Bir müddət bundan öncə Abşeron rayon Suvarma Sistemləri İdarəsinin rəisi Yusif Ələsgərovun qol qoyduğu çoxsaylı qanunsuzluqlarla bağlı dövrü mətbuatda silsilə tənqidi açıqlamalar dərc olunarkən, bəlkə də kimlərsə adı çəkilən bu şəxsin atdığı addımlarla bağlı lazımi məlumatları həmin vaxta qədər tam aydınlığı ilə əldə edə bilməmişdi. Elə ki, bir neçə ay vaxt keçdi və tərəfimizdən bu yöndə müəyyən araşdırmalar apardıq, o halda bizə bəzi mətləblər də ağah oldu. Sən demə Yusif Ələsgərov özünü “sudan duru” çıxarmaq və hər cür təhlükələrdən qorumaq üçün, müxtəlif ünvanlarda çox hörmətli akademik, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin adından sui-istifadə edir. Yəni, redaksiyamıza daxil olan səhih məlumatlara görə o, özünü əksəriyyətə Ramiz Mehdiyevə yaxın şəxs kimi təqdim edir. Bəlkə də, bugünə kimi Abşeron rayon Suvarma Sistemləri İdarəsinin rəisinin bu yöndə apardığı davamlı təbliğat, onu belə bir səbəb üzündən hər cür təhlükələrdən xilas edə bilib. Düzdür, biz bu yöndə müəyyən məlumatları əldə etsək də, bildiyimiz həqiqət ondan ibarətdir ki, Prezident Administrasiyasının rəhbəri uzun illərdir ki, Azərbaycan Respublikasının dövlətçilik tarixində əvəzsiz rol oynamaqdadır. O da hər kəsə gün təki aydındır ki, Ramiz Mehdiyev ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra, istər dövlət quruculuğu proseslərində, istərsə də xalqımızın və dövlətimizin maraqlarının təmin olunması yöndə əvəzsiz addımlarını atdı. Ona görə də, heç cür inana bilmərik ki, belə bir nüfuz sahibi olan, geniş ictimaiyyətin rəğbət bəslədiyi bir şəxs, dövlət əmlakını əyri yollarla mənimsəyən, hər zaman şəxsi maraqlarının təmin olunması yöndə fəaliyyətini davam etdirən vəzifə sahibinə hansısa formada himayədarlıq etsin. Əldə etdiyimiz başqa bir məlumatda o da qeyd olunur ki, Yusif Ələsgərov şəxsi maraqlarının təmin olunması yöndə apardığı təbliğatını təkcə Ramiz Mehdiyevin adı ilə deyil, hətta hər kəsin “Bəy Mamed” adı ilə tanıdığı iş adamı Məmməd İsmayılovun adı ətrafında da aparmaqdadır. Bu yöndə aparılan təbliğatlardan sonra belə bir qənaətə qəlmək olar ki, deməli Yusif Ələsgərov məqsədli təbliğatlarını aparmaqla, məhz özünü “toxunulmaz şəxs”ə çevirə bilib. Yəqin ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin, bugünə kimi ona “bata bilməməsinə” belə bir amillərin varlığı əsas səbəb olub.
İndi isə olub keçənlərə diqqət yetirək və Yusif Ələsgərovun qol qoyduğu bəzi addımların mahiyyətini hər kəsin diqqətinə çatdıraq. Yəni, hər kəsə bəllidir ki, Aşeron rayonunun Mehdiabad qəsəbəsində "Naxçıvanlılar məhəlləsi" adı ilə tanınan ərazinin orta hissəsindən Abşeron rayon Suvarma Sistemləri İdarəsinə məxsus kanalın böyük bir qolu keçir. Fakt budur ki, su kanala qışda gəlməsə də, yayda gəlir. Buna baxmayaraq, son illər sözügedən kanalın üst hissələrinin çoxu örtülərək zəbt olunduğundan, fərdi yaşayış evlərinin inşaası həyata keçirilməkdədir. Əldə etdiyimiz məlumatlara görə, bu gün də oxşar addımlar atılmaqdadır. Məsələn, hal-hazırda kanalüstü ərazilərin bəzi hissələri hasara alınıb ki, bu da çox yaxın vaxtlarda növbəti tikinti işlərinin aparılacağını söyləməyə əsas verir. Onu da unutmaq olmaz ki, belə bir addımlar atılarkən hər tikiliyə görə Yusif Ələsgərovun 2000 manat civarında razılaşdırılmış “haqq-hesab”ı onun özünə çatdırılır.
