“Laçın” Ticarət Mərkəzində insident – zinət əşyalarını götürmək istəyən zərgərləri içəri buraxmırlar
Məlum olduğu kimi, 3 gün əvvəl Nazirlər Kabineti yanında Operativ qərargah "Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınmasına yönəlik preventiv tədbirlər çərçivəsində nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzləri və "Mall"ların 23 mart 2020-ci il tarixdə saat 00:00-dan etibarən bir ay müddətinə bağlanması barədə məlumat yaydı.
Bakı şəhərinin məşhur ticarət mərkəzlərindən olan “Laçın” univermağı da fəaliyyətini dayandırıb. Nizami rayonunda, 8-ci kilometr qəsəbəsində, “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında yerləşən ticarət mərkəzinin ikinci mərtəbəsindəki zərgərlik məmulatları sektorunda qızıl alveri ilə məşğul olan ticarətçilər vəzndə yüngül, qiymətdə ağır olan zinət əşyalarının univermaqda uzun müddət nəzarətlərindən kənar qalmasındansa, çıxarıb aparmağı qərara alıblar. Bu məqsədlə ticarət mərkəzinə gələn mal sahiblərini içəri buraxmayıblar, nəticədə onlarla mühafizəçilər arasında qarşıdurma yaranıb.
Ticarətçiləri başa düşmək olar. Bahalı zərgərlik məmulatlarını fəaliyyəti dayanmış univermaqda gözlərindən uzaq saxlamaqdansa, öz evlərində qorumağı, yaxud, satmaq üçün xırda dükanlara çıxarmaq variantını götür-qoy edirlər. Üstəgəl, sözügedən ticarət mərkəzində əvvəllər baş vermiş oğurluq hallarını da xatırlayırlar. Redaksiyamıza daxil olan məlumatın izi ilə ticarət mərkəzinə baş çəkdiyimiz vaxt ünsiyyətdə olduğumuz ticarətçilər bildirdilər ki, bir müddət əvvəl onlardan birinin qısa müddətə baxımsız qoyduğu pencəyinin cibindən 1500 manat pulu oğurlanıb. Univermaq müdiriyyəti şübhəli bilinən mühafizəçini işdən qovsa da, işin polisə düşməsini əngəlləyib. Onu da bildirdilər ki, “Laçın” ticarət mərkəzinin müdiri Natiq Rəhbəroğlu onlarla özünün adına açdığı başqa müəssisəni tərəf kimi göstərərək icarə müqaviləsi bağlayıb. Müqavilədə icarə haqqı hər kvadrat-metr üçün 5-10 manat göstərilsə də, faktiki olaraq icarəçilərdən 80-120 manat pul alır. Əlavə əldə etdiyi külli miqdarda qeyri-leqal gəlirə görə dövlətə vergi verməkdən yayınır.
Həmçinin, müşahidə etdik ki, fəaliyyətinin dayandırılması elan olunsa da, ticarət mərkəzinin bəzi sektorları işləməkdə davam edir. Halbuki, yuxarıda qeyd etdiyimiz kimi, yalnız ərzaq dükanlarının və apteklərin fəaliyyətinə icazə verilib.
Bu və digər məsələlərlə əlaqədar Natiq bəylə əlaqə saxlayıb cavab almaq istəyəndə bir neçə dəfə söhbətdən yayındı. Ən nəhayət, zəngimizi qaldıranda rişxəndlə danışdı. Sözündə bircə məntiqli məqam o oldu ki, ticarət mərkəzinin qızıl sektoruna zinət əşyalarının satıcıları buraxılmayıb: “Onlara təklif olunub ki, gedin, müdirinizlə gəlin, sonra malınızı götürə bilərsiniz”. Hərçənd, bu cavab da sonradan tacirlər tərəfindən təkzib olundu. Dedilər ki, onların çoxu özləri öz mallarının həm müdiri, həm satıcılarıdırlar. Hətta satıcı olsalar da belə, müdirləri satdıqları malları onlara etibar etməsəydi, məlum tədbirlərdən əvvəl də etibar etməzdi”.
Öyrəndik ki, Natiq Rəhbəroğlu əslən laçınlıdır, Xocalıda yaşayıb. Ticarət mərkəzi son illər ərzində bir neçə dəfə əldən-ələ keçib. 2015-ci ildə Məsud Vəliyev dünyasını dəyişəndən sonra ticarət mərkəzinin sahibliyi onun oğlu Sunay Vəliyevə keçib. Bahalı maşın kolleksiyalarını sosial şəbəkələrdə yaymaqla tanınan S.Vəliyev, 2019-cu il fevralın 9-da paytaxtın Xətai rayonu, Zığ yolu küçəsində idarə etdiyi “Mercedes-Benz GLS” markalı, 99-VS-999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1969-cu il təvəllüdlü Müşfiq Əliyevi vuraraq ölümünə səbəb olmuş və hadisə yerindən qaçmışdır. Fakta görə Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmış, polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilmişdi. Amma sadalanan maddələrin ağırlığına baxmayaraq, 3 il 6 ay iş kəsilmiş Sunay Vəliyev artıq azadlıqdadır.
P.S. Bəs görəsən bu ticarət mərkəzinin rəhbərliyi hər ay yüz minlərlə vəsat əldə etmələrinə baxmayaraq cənab Prezidentin Koronovirusla bağlı fonda nə əcəb bir manat da olsa belə vəsait köçürməyir Bu və digər məsələlərlə bağlı gələn sayımızda geniş məlumat dərc edəcəyik.(Heqiqet carcisi.az)