Sumqayıtı KİMLƏR... NECƏ İDARƏ EDİR? - İTTİHAM VAR...
Artıq, neçə vaxtdır ki, ölkə mətbuatında Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcovla, sahibkarlar arasında davam edən səs-küylü borc qalmaqlı barədə ciddi araşdırma yazıları dərc olunur. Deyilənlərdən və media vasitələrinin etibarlı mənbələrinin verdikləri şübhə doğurmayan məlumatlardan məlum olur ki, uzun zamandır ölkənin üçüncü böyük şəhərinə rəhbərlik edən Zakir Fərəcovla sahibkarlar arasında gündən-günə artan bu haqlı narazılığın əsas baiskarı İcra Hakimiyyətində böyük vəzifə tutan Gündüz Əliyevdir.
Elə, bu barədə, həm araz.az-ın verdiyi çoxsaylı yazılarda xüsusi olaraq vurğulananların, həm də mətbuat üzərindən apardığımız daha bir dərin jurnalist araşdırmamızın son məntiqi nəticəsi də, deyilənləri bir daha təsdiq edir. Bu təsdiqin özü belə dəhşət doğurur: İcra başçısının törətdiyi qanunsuz bütün saxta işlərində, necə deyərlər, onun “sağ əli” hesab olunan Gündüz Əliyev, Zakir Fərəcova ünvanlanan saysız-hesabsız haqlı sahibkar müraciətlərinin hər dəfə qarşısını alır və beləcə, şəhər rəhbərinin mətbuatda gündəm olmasına bilərəkdən “münbit şərait yaradır”.
Bəd əməllər sahibi Gündüz Əliyev barəsində daha bir xatırlatma
Bu yerdə, bir daha qayıdaq hamını narahat edən Sumqayıtdakı idarəçiliyin kimin əlində olması məsələsinə. Qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyətində rəhbər postunu xeyli müddətdir ələ keçirən və bərk-bərk tutaraq, buraxmaq istəməyən Zakir Fərəcovun, faktiki olaraq, bir-neçə müavini var. Müxtəlif sahələr üzrə təyinatı olan bu müavinlər, icra başçısı yerində olmayan zaman, şəhərin idarəçiliyini həyata keçirməlidirlər. Di gəl ki, şəhərin belə bir məqamda idarəçiliyini, faktiki olaraq, İcra Hakimiyyətinin şöbə müdiri Gündüz Əliyev həyata keçirir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin Ərazi İdarəetmə Şöbəsinin müdiri olan bu şəxslə birlikdə, şəhər səhiyyəsində ciddi yeyintiyə yol verən Gülnar Bayramova və Elxan adlı şəxs bu yaxınlarda həbs olundular. Amma Gündüz Əliyevi içəridə saxlamaq mümkün olmadı. İndi isə, bu qatı cinayətkarlar haqqında məhkəmə istintaqı gedir. Lakin məhkəmə prosesləri qəribə tərzdə aparılır. Növbəti məhkəmə iclasının nə vaxt olacağı barədə isə, hələ ki, xəbər yoxdur. Bir sözlə, bu barədə məhkəmənin özündən məlumat almaq belə, biz jurnalistlər üçün də, müşkül bir məsələyə çevrilib. Bir daha xatırladaq ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin apardığı araşdırma zamanı, Sumqayıt səhiyyəsində külli miqdarda yeyinti faktı olduğu aşkar olunub. Bir sözlə,yoxlama zamanı məlum olub ki, sözügedən şöbə müdiri, yaxın qohumu olan və Baş mühasib vəzifəsində çalışan Gülnar Bayramova və iş adamı Elxanla əlbir olaraq, dövlətin 5.5 milyon manat pulunu mənimsəyiblər. Rəsmi açıqlamaya görə, onlar, Gündüz Əliyevlə bərabər, dövlətin milyonlarını mənimsəmək üçün, hətta 41 MMC yaradıblar.
Yeri gəlmişkən, bir daha qeyd etmək istəyirik ki, Sumqayıtın icra başçısı Zakir Fərəcovun əsas adamı və “sağ əli” kimi tanınan, eləcə də şəhər üzrə həyata keçirilən bütün tenderlərə nəzarət edən Gündüz Əliyevin həbs olunma ehtimalı çox yüksəkdir. Lakin ictimaiyyət üçün də, çox maraqlıdır ki, ağır mənimsəmə cinayətində ittiham olunan bu şəxs, məhbəsdə cəza çəkmək əvəzinə, indiyə qədər, öz vəzifəsində nə üçün işləyir?!Hər gün işə çıxan bu şəxsin özü isə, çoxlarının yanında belə deyib ki, ona kimsə, heç nə edə bilməz: “Baxın, məni tutsalar da, dərhal üzr istəyib, buraxdılar! Özünüz deyin, Zakir Fərəcov kimi bir başçıya sadiq adamı, vəzifə sahibini tutmaq mümkündürmü?! Bu böyük şəhərin qanun-qaydaları da, onun özünün düşündükləri deməkdir!”.
