İspaniya La Liqasında mübarizə aparan "Las Palmas"ın yarımmüdafiəçisi Xonatan Viera karyerasını Çində davam etdirəcək.
Nyus.Az goal.az-a istinadən xəbər verir ki, 28 yaşlı havbek "Beijin Quoan" klubu ilə anlaşıb. Bu transfer "Las Palmas"a 23 milyon avro qazandıracaq.
Yarımmüdafiəçinin məvacibi vergilər çıxıldıqdan sonra 6 milyon avro təşkil edəcək. Daha 2 milyon avro bonus kimi nəzərdə tutulur. Bir neçə gün öncə verdiyi açıqlamada futbolçu Çinə maddi səbəblərdən getmək istədiyini etiraf etmişdi.
"Bu transfer ailəm üçün hər şeyi dəyişdirəcək. Bu barədə uzun müddət düşünməyimiz normaldır. Məni muzdlu hesab edən kəslərə heç nə deməyəcəm. Nə istəyirlər, deyə bilərlər. Amma çoxları bilir ki, "Las Palmas"da qalmaq üçün məvacibin azalmasına razı olmuşam" - Pekin klubundan təklif aldığı zaman Viera bildirmişdi.
"Las Palmas" və ispaniyalı futbolçu arasındakı razılaşmaya əsasən o, "Beijin Quoan"ı tərk etsə, əvvəlki klubuna qayıdacaq. Eyni zamanda Vieranın 3-cü kluba transfer qiymətinin 30% Kanar təmsilçisinə çatacaq.