Əgər uşaq döyülərsə, gələcəkdə onda xərçəng, ürək və astma xəstəliklərinin inkişaf edəcəyi istisna edilmir. Böyük Britaniyanın Plimut Universitetinin bir qrup alimi bu fikirdədir.
Ekspertlərin fikrincə, fiziki təsir və ya qışqırmaq nəticəsində yaranan güclü stress uşağı xəstəliklərə meylli edə bilər. Həmçinin uşaqlıqda fiziki və ya seksual zorakılığa məruz qalmağın xroniki xəstəliklərə səbəb olduğunu güman etməyə əsas vardır.
Ekspertlər Səudiyyə Ərəbistanında sağlamlığından şikayəti olmayan 250 nəfər yaşlı şəxs arasında sorğu aparıblar. Alimlər onların uşaqlıq illəri ilə maraqlanıblar. Habelə 150 ürək, 150 xərçəng və 150 astma xəstəsi arasında da sorğu aparılıb.
Tədqiqatçılar könüllülərin uşaq yaşlarında nə qədər tez-tez döyülmələri və ya təhqir olunmaları ilə maraqlanıb. Məlum olub ki, xərçəng xəstəsi olan şəxs uşaqlıqda 70 faiz daha çox zorakılığa məruz qalıb. Ürək xəstəlikləri bu ehtimalın 30 faiz artımına, astma isə 60 faiz uyğun gəlib. Universitetin Psixologiya məktəbinin professoru Maykl Hiland əmindir ki, gənc yaşda alınan belə mənəvi zədələr insanın həyatında həmişəlik iz qoyur.
Beləliklə, tədqiqat döyməyin tərbiyə üsulu kimi işə yaramadığını göstərib.