[media=https://www.youtube.com/watch?v=9EaUR-TlaD0]
Azərbaycan Respublikası ikinci dəfə müstəqillik hüququnu əldə etdikdən sonra, ölkəmizin hüquq sistemində köklü islahatlar həyata keçirilməyə başlanıldı. Belə ki, xalqımızın milli, mədəni və tarixi ənənələrinə əsaslanmaqla, demokratik dəyərlərə söykənən cəmiyyətin yaradılmasına xidmət edən islahatlar, ilk növbədə insan hüquq və azadlıqlarının daha da etibarlı şəkildə təmin olunmasına yönəldildi. 1995-ci ildə ümumxalq səsverməsi əsasında qəbul olunmuş Konstitusiyamızın müddəalarının üçdə biri, məhz insan hüquq və azadlıqlarının qorunmasına həsr olundu. Beynəlxalq ekspertlər tərəfindən dünyanın demokratik konstitusiyalarından biri kimi qiymətləndirilən Konstitusiyamızda, məhz Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməl prinsiplərinin qoyulmasına zəmin yaradığı da qeyd olunmuşdu. Həyata keçirilən islahatların nəticəsi olaraq yeni mütərəqqi qanunlar, o cümlədən "Konstitusiya məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" və s. kimi qanunlar, əvvəlkilərdən prinsipcə köklü surətdə fərqləndi. Bütün bu qanunlar demokratik prinsiplər və beynəlxalq hüquq normalarının tələblərinə uyğun hazırlanmış və beynəlxalq ekspertlər tərəfindən də yüksək qiymətləndirilmişdir.
Atılan belə bir addımların varlığına baxmayaraq, son illər daha çox aşağı instansiya məhkəmələrinin bəzilərində baş verən haqsızlıq və ədalətsizliklərlə bağlı vətəndaş narazılığının “pik nöqtə”yə çatmasına əksəriyyət şahiddir. Baxmayaraq ki, Ədliyyə Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən qurumlarda hər il müəyyən islahat proqramları həyata keçirilir, vəzifə sahibi olan şəxslərə üzərlərinə düşən vəzifə borclarını qanunun tələbləri əsasında yerinə yetirmələri yöndə tapşırıqlar verilir. Rəhbərlik tərəfindən belə bir tapşırıqların verilməsinə baxmayaraq, bu gün də bəzi vəzifə sahibləri qanunun tələbləri əsasında deyil, məhz düşündükləri tərzdə addımlarını atmaqdadırlar.
Məsələn, neçə il bundan əvvəldən başlayaraq Sabirabad rayon İcra və Probasiya şöbəsində, adı çəkilən rayonun Kürkəndi kənd sakini Davudov Fəyyaz Davud oğlunun və ailə üzvlərinin üz-üzə qaldıqları haqsızlıqlarla bağlı olaylara diqqət yetirməklə, məhz bu qurumda hansı qanunsuzluqlara qol qoyulmasının şahidi olmaq mümkün olur. Belə ki, 2014-cü ildə bu kəndin sakinləri Davudov Fəyyaz Davud oğlu, Davudova Gülnayib Cocan qızı, Davudov Pərviz Fəyyaz oglu və Davudova Pərvin Fəyyaz qızı iddia ərizəsi ilə Sabirabad rayon Məhkəməsinə müraciət edərək, rayonun Kürkəndi kəndində onlara məxsus 0.25 ha sahəsi olan həyətyanı torpaq sahəsinin 0.08 ha hissəsinin cavabdeh Davudov Fərzi Davud oğlu tərəfındən istifadəsinin dayandırılması, cavabdehin zəbt olunmuş 0,08 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin onlara geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edirlər. Sabirabad Rayon Məhkəməsinin 2(056)-1120/2014 saylı, 02 dekabr 2014-cü il tarixli qətnaməsi ilə iddia təmin olunur və qətnaməsinin icrası Sabirabad rayon İcra və Proparsiya şöbəsinə göndərilir. Məsələnin təəccüb doğuran tərəfi o olur ki, İcra və Proparsiya şöbəsi işin icrasının mümkün olmadığına müəyyən əsaslar gətirməklə ıcra sənədini qeri qaytarır. Həmin vaxtdan bir müddət keçdikdən sonra, Sabirabad rayon Məhkəməsi 22 iyul 2016-cı il tarixdə işin icrasının həyata keçirilməsi üçün, lazımi sənədləri təkrar İcra və Proparsiya şöbəsinə göndərsə də, bu günə kimi adı çəkilən şöbənin əməkdaşları müxtəlif bəhanələr qətirməklə, Sabirabad rayon Məhkəməsinin çıxarmış olduğu qətnaməni yerinə yetirmirlər. Səbəbini də onunla izah edirlər ki, qətnamənin icrasına dair yazılı izah verilməlidir ki, qətnamə neçə və hansı üsulla icra olunsun. Ona görə də məhkəmədən qətnaməyə izah verilməsi barədə ərizələrinin təmin edilməsini xahiş edirlər. Buna baxmayaraq, məhkəmə belə qərara gəlir ki, Sabirabad rayon Məhkəməsinin 02 dekabr 2014-cü il tarixli 2(056)-1120/2014 saylı qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilmiş, qətnamədə aydın olmayan, ikimənalı və anşaşılmayan ifadələr yazılmamış, hüquq ifadələr yerində və dəqiq işlədilmişdir. Ona görə də qətnamədə hər hansı bir çatışmazlıq olmadığından, onun izah edilməsinə də ehtiyac yoxdur. Sabirabad rayon Məhkəməsinin 02 dekabr 2014-cü il tarixli, 2(05.6)-1120/2014 saylı qətnaməsinə izah edilməsindən imtina edilməli, ərizəçilərə icra sənədinin geri qaytarılması haqqında icra məmurunun qərarından müvafiq məhkəməyə şikayət etmək hüququ izah olunmalıdır qərarına gəlir.
Sən demə belə bir olayların kökündə başqa-başqa “əmmalar və müəmmalar” dururmuş. Belə ki, redaksiyamıza yazılı ərizəsini təqdim edən və uzun müddətdən bəri üz-üzə qaldıqları olaylar haqda əməkdaşımıza video-müsahibəsini verən Sabirabad rayonu Kürkəndi kənd sakini Davudov Fəyyaz Davud oğlu bildirir ki, “2015-ci ilin əvvəlində Sabirabad rayon İcra və Proparsiya şöbəsinin icra məmuru Gülmalı Əzizov məni yanına çağırdı və ilk andaca mənə “pul gətirmisən?” deyə sual verdi. Elə ki, ona yox cavabını verdim, o halda o, “məhkəmənin qətnaməsini apar da, o ayaqyolunun yanına at, bəlkə kiməsə lazım oldu” dedi. Sanki, həmin an şoka düşdüm və bir anlığa götür-qoy etdim ki, görəsən icra məmuru vəzifəsini daşıyan bu şəxsə belə bir formada danışmağı, müstəqil Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qətnaməsini aşağılamağa kim ixtiyar verib?
Az sonra Sabirabad rayon İcra və Proparsiya şöbəsinin rəisi Şükür Orucovun qəbulunda oldum və icra məmuru Gülmalı Əzizovun məhkəmə qətnaməsi ilə bağlı ifadə etdiyi aşağılayıcı sözləri onun diqqətinə çatdırdım. O mənə diqqət yetirdi və sanki ağzına “su alıb” durduqdan sonra “de görüm pulun var? Yoxdursa, deməli qərar da icra olunmayacaq. Pul ver ki, biz də icra edək” dedikdə, sanki çaşbaş qaldım. Belə bir haqsızlıqla üz-üzə qaldığımızdan, Ədliyyə Nazirliyinin Şirvan Regional bölməsinin rəisi Nizami Hüseynova rəsmi məktub ünvanlamaq qərarına gəldim. Çox təəssüflər olsun ki, adı çəkilən vəzifə sahibinə bir neçə dəfə rəsmi məktub ünvanlasam da, son anda nəyəsə nail ola bilmədim. Belə olan halda ƏN-nin qaynar xəttinə zəng etdim, hətta Prezident Administrasiyasına da bir neçə dəfə müraciətlərimi ünvanladım. Şöbənin rəisi Şükür Orucov məndən pul ala bilmədiyi üçün, 2015-ci ilin dekabr ayında İcra və Proparsiya şöbəsi məhkəmə qətnaməsinin icra olunmasına xitam verilməsi haqda qərar çıxartdı. Belə olan halda pozulmuş hüquqlarımın bərpasına nail olmaq məqsədilə vəkil tutdum və 70.4-cü maddənin, yəni xitam haqda verilmiş qərarın ləğvi üçün məhkəməyə müraciət etdik. Hakim Təyyar Abbaslının sədliyi ilə keçirilən məhkəmə prosesi zamanı Şükür Orucovun qərarı ləğv olundu və işin icrası təkrar İcra və Proparsiya şöbəsinə göndərildi. Belə bir addımın atılmasına baxmayaraq, bu gün də çıxarılmış məhkəmə qətnaməsi icra olunmur ki, olunmur”.
P.S. Baş verən belə bir olayların varlığı onu söyləməyə əsas verir ki, Sabirabad rayon İcra və Proparsiya şöbəsində qanunların aliliyi deyil, məhz şəxsi maraqların təmin olunması əsas götürülür. Əgər bu belə olmasaydı, o halda Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qətnaməsi İcra və Proparsiya şöbəsində “itbata salınmazdı”. Hətta, heç bir qanun, heç bir halın varlığı icra məmuru vəzifəsini daşıyan Gülmalı Əzizova müstəqil Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qətnaməsini aşağılamağa ixtiyar vermədiyi halda, o, bu yöndə aşağılayıcı sözlərini işlətməkdən belə çəkinmir. Bu da ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır. Məqalədə adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
Mövzunu diqqətdə saxlayayacağıq.
Nyus.Az