Bu məqalənin başlanğıcını oxuyan hər kəs, yəqin ki, mövzunun hansı səbəbdən belə bir başlıq adı altında yazılmasına xüsusi diqqət yetirəcək və gündəlik gözü önündə baş verənləri bir daha yada salacaq. Sözsüz ki, hər kəs o məqamı bir daha yada salacaq ki, hazırda yaşadığımız ictimai həyatın hər sahəsində, o cümlədən səhiyyə sahəsində də saysız-hesabsız problemlər, bənzəri olmayan hoqqalar yaşanmaqdadır. Ələlxüsus, bu gün Şəmkir rayonunun səhiyyəsində elə bir problemlər yaşanır ki, bəlkə də bu problemlərin digər şəhər və rayonların səhiyyə şöbələrində yaşanan problemlərlə heç bir oxşarlığı yoxdur.
Onu da bildirək ki, hələ bir neçə il bundan əvvəl səhiyyəmizdə yaşanan problemlərin varlığı daha çox ictimai müzakirələrə səbəb olurdu. Əksəriyyət o məqamı ittiham edirdi ki, nədən qəbul olunmuş qanunlar kağız üzərində qalır, vətəndaşlara verilmiş imtiyazlar, əksər ixtiyarlar, bir çox təminolunmalar boş-boş vədlərdən başqa bir şey olmur. Məslən, vətəndaşların üz tutduqları dövlət səhiyyə ocaqlarında birbirindən gözəl, yaraşıqlı, gözəgəlimli elanlar divarlardan asılır və o da qeyd olunur ki, “siyahıda olan dərmanlar vətəndaşlara pulsuz verilir”. Görəsən bu həqiqətdir, yoxsa kimlərinsə gözünə kül üfürməkdən başqa bir şey deyil? Məsələn, adicə Şəmkir rayonunun Mərkəzi Xəstəxanasına üz tutursan, o halda hər kəsin üzləşəcəyi ilk mənzərə giriş qapısında dayanıb qapıçılıq edənlərin “bərli-bəzəkli baxışları” olur. Elə ki, bir addım da irəli ayaq basırsan, o halda həkim soyğunçuluğunun, tibb bacılarının, hətta texniki işçilərin belə “nanəli danışıqlar”ını eşitdikcə lap “məst” olursan. Qəbul şöbəsindən tutmuş rentgen otağına qədər insanların sağlamlığına cavabdehlik daşıyan həkimlərin “pulqırma əməlləri” ilə üz-üzə qaldıqda isə, az qalırsan ki, baş götürüb bu məmləkətdən başqa bir diyara qaçasan.
O halın varlığını xüsusi qeyd edək ki, bu gün Şəmkir MRX-da yaşanan ab-hava tam əksəriyyətin yaralı yerinə çevrilib. Hələ bu səhiyyə ocağında vaxtı keçmiş dərmanlardan necə istifadə olunması haqda danışmırıq, dövlətin vətəndaşına verdiyi ixtiyar və imtiyazların hansı yollarla “qeybə” çəkilməsindən bəhs etmirik. Bəzi savadsız həkimlərin insanları minbir dərdə düçar etmələrindən, həkim “resepti”ni oxumağı bacarmayan tibb bacılarının “işgüzar fəaliyyət”indən gileylənmirik. Bütün bunlar Şəmkirin səhiyyə müəssisələrində yaşanan hoqqaların görünən tərəfləridir. Faciə odur ki, Şəmkir səhiyyəsinin “başblənləri” yaşanan hər cür hoqqalardan lazımınca xəbərdar olsalar da, onlar sanki özlərini məlumatsız şəxs qismində aparırlar. Bununla da, bu sahədə əmələ gələn hər cür xoşagəlməz amillərin baş qaldırmasına bilərəkdən şərait yaradırlar.
İndi isə keçək toxunacağımız əsas mətləblərin varlığına. Tutaq ki, bu gün hansısa media nümayəndəsi Şəmkir MRX-na rəhbərlik edən Ayaz İbrahimovdan əmələ gələn problemlərin varlığına münasibət bildirməsini xahiş edir, o halda baş həkimin ilk yanaşması belə olur. “Bala, de görüm sənin həyat yoldaşın hansı rayondandır? Elə ki, Ayaz həkimin verdiyi suala cavab verirsən, o halda o, “mənim də həyat yoldaşım həmin rayondandır” deyə cavab verir. Elə ki, bu yöndə bir qədər araşdırma aparırsan, yəni baş həkimin verdiyi cavabın düzgün olub-olmadığını müəyyən etməyə çalışırsan, o da bəlli olur ki, adı çəkilən vəzifə sahibinin verdiyi cavab tamamilə ağyalandır. Yəni, onu müəyyən etmək olur ki, baş həkim vəzifəsini daşıyan Ayaz İbrahimov belə bir cavabı verməklə, hansısa məqsədini həyata keçirir.
