QORXMAZ HÜSEYNOV DÜZ DANIŞIR, YOXSA, “QORXMAZOĞLU”?
Azərbaycan içməli su ehtiyatı qeyri-qənaətbəxş olan ölkələrdəndir. Dövlətimiz əhalinin keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılması üçün davamlı olaraq tədbirlər həyata keçirir və bu məqsədlə hər il külli miqdarda investisiya ayırılır. Bu sahəyə yönəldilən vəsaitlərin səmərəli idarə olunmasına cavabdeh qurum Qorxmaz Hüseynovun rəhbərlik etdiyi “Azərsu” ASC-dir.
İndiyədək Qorxmaz Hüseynovun idarə etdiyi qurumun özündə və yerlərdəki struktur vahidlərində yol verilən korrupsiya və maxinasiyalardan, ASC sədrinin özünün və Cəmiyyətin maliyyə resurslarını yedirtdiyi yaxın-uzaq qohumlarının mənimsədikləri haram kapital hesabına özlərinə necə böyük sərvət topladıqları haqda çox deyilib, çox yazılıb. Təxmin etmək olardı ki, son aylarda möhtərəm Prezidentimiz İlham Əliyevin ortaya qoyduğu qətiyyətli iradə hesabına gücləndirilən antikorrupsiya tədbirləri, rüşvətxor icra başçılarının, nazir müavinlərinin həbs olunmaları “Azərsu” rəhbərini də heç olmasa, çəkindirəcək. Amma çox təəssüf, bu “su əjdəhası” yeni-yeni qurbanlar tələb etməkdə, vətəndaşları incitməkdə, insanları hakimiyyətdən narazı salmaqda davam edir. Hətta cəmiyyətin bütün zümrələri, varlı-kasıb insanlar arasında müvəqqəti də olsa barışıq dövrü kimi dəyərləndirilən xüsusi pandemiya rejiminin sərt tətbiq olunduğu aylarda da ASC rəhbərliyi öz korruptiv siyasətini yumaşaltmamışdır. İstər içməli su ilə təminat, istərsə də kanalizasiya təsərrüfatı xidmətlərinin həyata keçirilməsi müstəvisində mürtəce metodlar tətbiq olunmaqdadır.
Bu sətirlərin müəllifinin yaşadığı Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində “Azərsu” ASC-nin yarıtmaz, hətta dağıdıcı fəaliyyəti ciddi narahatlıq doğurur. Belə ki, qəsəbənin Qarabağ küçəsinə su xətti çəkilməsinə baxmayaraq, hər sakinə yeni abonent kimi xəttə qoşulmaq asan müyəssər olmur. “Azərsu” işçiləri onların haqsız tələblərini yerinə yetirməyən potensial su istifadəçisinə ögey yanaşır, xətdən həmin şəxsin evinə boru ayırmır, sağacla təmin etmirlər.
Əsas xətdən evlərə su daşıyacaq boruların çəkilməsində də tam təsərrüfatsızlıq, səmərəsizlik mövcuddur. Hətta olur ki, daha az vaxt, daha az ölçüdə boru sərf eləmək üçün, sakinlərin öz imkanları hesabına döşəmiş olduqları asfalt örtükləri insafsızcasına qoparıb yol üzərindən fərdi həyətlərə xəttlər (“sosok”lar) çəkirlər. Qəti nəzərə almırlar ki, sakinlərin qəsəbədaxili yolların abadlaşdırılması işinə verdii töhfələr də hökumətə dəstək, dövlət büdcəsinə qənaət deməkdir.
P.S. İnternetdə hər addımbaşı “Qorxmazoğlu” su süzgəclərinin reklamına rast gəlirəm. Yalnız adına görə filtr satan firmanı Qorxmaz Hüseynovla əlaqələndirmək niyyətim yoxdur. Sadəcə bir suala cavab axtarıram: Əgər əhaliyə verilən “içməli” su həqiqətən də Qorxmaz Hüseynovun Prezidentə və xalqa dediyi kimi təmiz və keyfiyyətlidirsə, o halda “Qorxmazoğlu” süzgəcləri nəyə lazımdır?
P.S.S. Xatırladaq ki, hələ üç il əvvəl “Azərsu” ASC-nin işçilərinin məqalədə sözü gedən ərazidə qanunsuz pul yığmaları barədə “Kanal7”-nin əməkdaşları sakinlərin dəvəti ilə çəkiliş aparmışlar. Həmin faktın təsdiqi kimi xidmət edən səs yazılarını təqdim edirik: