O, Polad Bülbüloğluna başqa ad deyirdi – Səsi ilə insanları sehrləyən ŞÖVKƏT
O bir zamanlar Azərbaycanın ən məşhur və ən sevilən qadını idi. Allah adına layiq ömür vermişdi ona - şanlı, şöhrətli, şövkətli olmuşdu Azərbaycanın Xalq artisti Şövkət Ələkbərova. Lakin şöhrətin zirvəsindəykən belə, Şövkət xanım sadə, canayaxın, kübar, xanım - xatın və ən əsası da mehriban ana obrazında idi. Heç kim onda nə eqoizm, nə yekəxana bir əda, nə ulduzluq iddiası görməmişdi.
Bu gün böyük sənətkarın anadan olmasından düz 101 il ötür. Şövkət xanımın sağlığında elə bəstəkar yox idi ki, mahnısını onun oxumasını istəməsin. Şövkət xanımın həzin, bulaq kimi qaynayan səsində istənilən mahnı sevilir, populyarlaşırdı. Sehrli pəri idi, sanki, kimin ömrünə toxunurdu, ona nur verirdi, can verirdi. Bir tək öz şəxsi həyatına gücü yetməmişdi. İtkilərlə, ayrılıqlarla, hüznlə dolu idi ömrü hamının üzünə gülümsəyən Şövkət xanımın.
Şövkət xanım iki dəfə ailə həyatı qurub, ikisi də uğursuz olub. İlk yoldaşı hərbi həkim idi. Lakin ailənin ömrü uzun olmayıb. Bu evlilikdən Şövkət xanımın Natella adında qızı vardı. İkinci həyat yoldaşı Lətif Səfərov məşhur kinorejissor, tanınmış ssenarist idi. İntiharla ömrünə son qoymuşdu, ondan Bəşir adlı oğlan övladı yadigar qalıb.
Əslində o, beş övlad böyüdüb. Üç qardaşı müharibəyə gedib, böyük qardaşı Mirələkbərin üç balasını böyüdüb, toylarını edib.
Şövkət xanıma sənət yolunda ilk xeyir-duanı dahi Üzeyir Hacıbəyov vermişdi, özü onlarla xalq artistinin, böyük sənətkarın yetişməsində rol oynamışdı.
Şövkət xanımın ifasında ən sevilən nəğmələrdən biri olan "Oxu gözəl " mahnısının sözlərini böyük şair Səməd Vurğun məhz onun üçün yazmışdı - Oxu gözəl, oxu gözəl, qoy səsin, ürəyimdə kaman kimi titrəsin...
Bu gün onu çox sevən insanlarla birlikdə xatırlayırıq.
Unudulmaz müğənnimiz Akif İslamzadənin Şövkət xanımla bağlı Lent.az-a dedikləri:
Şövkət xanımı sənətdən anlayan hər kəs sevir. Zamanında xalq da , dövlət də ona layiqli qiymət verib. Bu dünyada heç kəs heç kəsin yerin tutmur, bu şübhəsizdir, amma Şövkət xanım özündən sonra elə bir iz, elə bir məktəb qoyub getdi ki, əsrlər keçsə də, unudulmayacaq. O nəinki mənim, yüzlərlə sənətkarın sənət yoluna işıq tutub. Polad Bülbüloğlunun mahnılarının ilk ifaçısı Şövkət xanım idi. Şövkət xanım ona "Polad Bülbülün oğlu" deyirdi. Bülbülü çox sevdiyi üçün. O böyüyün - kiçiyin yerini bilən son dərəcə mədəni xanım idi. Şövkət xanımda əsla qısqanclıq, paxıllıq yox idi. Allah ona rəhmət eləsin, anamla yaxın dost idilər, gediş-gəlişimiz olub. Şövkət xanım sənətində nə qədər yüksəklərdə dayanırdısa, bir o qədər də yüksək insani keyfiyyətlərə malik idi.
Əməkdar artist Almaz Orucova:
Şövkət xanım məncə özünü müğənni adlandıran hər kəsin müəllimidir. O böyük bir məktəb qoyub getdi. Bir neçə nəslin musiqi zövqünün formalaşmasında məhz Şövkət xanımın ifalarının böyük rolu var və bundan sonra da olacaq. Şövkət xanımın xarakteri, mədəniyyəti, bütün varlığı biz tələbələri üçün örnək, məktəb idi. Onu ömrüm olduqca ana kimi xatırlayacam. Qayğıkeş, mehriban, həlim, tələbkar, sevgi dolu ana. Çox vaxt müəllim tələbəsi ondan yüksəkdə olmasın deyə, sənətin bütün sirlərini açmır. Şövkət Ələkbərova peşəsinin bütün incəliklərini tələbələrinə aşılayırdı. Ona görə də Şövkət xanımın tələbələri hamısı fəxri adlar alıblar, hamısı "Əməkdar artis", "Xalq artisti" titullarını daşıyırlar.//lent.az//