Ayaz İbrahimovun sensasiya doğura biləcək açıqlamalarından biri də, Hesablama Palatası əməkdaşları ilə bağlı danışdıqlarıdır. Yəni, bu şəxs kiminlə oturub bir qədər söhbət edirsə, o halda onun vurğuladığı ilk sözü-söhbəti o olur ki, “bu Hesablama Palatasının əməkdaşları da, bizə lap bir dərd olub. Çünki, Səhiyyə Nazirliyindən adı çəkilən qurumun əməkdaşlarına nə az, nə də ki, çox düz 200 min manat “şirinlik” verməyimiz tələb olunur”. Bu şəxs bəzən elə addımlarını atır ki, həmin addımlar çox zaman medianın gündəmini zəbt edən əsas mövzulardan birinə çevrilir. Onu da unutmayaq ki, bir neçə ay bundan öncə Hesablama Palatası əməkdaşlarının MRX-da apardıqları yoxamalar zamanı ortaya çoxsaylı qanunsuzluqlar, o cümlədən neçə-neçə “ölü canlar”ın varlığı ortaya çıxarılır.
Məsələn, elə ki, KİV nümayəndələrindən hansısa biri rayonun səhiyyə müəssisələrində baş alıb gedən qanunsuzluqlarla bağlı Ayaz həkimə sual ünvanlayıb cavab əldə etmək istəyir, o halda o, həmin şəxsi şəxsən qəbul edir. Hətta o, həmin şəxsə “molla duası”na oxşar bir kağız parçası yazıb verərək, “UZİ” həkiminin yanına getməyi tapşırır. Elə ki, həmin jurnalist “molla duası”na oxşar kağız parçası ilə “UZİ” həkiminin yanında olur və ondan problemlərin varlığına münasibət bildirəcəyini gözləyir, o halda o, jurnalistin suallarını cavablandırmaq əvəzinə, həmin şəxsə “rəngi-ruhu solmuş” 5 (beş) manat pul uzadır. Apardığımız araşdırmalar zamanı o halın varlığını da müəyyən edə bilmişik ki, idarəçiliyini orta əsr “feodal qaydaları”na oxşar qaydalarla həyata keçirən Ayaz İbrahimov, bu gün rəhbərlik etdiyi səhiyyə müəssisəsində neçə-neçə şəxslərə “UZİ” fəaliyyəti ilə məşğul olmağa imkanlar yaradıb. Hansı ki, həmin şəxslərdən bir neçəsinin ümumiyyətlə sertifikatı yoxdur, sahib olduqları ixtisasları onlara belə bir işlərlə məşğul olmağa heç bir halda ixtiyar vermir, hətta bəlkə də təhsilləri belə yoxdur. Amma, baş həkim mövcud qanunvericiliyin tələblərini nəzərə almadan, hansısa maraqları çərçivəsində həmin şəxslərə “UZİ” fəaliyyəti ilə məşğul olmağa lazımi şərait yaradıb. Belə bir halların varlığı da, bu gün çoxsaylı problemlərin baş qaldırmasına səbəb olmaqdadır.
Baş həkim vəzifəsini daşıyan Ayaz İbrahimovun daim iş başında, yəni əyləşdiyi “kreslo”sunda həm xalatla, həm də qalın palto ilə oturması, ortaya çoxsaylı sualların çıxmasına da səbəb olur. Elə ki, siz “niyə “kreslo”nuzda həm xalatla, həm də qalın palto ilə əyləşirsiniz?” deyə ona sual verdikdə, “soyuqdur, ona görə geyinirəm” deyə cavab verir. Deməli, lazımi şəraiti olan baş həkimin iş otağında vəziyyət belədirsə, o halda palatalarda vəziyyətin necə olduğunu müəyyən etmək, heç də çətin deyil. Deməli, yuxarıda qeyd etdiyimiz kimi, bu gün adı çəkilən şəxs idarəsiliyini mövcud qanunlar çərçivəsində deyil, sanki orta əsr “feodal qaydaları”na oxşar qaydalarla həyata keçirməkdədir.
Faciəli hal odur ki, digər sahələrdə olduğu kimi, bu gün Şəmkirin səhiyyə müəssisələrində də bənzəri olmayan inhisarçılıq mühiti hökm sürməkdədir. Yəni, hansı qruplaşmanın kadrı hansı vəzifəni daşımalıdır, hansı vəzifə sahibi kimi sıradan çıxarılmalıdır və s. kimi amillərin varlığı, hal-hazırda Şəmkir səhiyyəsini uçurumun astanasına sürükləyib. Belə bir səbəblər üzündəndir ki, bu gün işini, peşəsini sevən savadlı həkimlərdən əksəriyyəti kəsişən maraqların qurbanı olublar. Bütün bunlar da Ayaz İbrahimovun Azərbaycan səhiyyəsinə bəxş etdiyi “şanlı töhfələr”dir ki, bunları hər kəs həm görür, həm də görüb təəssüf hissi keçirir.
Ümumiyyətlə, bu gün Şəmkir səhiyyəsi xoşagəlməz olayların girovluğunda boğulmaqdadır. Çünki, adı çəkilən bu rayonun səhiyyəsindəki saysız-hesabsız problemlərin, xoşagəlməz amillərin varlığı, hələ ki, səhiyyə müəssisələrini inhisarında saxlayan rəhbərliyin və digər vəzifə sahiblərinin maraqlarına cavab verməkdədir. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
Mövzunu diqqətdə saxlayacağıq.