Şəhid qardaşı “Azərişıq” ASC-nə “od püskürür”- NARAZILIQ
Bu günlərdə redaksiyamıza Tovuz rayonu, Qovlar şəhəri, N. Gəncəvi küçəsi, ev-1 ünvanında yaşayan
şəhid Kazımov Azər Nurəddin oğlunun qardaşı Kazımov Qəzənfər Nürəddin oğlu tərəfindən şikayət ərizəsi daxil olub. Qəzənfər Kazımov ünvanladığı ərizəsində bildirir ki, “Mən əski sovet dönəmindən başlayaraq Tovuz rayonundakı M.B.Qasımov adına sovxozun fəhlə yeməkxanasında 1999-cu ilə kimi işləmişəm və bu gün də həmin yeməkxana şəxsi mülkiyyətimdədir. 18 aprel 1999-cu il tarixdə M.B.Qasımov adına sovxozun rəhbərliyi Üİ və EM-nin Yerli Aqrar İslahat Komisiyasının qərarı ilə, həmin fəhlə yeməkxanasını mənə satdı və Qanunvericiliyin tələblərinə uyğun olaraq obyektin sənədləşdirilməsi işləri də adıma rəsmləşdirildi. Şəxsi mülkiyyətimdə olan həmin obyektə yeni çıxarış əldə etmək üçün DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə ərizə ilə müraciət etdim və bu dövlət qurumu mənə yeni çıxarış verməkdən imtina etdi. Qarşı tərəf imtina cavabı verilməsini onunla əsaslandırdı ki, Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 saylı qərarına əsasən, həmin obyekt gərginliyi 1000 kV-luq elektrik xəttinin mühafizə zolağının 10 metrliyində yerləşir. Bəli, həmin obyektə baxış keçirilərkən bəlli oldu ki, obyektin yaxınlığından yüksək gərginlikli hava elektrik xəttı keçir və belə bir səbəbdən də, obyektə yeni çıxarış verilməsindən imtina olunmuşdur. Məlumat üçün qeyd edim ki, həmin obyekt Qovlar şəhəri, Şəhriyar küçəsi, Mərkəzi İstirahət Parkının yaxınlığında yerləşir və 2011-ci ilə kimi həmin obyektin yaxınlığından yüksək gərginlikli hava elektrik xətti keçməyib. 2011-ci ildə Mərkəzi İstirahət Parkında çayxana tikdilər və yüksək gərginlikli hava xəttini isə, şəxsi mülkiyyətimdə olan obyektimin yaxınlığından keçirdilər. Bu işdə nə mənim, nə də ki, hansısa kənar şəxs(lər)in heç bir günahı yoxdur. Əsl günah sahibi, 2011-ci ildə yüksək gərginlikli hava elektrik xəttinin obyektimin yaxınlığından keçməsinə şərait yaradıb imkan verən Tovuz Elektrik Şəbəkəsi olmuşdur.
Yüksək gərginlikli hava xəttinin yeraltı xətlə əvəz olunması üçün, 2023-cü ilin oktyabr ayında Tovuz Elektrik Şəbəkəsinin rəhbərliyinə və Tovuzdakı “ASAN XİDMƏT” mərkəzinə ərizə ilə müraciət etdim. Ərizəmdə onu da göstərdim ki, şəxsi mülkiyyətimdə olan obyektimin yaxınlığından keçən yüksək gərginlikli hava xəttinin yeraltı xətlə əvəz olunmasına görə, lazım olan bütün xərcləri öz üzərimə götürməyə hazıram. Çox təəssüflər olsun ki, “Azərişıq” ASC-nin rəsmləri bu günə kimi ortaya müxtəlif bəhanələr gətirir və hələ də bizi süründürməklə məşğul olurlar. İstərdim ki, bir şəhid ailəsinin üzvü olaraq mənə qarşı davam etdirilən bu cür özbaşınalığa, laqeyidliyə, süründürməçiliyə son qoyulsun və obyektimin yaxınlığından keçən yüksək gərginlikli hava xətti yeraltı xətlə əvəz olunsun. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
Mövzuya qayıdacağıq.
Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!