Xatırlatma: Ümummilli lider Heydər Əliyevin tarixi çıxışı hər bir azərbaycanlının qəlbində dərin izlərlə kök salıb. Həmin çıxışında Heydər Əliyev Bakıda ağacların kəsilməsini “öz uşaqlarının başının kəsilməsi” adlandırmışdı. O məşhur çıxışda Heydər Əliyev demişdi: “Bakıda bir ağacı əkib böyütmək bir il bir övladı böyütməyə bərabərdir. Çünki Bakıda ağac əkmək çətindir. Vaxtilə Bakıda ağaclar yox idi. İyirminci illərdə Bakıya gələn Maksim Qorkinin,Vladimir Mayakovskinin sözlərini yadınıza salın: “Bakıda cəmisi iki-üç dənə ağac gördüm”. Amma biz Bakını yaşıllaşdırdıq. Küçələri, meydanları, o cümlədən, Bakıxanov, Badamdar qəsəbəsini Bakıdan hava limanına gedən yolu yaşıllaşdırdıq. “Xalqlar Dostluğu” parkını, oradakı ağacları nə əziyyətlə saldıq. Biz iməciliklər keçirirdik, hər həftədə o ağaclar iki dəfə suvarılırdı. Bu Bakı üçündür, xalq üçündür, təbiət üçündür, Bakının iqlimi üçündür. Bəs bu ağacları kəsib onları baqqalxanaya keçirənlər bu ölkəyə xəyanət etməyiblərmi? O kəsilən ağacları indi bərpa etmək çətindir. Onlar hesab edin ki, mənim balalarımın başını kəsiblər. Onlar gərək haqq-ədalət məhkəməsi qarşısında cavab versinlər. Orda gəlib baqqal dükanları salanlar, özlərinə xüsusi mülklər salanların hamısını dağıtmaq lazımdır, qovmaq lazımdır, uçurtmaq lazımdır”.
Dövlət başçısının ekoloji mühitin qorunması, ağacların, yaşıllıqların məhv edilməsinə rəvac verən şəxslərə dəfələrlə ciddi xəbərdarlıq etməsinə baxmayaraq, paytaxtda hələ də belə neqativ hallara rast gəlinməkdədir. Paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində metronun «Avtovağzal» stansiyasının şəhərə çıxış hissəsinin sağ və sol tərəfində xeyli sayda çoxillik şam ağaclarının məhv edilərək yerində nəhəng obyekt inşa edildiyinin şahidi olmuşuq. İnşaat işlərini aparan, özünü Zaur kimi təqdim edən iş icraçısı sualımızı cavablandıraraq bildirdi ki, tikilməkdə olan obyekt iş adamı olan Süleyman Əliyevə məxsusdur. Əməkdaşımız ona ağacların kəsilməsinin qanunsuz olduğunu xatırladanda Zaur demişdir ki, Süleyman Əliyev dedi ki, mən rayon icra başçısının da, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də «haqqını verərək» iş görürəm, odur ki, nə istəyirsiniz yazın. Sonradan öyrəndik ki, bir müddət öncə sözügedən metrostansiyanın sağ tərəfindəki 70-80 ağacı məhv edərək yerində böyük ticarət mərkəzi tikdirən və sonra da icarəyə verən şəxs də məhz Süleyman Əliyev imiş. Maraqlıdır, görəsən Süleyman bəyin «haqqı» doğrudanmı bu qədər vazkeçilməz dərəcədə böyükdür ki, Binəqədi RİH-nin başçısı Xaləddin İsgəndərov və ETSN-nin yüksək vəzifəli şəxsləri ondan keçə bilmirlər, bütöv bir Yyaşıllıq zolağını məhvinə göz yumurlar