Şəmkirdə baxıcı Mirhəşimin “toxunulmaz şəxs” olmasının kökündə nələr durur?
Bu günlərdə redaksiyamıza Şəmkir rayon mərkəzinə yaxın ərazidə baxıcılıq fəaliyyəti ilə məşğul olan, atdığı addımlarına görə gündəlik xeyli məbləğdə “haqq-hesab” qazanmağı bacaran, indiyə kimi çoxsaylı vətəndaşları dəfələrlə “tora salan” və bütün bunların qarşılığında özünə eni-uzunu bilinməyən tərzdə gözəgəlimli imarət inşa etdirən, həmçinin ötən illər ərzində lazımi qədər var-dövlət əldə etməklə imkanlı bir şəxsə çevrilən baxıcı Mirhəşimin əməlləri ilə bağlı xeyli məlumatlar daxil olub. Daxil olan məlumatlarda bildirilir ki, adı çəkilən bu şəxs müəyyən yaş həddinə çatsa da, həmçinin səhhətində bəzi problemləri olsa da, o, bu gün də tutduğu əməllərindən əl çəkmir ki, çəkmir. Belə bir səbəblər üzündəndir ki, adı Mir və Həşim sözlərinin birləşməsindən əmələ gələn baxıcı Mirhəşimin adı, bu gün ölkəmizin böyük bir regionunda dillər əzbəri olub. Onu da unutmaq olmaz ki, bu şəxsin belə bir yöndə fəaliyyət göstərməsinin uzun illəri əhatə edən tarixçəsi var. Ona görə də, baxıcı Mirhəşim adı ilə tanınan bu şəxsin hüzuruna, bəlkə də gün ərzində yüzlərlə qadın üz tutur. Əldə etdiyimiz şifahi məlumatlara görə o, əksər qadınlara, ailə həyatı qurmaq istəyində olan gənclərə və s. bəxt açacağı yöndə “yağlı vədlər” verir və atdığı addımların qarşılığında müəyyən əşyalar aldırmaqdan əlavə, hətta onların pul-paralarını da ələ keçirməyi bacarır. Amma, bu şəxs nə qədər “bic” və fırıldaq əməllərə, “cızıb-pozduğu oyun qaydalar”ına qol qoysa da, çox keçmir ki, onun atdığı addımların hər biri hər kəsə güntəki aydın olur. Məsələn, baxıcı Mirhəşim adı ilə tanınan bu şəxsin “toruna saldığı” qadınlardan biri də, əslən Naxçvan MR-dan olan Elnarə Əliyevadır. Bu xanım redaksiyamıza ünvanladığı müraciətində qeyd edir: “Mən Bakı şəhərində yaşayıram və ailə həyatı qurduqdan sonra, həyat yollarımda müəyyən problemlərlə üz-üzə qaldım. Günlərin birində rəfiqələrimdən biri mənə məsləhət gördü ki, baxıcı Mirhəşimin hüzuruna üz tutsan o halda problemlərin qaydaya düşəcək. Mən rəfiqəmin məsləhətinə qulaq asıb Şəmkir rayonuna getdim və çox keçmədi ki, adı çəkilən bu şəxsin hüzurunda oldum. Elə ki, baxıcı Mirhəşim məni diqqətlə dinlədi və az sonra “Sən heç də darıxma, elə bir dua yazaram ki, bütün problemlərin qaydaya düşər. Amma, belə bir işlərin müəyyən xərci var” dedikdə, həm ona inandım, həm də onun danışıqlarına şübhələrim oldu. Düzdür, bir neçə dəfə baxıcı Mirhəşimin yanına gedib-qayıtdım və üstüstə 700 manatdan çox xərcim çıxdı, son anda isə, üz-üzə qaldığım problem həllini tapmadı. Günlər keçdi, aylar ötdü, yəni baxıcı Mirhəşimin vəd