Başqa bir məlumatda isə o qeyd olunur ki, Binə qəsəbəsinin "Mehriban qonşular" adlanan küçəsində Abşeron rayon Suvarma Sistemləri İdarəsinə məxsus nasosxanası var ki, vaxtilə həmin nasosxananın ərazisi 5 hektar olub. Bu günə kimi Yusif Ələsgərov nasosxananın 5 hektarlıq ərazisini hissə-hissə satdığından, hal-hazırda həmin ərazi 10 sota çatıb. Bundan əlavə, Bakı ətrafı qəsəbələrin və Pirallahı rayonunun suvarma suyu ilə təmini məqsədilə, neçə illər bundan öncə Abşeron rayon Suvarma Sistemləri İdarəsinin balansında 300 tonluq anbar inşa olunmuşdu. Əldə etdiyimiz səhih məlumatlarda bildirilir ki, formasına görə "Göbələk" deyilən həmin anbara məxsus giriş boruları da, idarə rəisi tərəfindən doğradılaraq “həzmi-rabedən” keçirilib. Məlumatlı şəxsin redaksiyamıza çatdırdığı başqa bir məlumatda isə bildirilir ki, hazırda anbarın içində 43 ton armatur var. Yəqin ki, çox yaxın vaxtlarda Yusif Ələsgərov onu da “itbat etdirəcək”. Bir müddət bundan öncə nasosxananın əsaslı təmiri məqsədilə büdcədən 100 min manat məbləğində vəsait ayrılsa da, idarə rəisinin bu yöndə heç bir addım atmadığı da bildirilir. Yəni bildirilir ki, nasosxananın yalnız şifer örtük hissələri dəyişdirilir və bir qədər də rənglənmə işləri həyata keçirilir. Çatdırılan məlumatlara görə, son vaxtlar altı ədədə yaxın müxtəlif təyinatlı bina inşa olunaraq SSİ-nin balansına daxil edilib və belə bir işlər həyata keçirilərkən külli miqdarda mənimsəmələrə də yol verilib. Onu da qeyd edək ki, belə bir məsələlərlə bağlı "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin mətbuat xidmətinin rəhbəri Dilqəm Şərifovla əlaqə saxlayıb problemlərin varlığına münasibət bildirməsini xahiş etdik. Düzdür, ilk əvvəl o, bu yöndə addım atacağı vədini versə də, çox keçmədi ki, fikirindən “vaz keçdi”. İdarə rəisi ilə əlaqə saxlamaq cəhdimiz də baş tutmadı. Düzdür, yaşanan olaylarla bağlı idarənin baş mühəndisi Qənbər müəllimlə əlaqə saxlasaq da, o da, məsuliyyəti heç cür üzərinə götürmək istəmədi və məsələlərə rəisin özündən münasibət öyrənməyimizi məsləhət gördü. Bütün bunlar da onu söyləməyə əsas verir ki, Abşeron rayon Suvarma Sistemləri İdarəsinin rəisi Yusif Ələsgərov istər paytaxtda, istərsə də digər ünvanlarda sahib olduğu var-dövlətini, sayı-hesabı bilinməyən daşınan və daşınmaz əmlaklarını, məhz büdcə vəsaitlərini talan etməyin müqabilində əldə edib. Amma onu da unutmaq olmaz ki, adı çəkilən vəzifə sahibi orda-burda danışır ki, “mən ələ keçirdiyim pulları heç də tək mənimsəmirəm. Çünki, məndən “yuxarı”da əyləşən vəzifə sahibləri var və onlar buna heç cür imkan verməzlər. Ona görə də hər kəsin “haqq-hesab”ını ünvanı üzrə çatdırıram”. Əldə etdiyimiz məlumatlar, baş verən haqq-hesablar və s. onu söyləməyə əsas verir ki, Yusif Ələsgərovun qeyd etdiyi “yuxarı”nın “zirvə”sində Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə durur. Adı çəkilən vəzifə sahibinin belə bir açıqlamasının nə qədər əsaslı olub-olmadığını tam aşkara çıxarmaq üçün, bu yöndə araşdırmalarımızı davam etdirib, gələcəkdə bəzi həqiqətləri aşkara çıxarmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.
Məqalədə adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq.
Nyus.Az