Onu da qeyd edək ki, son vaxtlar, sosial şəbəkələrdə, internet səhifələrində, mətbu orqanlarda bu şöbə müdirinin Sumqayıtdakı dəyəri 5 milyon manat hesablanan “gözqamaşdırıcı” daha bir obyektinin fotosu yayıldı. Bu barədə, redaksiyalara ötürülən məlumatlara görə, Sumqayıt Bulvarında inşa edilən bu obyekt əyləncə üçündür. Şöbə müdirinin bu qədər bahalı obyekti hansı pullar hesabına tikdirdiyi, mənimsəmə barədə, əksəriyyət arasında şübhə yaratdı. Düşünürdük ki, Sumqayıt Şəhər Ağır Cinayətlər Məhkəməsində gedən mübahisəli proses nəticəsində, məlum olacaq ki, Gündüz Əliyev həmin obyekti məhz səhiyyə, təhsil və digər sahələrdən “qazandığı” haram pullar hesabına ərsəyə gətirib. Lakin belə olmadı. Bu barədə, mətbuatın, eləcə də araz.az-ın aldığı son məlumatlara görə, Gündüz Əliyev, səhiyyədəki dəhşət doğuran və istintaqla rəsmən təsdiqlənən məlum yeyinti faktlarına görə, canını məsuliyyətdən qurtara bilməyəcək: Hətta qarşıda onu daha iki həlledilməz ciddi problem də gözləyəcək!
Deyilənlər bir yana, amma reallıq və gördüklərimizin son nəticə budur: Gündüz Əliyevə “gözün üstə, qaşın var deyən yoxdur!”. Buna görədir ki, şöbə müdiri Təhsil Idarəsində keçirilən yoxlamalara əsasən, əsl cinayətkar kimi, məsuliyyətə cəlb olunsa da, indi bayırda, özü də, öz vəzifəsindədir. Bəyəm, onun çəkisi, mənimsənilən 6 milyona yaxın dövlət pulundan daha ağırdır?! Bundan başqa, bu şəhərdə, 2016-cı ildən indiyə qədər həyata keçirilən tikinti və yenidənqurma işlərinə görə, yaranmış səs-küylü borc qalmaqalı da, onun nüfuzu qarşısında belə acizləşə bilərmi?!
Media mənsubları olaraq, biz, belə düçünürdük ki, Gündüz Əliyev üçün, deyilənlər ciddi bir problemə çevriləcək. Çünki həmin işləri həyata keçirən şirkət rəhbəri iş adamlarının pulları, indiyə qədər, tam olaraq ödənməyib. Bu məbləğ isə, 8 milyon manatdan çoxdur.
Mətbuatın aldığı son məlumata görə, iş adamları dəfələrlə Gündüz Əliyevdən şikayət ediblər. Onlar ölkə başçısına, rəsmi qurumlara şikayət xarakterli müraciətlər də, ünvanlayıblar. Həmin müraciətlərin qısa xarakteri də belədir: “Bizim, kimsə ilə, qərəzimiz yoxdur. Bizim üçün, dəyərli dövlət və dövlətçiıiyimiz anlayışı ən əsas olandır. Eyni zamanda, dövlətimizin qoyduğu qanunlar da, bu sırada. Əgər dövllət qulluqçusu dövlətin milyonlarını mənimsəyir, qanunları Gündüz Əliyev kimi pozur və sonda, vəzifə icra edirsə, biz bu xalqa nə cavab verək?! Hələ, deyilənlər azmış kimi, Gündüz Əliyev, hər yerdə açıq şəkildə bəyan edir ki, guya, haqq-hesabını prokurorluq və məhkəmə orqanlarına çatdırıb, bəraətini gözləyir. Kim nə yazırsa, yazsın, onun üçün maraqlı deyil.
Belə bir səlahiyyət səlahiyyət sahibində, bu qədər arxayınçılığın haradan yarandığı, media əməkdaşları olaraq, bizə də maraqlıdır. Ümid edirik ki, aidiyyatı dövlət qurumları bunu ciddi şəkildə araşdırıb, cavab verəcək. Biz dövlətimizə inanırıq, bu cür adamlar isə, öz bəd əməlləriylə, ictimaiyyət arasında dövlət orqanlarına inamsızlıq yaradırlar. Bütün bu olanlardan sonra, hər kəsi bir sual düşündürür: “Gündüz Əliyev, nədən, bu günə kimi vəzifəsində saxlanılır və həbs olunmur?” Bəyəm,, adına cinayət işi açılmış şəxs dövlət qulluğunda iş icra edə bilər?!
Dəyərli oxucularımız, məsələ ciddi olduğundan, bu, bir media vasitəsinin əməkdaşları olaraq, aidiyyatı dövlət qurumları tərəfindən vicdan çərçivəsində yoluna qoyulana və həllini tapanadək,daim diqqətimizdə olacaq, mövzu ilə bağlı dərin jurnalist araşdırmalarımızı davam etdirəcəyik. Növbəti yazılarımızı izləməyi unutmayın. //araz.az/
Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!