Bir neçə gün bundan öncə Abşeron rayonu, Masazır kəndində yaşayan sakinlərin redaksiyamıza ünvanladıqları müraciətləri əsasında, iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş, general-mayor Həzi Aslanovun adını daşıyan küçədə yaşanan acınacaqlı durumla bağlı tənqidi açıqlama dərc etmişdik. Düzdür, dərc etdiyimiz açıqlamada adı çəkilən küçənin zibilliklərlə əhatə olunmasından bəhs etmişdik. Əldə etdiyimiz məlumatlara görə, bu tarixi şəxsin adını daşıyan küçənin uzunluğu təqribən 2 km-dir və bu qədər uzunluğu olan küçənin cəmi bir yerində zibil qabları yerləşdirlib. Belə bir halın varlığı da, hədsiz dərəcədə xoşagəlməz problemlərin əmələ gəlməsinə səbəb olur. Məslənin maraqlı tərəfi o olur ki, məqalənin dərcindən sonra aidiyyəti qurumlar hərəkətə keçdilər və küçəni kosmetik də olsa zibillərdən təmizlədilər. Amma, onu da untmaq olmaz ki, adı çəkilən bu küçənin problemi təkcə zibilliklərlə bağlı deyil. Belə ki, Həzi Aslanovun adını daşıyan küçənin ən böyük problemlərindən biri də, kanalizasiya boru xəttinin olmaması və kənar ərazilərdən də qazılan torpaqların bu küçəyə tökülməsidir.
Yerli sakinlərin söylədiklərinə görə, hələ bir neçə ay bundan öncə Abşeron RİH-nin başçısı İradə xanım Gülməmmədovanın qardaşı Rövşən adlı şəxs, ərazidə “makler”lik işi ilə məşğul olan şəxslərə “yaşıl işıq” yandırdığndan, onlar Həzi Aslanovun adını daşıyan küçədə qazıntı-tikinti işləri aparmağa başlamışdılar. Hətta, onlar inşa etdikləri tikililərlə bağlı bu küçənin müəyyən hissəsində kanalizasiya boru xətti də çəkirlər. Amma çox keçmir ki, həmin şəxslər küçə sakinlərinin qəti etirazları ilə üz-üzə qalırlar və son anda başlanmış tikinti işləri yarımçıq qalır. Bu gün onların tikdikləri “luklar”ın ağız hissələri də açıq qalmaqdadır.
Ən pis hal o olur ki, qazıntı-tikinti işlərinin gedişi zamanı yerdən qazılmış boş torpaqlar Həzi Aslanovun adını daşıyan küçəyə tökülür. Hal-hazırda bu küçə, bir növ kiçik təpəcikləri xatırladır. Küçənin yuxarı başında “Azərsu” ASC-i tərəfindən 6 metr dərinliyində kanalizasiya boru xətti çəkilsə də, həmin boru xətti başqa bir xəttə birləşdirilmir. Yəni, həmin kanalizasiya boru xəttindən axan çirkab suları “Sumqayıtyolu” adlanan ərazının alt hissəsindəki qamışlıqlara axır və həmin yerdən də Həzi Aslanovun adını daşıyan küçənin müəyyən hissəsinə tökülür. Bir tərəfdən küçəyə tökülmüş boş torpaqlar, digər tərəfdən axıdılan çirkab suları, bu gün belə bir tarixi şəxsin adını daşıyan küçənin sanki xarabazarlığa oxşamasına səbəb olub.
İsti yay günlərində Həzi Aslanov küçəsinə axıdılan çirkab suları, ətraf ərazinin üfunət iyinə qərq olmasına səbəb olur. Bu da küçə sakinlərinin olmazın olaylarla üz-üzə qalması ilə nəticələnir. O halın varlığını da unutmaq olmaz ki, bugünə kimi sakinlər bir neçə dəfə Abşeron RİH-i başçısı İradə xanım Gülməmədovaya və digər vəzifə sahiblərinə, problemlərinin aradan qaldırılması məqsədilə müraciət etsələr də, hər dəfə onların müraciətləri qulaqardına vurulur. Yəni, adı çəkilən xanım Masazır qəsəbə sakinlərinin problemlərini həll etmək əvəzinə, onların ünvanladıqların müraciətlərin “itbata salınması”na şərait yaradır.
Diqqəti daha çox cəlb edən halın varlığı odur ki, hər il faşizm üzərində qələbənin tamam olması münasibətilə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş, general-mayor Həzi Aslanovun abidəsi çoxsaylı sakinlər, əksər vəzifə sahibi olan şəxslər, hətta ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən də ziyarət olunur. Onun abidəsi önünə gül dəstləri qoyulur və xatirəsi bir daha yad olunur. Yəni, bu o deməkdir ki, Həzi Aslanovun qürurlu adı, şərəfli döyüş yolları bu gün cənab Prezident tərəfindən də hörmət və ehtiramla yad olunur. Belə olan halda sual oluna bilər ki, görəsən ölkə rəhbərinin hörmət-ehtiram bəslədiyi bu tarixi şəxsə qarşı İradə Gülməmədova və digər vəzifə sahibləri niyə sayğısızlıq göstərirlər? Axı, bu heç cür yolverilməz haldır. Çünki, Həzi Aslanovun Azərbaycan xalqının tarixi keçmişi olmaqla bərabər, ləyaqətli övladlarından biri idi. Belə bir tarixi unutmaq, belə bir tarixə sayğısızlıq nümayiş etdirmək, əslində bəşəri cinayətdir. Bu da hal-hazırda ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır.
Mövzunu diqqətdə saxlayacağıq.
Nyus.Az