Londonda yaşlı veteran bir qadına hücum edən iki oğru ilə dalaşıb. Bu haqda “Evening Standard” nəşri xəbər verib. 88 yaşlı Con Nikson oğruların qadının əlindən çantasını almağa cəhd etdiyini görüb. O, oğruların diqqətini yayındırmaq üçün öncə qışqırıb: “Ondan əl çəkin”. Dediyinə görə, bunu deyən kimi oğrular ona yaxınlaşaraq belə deyiblər: “Ozaman sənin pullarını götürərik”. Nikson “götürə bilməzsiz” deyərək, onlardan birini vurub.
88 yaşlı veteran birinci oğrunu ilk bir neçə dəqiqədə zərərsizləşdirə bilib. Daha sonra isə onların ikisi də güc toplayaraq veterana bıçaqla hücum ediblər. Bu zaman isə qadın qaçmağa nail olub.
Xəstəxanada Niksona ilk tibbi yardım göstərilib. Bıçaq yaraları dərin olmadığı üçün onun həyatına da ciddi təhlükə yaranmayıb. Polis cinayətkarları tapıb yaxalaya bilməsə də, yaşlı kişiyə qeyri-adi cəsarətinə görə təşəkkür edib.
Nikson deyib ki, cinayətkarlardan qorxmayıb. Çünki bir neçə dəfə belə həyati təhlükələrlə qarşılaşıb. 1940-cı ildə o, kommandos hazırlığından keçib. Daha sonra Nikson Koreyada vuruşub və Misirdə, Yaxın Şərqdə, Almaniyadakı hərbi əməliyyatlarda iştirak edib. İstefaya çıxandan sonra isə Nigeriyada “Sərhədsiz həkimlər” təşkilatının mühafizəsi ilə məşğul olub.