İlhamə Bayramova: “Arzu Məmmədovdan sələmə pul aldığım təsdiqini tapıb”
Xəbər verdiyimiz kimi, Daşkəsən Rayon İcra Hakimiyyəti ilə 2016-cı ilin aprelində Qarabağ döyüşlərində yaralanaraq bir qolunu itirmiş müharibə iştirakçısı Arzu Məmmədov arasında mübahisə yaranıb. Bu haqda ölkə KİV-lərində indiyədək xeyli material dərc olunub. “Yeni Müsavat”da da ötən saylarda bu mövzuda yazılıb.
Xatırladaq ki, Arzu Məmmədovun bəzi saytlarda videomüsahibəsi yayılmışdı. O, müsahibədə Daşkəsən Rayon İcra Hakimiyyətini bəzi məsələlərdə ittiham edib. A.Məmmədov iddia edib ki, yaralanıb hospitalda müalicə aldığı vaxtlarda icra hakimiyyətindən heç kim onunla maraqlanmayıb, baş çəkməyib, problemləri ilə maraqlanmayıb. O, başqa məsələlər barədə də öz narazılığını bildirib.
Bu müsahibə yayıldıqdan sonra Arzu Məmmədovun əmisi qızı, Daşkəsən Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Aida Nağıyevanın adından mətbuata, o cümlədən “Yeni Müsavat”ıın elektron ünvanına müraciət ünvanlanıb. Həmin müraciətin əsasında qəzetimizin 13 fevral, 2017-ci il tarixli sayında yazı ilə çap olunub. Yazı ilə aşağıdakı link vasitəsi ilə tanış olmaq olar:
http://musavat.com/news/bu-ehed-abiyeve-qarsi-ser-bohtan-kampaniyasidir-ih-den-aciqlama_505071.html
Bu günlərdə isə A.Məmmədovla arasında pul mübahisəsi olan İlhamə Bayramovanın müraciəti yayılıb.
İ.Məmmədova bildirir ki, Arzu Məmmədov onun əmisi qızı Bayramova Ləman İslam qızının həyat yoldaşıdır. “Saytlarda gedən ”Qarabağ qazisindən sələmçi, dələduz olmaz" deyə guya Arzu Məmmədova iftira atılır ifadəsinə cavab olaraq bildirirəm ki, Arzu əvvəllər Daşkəsən rayonunda yaşadığı dövrdə “Kapital Bank”ın Daşkəsən filialında kredit şöbəsində işləmiş, sələmə pul vermək işində ustalaşmışdır. Burada da ciddi nöqsanlara yol verməsi səbəbindən həmin bank filialından qovulmuşdur.
İlhamə Bayramova
Məsuliyyətdən yayınmaq məqsədilə rayondan çıxıb getdikdən sonra hərbi hissələrdən birinə müddətdən artıq xidmət edən əsgər kimi işə girmiş, məlum döyüşlər zamanı bir qolunu itirmişdir" - deyə müraciətdə qeyd olunur.
İ.Məmmədovanın sözlərinə görə, A.Məmmədovun valideynləri ilə arasında narazılıq yarandığı üçün atası onu evdən qovub: “Ona başqa ev almaq məqsədilə 2016-cı ilin yanvar ayında bankdan 10 min manat kredit götürərək Arzu Məmmədova vermişlər. Bu məsələ Daşkəsən Rayon Prokurorluğunda araşdırılarkən bank sənədlərində də öz təsdiqini tapıb. Yəni Arzu Məmmədovun kreditlə ev almaq məsələsi aprel döyüşlərindən çox əvvəl olub.
Lakin iddialarında tam yalan olaraq bildirir ki, o, mənimlə görüşdükdən və guya mənim ona ev təklifimdən sonra 2016-cı ilin iyul-avqust aylarında valideynləri kredit götürüblər. Guya atasının onun oğlunun gözünü əməliyyat etdirmək üçün illər öncə evini satdığı barədə yazdıqları yalandır. Bildirirəm ki, hazırda onun atası Ramiz Məmmədov Daşkəsən şəhəri T.İsmayılov küçəsi, bina 9, mənzil 16 ünvanındakı mənzilində yaşayır və heç zaman (Arzunun özünün doğulub böyüdüyü) evini satmayıb".
İlhamə Bayramova bildirir ki, pula ehtiyacı olduğundan 2016-cı ilin iyul ayında ondan 6 min manat sələmlə pul götürüb. Sonradan Arzu Məmmədovun pulunu sələmi ilə birlikdə hissə-hissə qaytarıb: “Rayon prokurorluğunda Arzu Məmmədovun iddiası hər ikimizin iştirakı ilə araşdırılarkən məhkəmənin qərarı əsasında əldə edilmiş onunla mənim aramızda olan telefon danışıqlarından, mesajlardan, pulu və sələmini qaytardığımı təsdiq edən şahidlərin ifadələrindən mübahisəmizin əsl səbəbi tam öz təsdiqini taparaq sübut olunmuşdur. Məlum olmuşdur ki, mənim Arzu Məmmədovdan ev məsələsi ilə bağlı aldadaraq pul almağım yalandır. Bu, sələmlə verilmiş borc pul mübahisəsidir”.
İ.Bayramovanın sözlərinə görə, A.Məmmədovun şikayəti ilə bağlı məsələyə rayon prokurorluğunda xitam verilməsi barədə 13.11.2017-ci il tarixdə məlumat verilsə də qarşı tərəf bundan xəbərsiz olduğunu iddia edir: “Təkrarən qeyd edirəm ki, Arzu Məmmədovla aramızda yaranan mübahisə ev almaq üçün deyil, mənim ondan 10 faizlə sələmə pul götürməyimlə bağlıdır. Daşkəsən Rayon İcra Hakimiyyətinin bu məsələyə heç bir aidiyyəti və bağlılığı yoxdur. Bu bizim şəxsi məsələmizdir. Mən heç vaxt Arzu Məmmədovdan Gəncə şəhərində ev verilməsi müqabilində onun dediyi kimi, 20 min manat pul istəməmişəm”.
İlhamə Bayramova bildirir ki, A.Məmmədov onun barəsində sosial şəbəkələrdə yaymış olduğu məlumatlarla bağlı şərəf və ləyaqətini alçaltdığına görə məhkəməyə müraciət edib: “Həmçinin Arzu Məmmədov iddia edir ki, o, Bakı şəhərində xəstəxanada yatarkən onun yanına Daşkəsən rayonundan vəzifəli şəxslərdən heç kim gəlməyib, onunla maraqlanmayıb. Lakin Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısının tapşırığı ilə mən özüm icra hakimiyyətinin məsul işçisi kimi, eyni zamanda bir neçə idarə, müəssisə rəhbərləri də ona baş çəkmişik. Bunu cənab prezidentin hospitalda yaralılarla və onların ailələri ilə görüşərkən çəkilmiş videolarda görmək olar. Həmin görüşdə şəxsən mən özüm iştirak etmişəm. Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən hər zaman ailəsinə diqqət və qayğı ilə yanaşılıb”.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”