[media=https://www.youtube.com/watch?v=egiqc67W6HY]
“Qadağan olunmuş dini ədəbiyyatları satdığına görə əvvəllər cərimələnən Kollec direktoru məhkəmə qərarlarını saymır”
Şəki İslam (Hafizlik) Kollecinin müəllimi Elşad Şahmurov Azərbaycaninfo.az saytının redaksiyasına məktubla müraciət edərək həmin kollecin direktoru Rəhman Nuri Nadir oğlu tərəfindən qanunsuz şəkildə işdən qovulduğunu bildirib.
E.Şahmurov şikayətində qeyd edir ki, direktor məni Əmək Məcəlləsinin 70ç bəndini “əsas” gətirərək işdən qovub: “Guya asayişi pozmuşam. Halbuki belə bir şey olmayıb. Məsələ ilə bağlı məhkəməyə də müraciət etmişəm və yerli məhkəmə- Şəki Rayon Məhkəməsi mənim xeyrimə qərar çıxarıb. İşə bərpa olunmağım haqqında məhkəmənin qərarı var. Məhkəmənin qərarı ilə razılaşmayan direktor Appelyasiya Məhkəməsinə müraciət edib. Ora da mənim xeyrimə qərar çıxartdılar. Hazırda direktor Ali Məhkəməyə müraciət edib ki, qərarı dəyişdirsin. Mənə də deyir ki, Ali Məhkəmə qərarı dəyişəcək, sən işə bərpa olunmayacaqsan. Direktorun dediyinə görə, Şeyx Allahşükür Paşazadə Ali Məhkəməyə tapşırıb və əvvəlki məhkəmə qərarları ləğv olunacaq. Mən dəqiq bilmirəm, direktor bunu düz deyir, yoxsa yalan. Ancaq Allahşükür Paşazadənin adından mənə dedi ki, heç vaxt işə bərpa olunmayacaqsan. Azərbaycan Respublikası adından çıxan qətnamə ilə müdirin əməlləri qanunsuz hesab edilib. Məhkəmə qərarının sonunda "müəllim işinə bərpa edilsin”, "qeyd edilən əməl ləğv edilsin” və "məcburi sürətdə buraxdığı iş vaxtlarının məbləği ödənilsin” sözləri yazılıb. Amma eşitdiyimə görə, müdirə yaxın olan adamlardan bir neçəsi gəldi və "o, səni orda istəmir və işə qayıtmamağın üçün əlindən gələni edəcək” dedilər”.
E.Şahmurov onu da əlavə edib ki, direktor Rəhman Nuri Nadir oğlu qeydiyyatdan keçməyən dini ədəbiyyatları satdığına görə bir neçə il bundan öncə dövlət orqanları tərəfindən həbs də olunub: “Mən kirayədə qalıram, 3 övladım var, olduqca ağır vəziyyətdə yaşayıram. Biz Kollecdə Quraqn əzbərləməyi öyrədirik. Özüm Quranı-Kərimi əzbər bilirəm və Hafizlik diplomum var. Türkiyənin Kolonya şəhərində Səlcuq Universitetinin Şərqşünaslıq fakultəsini bitirmişəm. Mən direktorun qanunsuz hərəkətlərinə qarşı çıxdığım üçün işdən qovuldum. Xeyli tələbələrim var və onlara Quranı gözəl şəkildə öyrətmişəm. 2012-ci ildən Kollecdə dərs deyirəm. 2017-ci ilin senyabr ayında məni işdən qovub. Direktor məni işsiz qoymaqla ailəmi aclıqla sınağa çəkir. O, İslama yaraşmayan işlərlər məşğuldur və öz çirkin sınaqlarını bizim üzərimizdə həyata keçirməyə çalışır, mən də buna etiraz etmişəm. İşdən qovdu, məhkəmənin qərarını icra etmir, indi də düşüb üstümə ki, məni ləkələsin”.
Azərbaycaninfo.az saytı olaraq məsələyə aydınlıq gətirmək üçün Kollecin direktoru Rəhman nuri nadir oğlu ilə əılaqə saxladıq. Maraqlıdır ki, direktor həqiqətən də Kollecin müəllimi Elşad Şahmurov tərəfindən səsləndirilən ittihamların doğurluğunu təsdiqləyib. Səs yazsını təqdim edirik:
Xatırladaq ki, adıçəkilən kollec 25 ildir fəaliyyət göstərir və Qafqaz Müsəlmanları İdarəsinə tabedir. Maraqlıdır ki, son günlər Allahşükür Paşazadə ilə bağlı sosial mediada müxtəlif informasiyalar yayılmaqdadır və Şəki İslam Kollecinin direktoru Rəhman Nuri Nadir oğlunun “Şeyx Ali Məhkəməyə tapşırıb, səni kollecə götürməyəcəyik” hədəsi də təsadüfi sayıla bilməz. Ən azından QMİ-nin sədrinin, bütün Qafqazın Şeyxinin adından belə bir məsələni ortaya atmaq kifayət qədər ciddi amildir. Özü də belə bir məqamda... Digər tərəfdən, Azərbaycan dövləti adından çıxarılan məhkəmə qərarına qarşı hörmətsizlik, qərarı icra etməmək, direktorun qanunsuz əməllərinə don geyindirmək din xadimi kimi Allahşükür Paşazadəyə başucalığı gətirməz. Ən azından İslam dəyərlərini qorumaq, əzilənin yanında olmaq ilk növbədə Allahşükür Paşazadənin əsas vəzifəsidir.