verdiyi vaxt gəlib çatsa da, istəyimə nail ola bilmədim. O halda başa düşdüm ki, bu şəxs pul əldə etməyin qarşılığında hər cür “oyun qaydaları” oynamağı məharətlə bacarır. Məsələnin düşündürücü tərəfi odur ki, bu şəxsin təkcə Elnarə Əliyevaya qarşı deyil, digər şəxslərə qarşı da düzüb-qoşduğu fırıldaq əməlləri ilə bağlı Şəmkir Rayon Polis Şöbəsi məlumatlı olsa da, nədənsə baxıcı Mirhəşimə bir kimsə “qaşın üstə qara var” demir. Yəni, o, bu gün də Şəmkir rayon ərazisində “kor atı minib köndələn çapır”. O halda sual oluna bilər ki, bu şəxsə hansı vəzifə sahibi “yaşıl işıq” yandırır ki, baxıcı Mirhəşim həl də belə bir addımlarını atmaqda davam edir. Redaksyamıza baxıcı Mirhəşimin əməlləri ilə bağlı məlumatlar daxil olduqdan sonra, tərəfimizdən müəyyən araşdırmalar aparmağı qərara aldıq. İlk olaraq Şəmkir RPŞ-nin rəisi cənab Elnur müəllimlə əlaqə saxlayıb, adı çəkilən şəxsin əməlləri ilə bağlı lazımi məlumatları əldə etmək itəsək də, bu yöndə cəhdimiz baş tutmadı. Belə olan halda məcbur olub RPŞ rəisinin müavini İlqar müəllimlə əlaqə saxladıq. O halda adı çəkilən şəxs “Bu rayonda belə bir şəxs yoxdur. Rayonun polis rəisi narkotik istifadəçilərinə qarşı ciddi mübarizə aparan vəzifə sahibidir” deyə cavab verdi. Əslində polis rəisi müavinin bu yöndə verdiyi cavab, bizi mətləbdən yayındırmağa hesablanmış cavab oldu. Çünki, biz qarşı tərəfdən baxıcı Mirhəşimin əməllərinə münasibət bildirmələrini xahiş etsək də, qarşı tərəfin verdiyi belə bir cavab, əslində başqa məsələlərə aid cavab oldu. Belə olan halda ortaya maraqlı nüanslar çıxır. Yəni necə olur ki, biz Bakı şəhərində ola-ola baxıcı Mirhəşimin ayrı-ayrı şəxslərə qarşı atdığı addımlarla bağlı müəyyən məlumatları əldə edə bilirik və RPŞ-də səlahiyyət sahibi olan şəxsləri bu yöndə məlumatlandırırıq, amma qarşı tərəf belə bir şəxsin olması haqda məlumatsız olur? Bu kimi halların varlığı da, məhz ortaya çoxsaylı suallar çıxarır.
Söylənilənlərə görə, baxıcı Mirhəşimin “toxunulmaz şəxs” statusu qazanmasında Şəmkir RİH-i başçısının da müəyyən rolu var. Yəni, bəzi şəxslərin iddialarında o da vurğulanır ki, rayon rəhbərliyi ara-sıra bu şəxsin təsir imkanlarından yararlandığı üçün, Şəmkirdə baxıcı Mirhəşimə bir kimsə “qaşın üstə qara var” demir. Belə ki, müəyyən çevrədə dolaşan söz-söhbətlərdə o da iddia olunur ki, rayon rəhbərliyi bir növ Baba Rzayevin yolunu gedir. Yəni, icra başçısı ara-sıra baxıcı Mirhəşimi iş otağına dəvət etdirir və “bədnəzərlər”dən uzaq olması üçün, o, özünə “cadu” etdirir. Belə bir münasibətin varlığı da, məhz həmin şəxsin qorxusuz-təhlükəsiz fəaliyyət göstərməsinə yollar açır. Qarşı tərəfin də mövqeyii dinləyə bilərik.