İtaliyanın Viçensa şəhərinin polisləri 8 il boyunca öz işini yerinə yetirməmiş poçtalyonu həbs ediblər.
O, bütün məktubları və digər göndərişləri evinə gətirib, qarajında saxlayırmış. Bu tənbəl poçtalyonun həbs olunmasına isə makulatura yığanların şikayəti səbəb olub. Makulatura qəbulu punktunun əməkdaşları konveyerlərdən birində, içində çatdırılmamış məktubların olduğu 43 qutu görüncə polisə bu barədə məlumat veriblər. Hüquq-mühafizə orqanları bunu kimin gətirdiyini tez bir müddətdə aydınlaşdırıblar. Onlar yerli poçtalyonun kottecini axtarandan sonra içəridə minlərlə ünvanına çatmayan məktub aşkarlayıblar.
Poçt işçisinin evindən ümumən 572 kilo kağız çıxarılıb. Bunların arasında hesablar, bank göndərişləri, reklam broşüraları və şəxsi məktublar da olub. Poçtalyon onlardan heç birini ünvanına çatdırmaq istəməyib. Şəhərin poçt xidməti isə bütün bu məktubları və göndərişləri ünvanına çatdıracağını vəd edib. Baxmayaraq ki, onların hamısı öz aktuallığını itirib.
2016-cı ilin yayında Zabaykalyedə poçt əməkdaşını məktubları şəhər kənarındakı meşəyə atdığı üçün həbs ediblər. Göbələk yığanlar tərəfindən aşkarlanan bu məktubların arasında iş və şəxsi xarakterli məktublar, eləcə də tibbi müəssisələr tərəfindən verilmiş arayışlar da olub.