İnternetdə məşhur "Palm" brendli yeni smartfon barədə məlumatlar dərc edilib.
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Pepito" kod adlı smartfonun istehsalçısı qismində "TCL Communication" şirkəti çıxış edəcək. Miniatür ölçüyə malik smartfon 720p təsvir ölçülü 3,3 düym diaqonallı "LCD" ekran və 800 milliamper/saat tutumlu akkumulyatorla təchiz ediləcək. Yeni qurğunun aparat əsasını "Qualcomm Snapdragon 435" prosessoru, 3 giqabaytlıq operativ və 32 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edəcək. Smartfon "Android 8.1 Oreo" əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək.
Xatırladaq ki, bu, 2011-ci ildə nümayiş etdirilən "Palm Pre 3" modelindən sonra buraxılan ilk "Palm" smartfonu olacaq. Əvvəlki məlumatlara görə, ilk vaxtlar yeni "Palm" smartfonunun satışı ilə ABŞ-ın "Verizon" operatoru məşğul olacaq.
ABŞ-ın məşhur "Palm" şirkəti "Palm OS" əməliyyat sisteminin idarəetməsi ilə işləyən miniatür fərdi kompüterlər və smartfonlar istehsal edib. 2010-cu ildə "HP" şirkətinə satılan istehsalçı müstəqil təşkilat kimi fəaliyyətini dayandırıb. 2014-cü ilin sonunda "Palm" brendi üçün hüquqlara Çinin "TCL" şirkəti sahib çıxıb. "Alcatel" və "BlackBerry" brendləri də "TCL" şirkətinə məxsusdur.
Nyus.Az