turnir cədvəlinin şəriksiz lideri olan komanda qarşısına itkilərlə çıxan qartallardan nəinki qələbə, heç əzmkar heç-heçə belə gözləmirdi, amma hər kəs mübarizlik göstərərək yaxşı oyuna ümid bəsləyirdi. Lakin ağ-qaralar qarşısında meydana çıxan sanki, peşəkar futbol klubu yox, tökülə-tökülə güclə hərəkət edən məhəllə “yığması”idi. Artıq matçın geridə qalan 14 dəqiqəsində qartallar topu 3 dəfə öz torlarından çıxarmaq məcburiyətində qaldılar. Ümumilikdə isə köhlən atlar altı dəqiq top atəşləriylə “Zirə” gəmisini batırdılar. Bu azmış kimi matçın 67-ci dəqiqəsində Cavid Hüseynov idmançıya yaraşmayan hərəkətə görə birbaşa qırmızı vərəqə alır. Bununla kapitan gəmini vaxtından əvvəl tərk etməyə məcbur olur. Yeddi nömrənin bu cür mükafatlandırılması qırmızı ofsayda düşənlərin sayını 3-ə çatdırdı. Ikinci-üçüncü yer uğrunda “Keşlə” ilə “Neftçi” arasında sona qədər ölüm-dirim mübarizəsi gedəcək, “Avroliqa” turnirinə vəsiqə şansı verən 4-cü yerdə qərarlaşan “Sumqayıt” mövqeyini qorumaq uğrunda döyüşəcək, islahatlardan sonra iştaha gələn “Sabah”ın da yuxarı pillələri hədəfləməsini nəzərə alsaq, bu cür abu-hava ilə qartallar davam etsə qarşıdakı 11 turluq estafet zamanı qırmızı vərəqələr və fiaskolar qaçılmazdır. Prezidentləri, baş məşqçiləri yola salmaqla məşhurlaşan “Zirə”də Zaur Həşimovu da eyni aqibət gözləyən həyəcan təbili vurmağa başlayıb. Komandanın sərgilədiyi oyuna görə 12-ci oyunçu artıq tribunalardan “istefa” şuarıyla narazılığını baş məşqçiyə xorla bildirməkdədir. Buna cavab olaraq Zaur Həşimov “Qarabağ”a fiasko sonrası mətbuata açıqlamasında: “Azarkeşin istefa tələb etməsi normaldır. Amma ümumi nəzərə alaq ki, mənim burda 14-cü oyunum olub, 4 dəfə məğlub olmuşuq. Təslim olmayacaq və sona kimi mübarizə aparacağıq”.
Komandan Zaur Həşimov nikbinliyini əməldə göstərməlidir, əks halda Zirə gəmisindəki dəliklər daha da genişlənəcək ki, bu da onun batmasının labüdlüyü deməkdir. Abdulla İsmayıloğlu