Çingiz Qənizadə: “Prezident hər zaman xalqın yanındadır, büdcə imkanlarından vətəndaşların xeyrinə istifadə edilir”; Gövhər Baxşəliyeva: “Prezidentin son sərəncamları sosial islahatların növbəti inqilabi mərhələsidir”
Azərbaycan hakimiyyəti sabitliyin yeni formulunu artıq yeni fazaya keçirib. İqtidar müxtəlif zümrələrlə, həssas kontingentlərlə işləməyə üstünlük verir. Bu proqram şəhid ailələrinə qan pulunun ödənilməsindən başlayaraq problemli kreditlərin həlli, minimum əmək haqqının 6 ayda iki dəfə artırılmasına qədər əhatə elədi.
Prezidentin vətəndaşlarla görüşləri, şikayət məktublarını əlbəəl alması, məhkəmə-hüquq sistemində islahatlara başlandığının elan olunması hökumətin sabitliklə bağlı tətbiq etməyə başladığı yeni formuladır.
Əyalətlərdə yerli icra hakimiyyətlərinə camaatla işləmək, şikayətlərə baxmaq, mətbuatda ictimailəşdirilən problemləri araşdırmaq tapşırılır, nazirlər bölgələrdə görüşlər keçirir, ən əsası yarım il ərzində iki dəfə minimum əmək haqqının əvvəlcə 50, sonra 40 faiz artırılması ölkədəki mümkün sosial gərginliyi tam azaldıb.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, prezident İlham Əliyevin rəhbərliyi dövründə bütün büdcələr sosialyönümlü olub. Deputatın sözlərinə görə, xüsusilə yanvardan başlayaraq prezidentin verdiyi sosialyönümlü qərarlar, fərmanlar, yanan “Diqlas” ticarət mərkəzində zərərçəkən sahibkarlara dövlətin yardımı birmənalı olaraq hamı tərəfindən alqışlandı.
Ç.Qənizadə qeyd etdi ki, ardınca 849 min nəfəri əhatə edən problemli kreditlərin həlli ilə bağlı qərar insanlara böyük dəstək oldu: “Eyni zamanda köçkünlərin, tələbələrin müavinətlərinin, əmək haqlarının artırılması bütövlükdə 3 milyon insanı ehtiva etdi. Bu, hələ ilin əvvəlində atılan addımlar idi. Vətəndaşlar prezidentin onların yanında olduğunu, problemlərini həll etdiyini gördü. Bir neçə gün əvvəl isə 2 milyon insanı əhatə edən minimum əmək haqqının 40 faiz artırılması, vətəndaşların sosial rifahına yönəlik addımlar atılması göstərdi ki, prezident hər zaman xalqın yanındadır, büdcə imkanlarından vətəndaşların xeyrinə istifadə edilir”.
Komitə üzvü bildirdi ki, vətəndaşlar ən çox sosial problemlərdən şikayət edirdilər: “Cənab prezidentin icra başçılarına tapşırığı varıydı ki, xalqın içində olsunlar, şikayətlərini dinləsinlər. Bundan sonra məmurların sakinlərin problemlərini şəxsən dinləməsi, vətəndaş üçün vəzifəli şəxsin əlçatan olması şikayətlərin yerində həllinə gətirib çıxardı.
Artıq bölgələrdən insanlar yuxarı instansiyalara əvvəlki qədər müraciət etmirlər. Mən bunu məhkəmə hakimiyyətinə aid etmirəm, hələ də bu istiqamətdə problemlər var".
Ç.Qənizadə bildirdi ki, dövlət başçısı sosial problemlərin həlli üçün maliyyə mövcudluğundan istifadə edir: “İnsanlar onun dəstəyini görür. Bu, hələ son deyil, yeni-yeni addımlar atılacaq.
Onu da deməliyəm ki, maaş artımı həm də digər sahələrdə çalışanları məsuliyyəti olmağa vadar edir. Məsələn, hakim 3-4 min manat maaş alanda qeyri-prosessual addım atmaqdan çəkinir. Ona görə də prezidentin sosial rifahın yaxşılaşdırılması istiqamətində islahatları davam edəcək, yeni-yeni addımların şahidi olacağıq".
Deputat Gövhər Baxşəliyeva isə sia.az-a deyib ki, prezident tərəfindən imzalanan sosialyönümlü sənədlərin hər biri Azərbaycan vətəndaşının rifahının yüksəldilməsi, ölkənin mövqeyinin daha da gücləndirilməsinə xidmət edir.
O bildirib ki, iyunun 18-də prezident tərəfindən bu istiqamətdə imzalanan 17 sənəd ölkəmizdə həyata keçirilən siyasətin vətəndaşlarımızın sosial müdafiəsinin daha da yüksəldilməsinin prioritet istiqamət olduğunu sübut edir.
“Minimum aylıq əmək haqqının 180 manatdan 250 manata çatdırılması, dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50 faiz, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılması haqqında son sərəncamları ölkədə həyata keçirilən sosial islahatların növbəti inqilabi mərhələsidir”, - deyə xanım deputat vurğulayıb.
G.Baxşəliyeva qeyd edib ki, bu addım ümumilikdə dövlət və özəl sektorda çalışanların gələcək sosial təminatlarına da müsbət təsir edəcək: “Çünki artan əməkhaqlarından sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ödəmələr də çoxalır. Belə olan halda işçinin fərdi hesabındakı pensiya daha da artır”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”