Xalq yazıçısı İsmayıl Şıxlı haqqında nəşr olunmuş yeni kitab “Dəli Kür ömrü” adlanır. Şair-publisist Elşin İsmayılın tərtibatçılığı ilə cap olunmuş yeni kitabda müxtəlif illərdə, müxtəlif müəlliflər tərəfindən yazılmış xatirələr və ədib haqqında elmi məqalələr toplanmışdır.
“Dəli Kür ömrü” kitabı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq çap olunmuşdur. Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə nəşr olunmuş kitabda Xalq yazıçısının keçdiyi mənalı və zəngin yaradıcılıq yolu müxtəlif ölkələrdə yaşamış və yaşayan dövlət və elm xadimlərinin, şair, yazıçı və ayrı-ayrı incəsənət xadimlərinin yazdıqları xatirələrin dili ilə işıqlandırılmışdır. Vaxtilə Azərbaycan Pedaqoji İnstitutunda dərs dediyi tələbələrin qələmə aldıqları xatirələrdə İsmayıl Şıxlının sevimli müəllimi kimi işıqlı siması canlandırılmışdır.
Akademik Teymur Bünyadov, millət vəkili Elmira Axundova və Nizami Cəfərovun, Xalq şairi Nəriman Həsənzadənin, Qabilin və Sabir Rüstəmxanlının, rus yazıçılarından İrina Novinskaya və Anatoli İvanovun, professor Rüstəm Kamal, Buludxaan Xəlilov və Himalay Qasımovun, Xalq artisti Ələddin Abbasov və başqa yaradıcı insanların xatirələri kitabı daha da oxunaqlı və maraqlı etmişdir.
“Dəli Kür ömrü” kitabı Azərbaycan oxucularına Dağlıq Qarabağ münaqişəsindən bəhs edən “Bu, əsl faciə idi”, Ulu öndər Heydər Əliyevə həsr olunmuş “Böyük ömrün Qazax salnaməsi”, Səməd Vurğunun xatirələri toplanmış “Deyilən söz yadigardır”, müxtəlif illərdə yazdığı şeirlərin toplandığı “Dünya məni qəbul elə”, ”Daha payızdandı” adlı publisist və şeir kitablarının müəllifi kimi tanınmış şair-publisist Elçin İsmayılın kitabsevərlərlə doqquuzuncu görüşüdür. İsmayıl Şıxlının müxtəlif illərdə çəkdirdiyi şəkillərdən ibarət albomda isə ədibin həyat yolu fotoların dili ilə canlandırılmışdır.
Xalq yazıçısı İsmayıl Şıxlıya həsr olunmuş “Dəli Kür ömrü” kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.