Son vaxtlar bəzi media qurumlarında 1 saylı Sumqayıt I seçki dairəsi ərazisində qeydiyyatda olan seçiciləri MM-də təmsil edən deputat, həmçinin “Azərsutəchizattikinti” ASC-nin sədri vəzifəsini daşıyan Mirzəcan Xəlilov barəsində dərc olunan tənqidi açıqlamaları oxuduqca, çox götür-qoy etməli oluruq. Bu cür məqalələri oxuduqca bir anlığa olsa belə öz-özümüzə sual da edirik ki, görəsən adı çəkilən şəxslə seçiciləri arasında nə kimi fikir ayrılığı, hansı narazılıq hissi əmələ gəlib ki, bu qədər bu yöndə silsilə açıqlamalar dərc olunur?
Məsələnin düşündürücü tərəfi odur ki, bəzi şəxslər deputat olmaq istəyini ortaya qoyan zaman, namizədliyi irəli sürülmüş seçki dairəsi ərazisində tez-tez gözə dəyir, seçiciləri ilə mütəmadi görüşlər keçirir və deputat seçiləcəyi təqdirdə seçicilərin sosial-iqtisadi, siyasi yönümlü məsələ və problemlərinin həllinə çalışacağı ilə bağlı hər kəsə “yağlı vədlər” də verirlər. Elə ki, həmin şəxslər arzularına çatırlar, o halda keçirilməsi planlardırılmış görüşlər təxirə salınır, verilmiş vədlər unudulur, bir sözlə deputat seçilmiş şəxsi görmək müşkül məsələyə çevrilir. Əslində deputat seçkisi haqqında Qanunda qeyd olunur ki, seçicilərini MM-də təmsil edən deputat, daim seçiciləri ilə ünsiyyətdə olmalı, onlara aid məsələ və problemlərin həlli ilə bağlı qanunverici orqanda təşəbbüslə çıxış etməli, həmçinin bir çox qanun layihələrinin qəbulunda aktiv fəaliyyəti ilə də fərlənməlidir. Bu belə olmalı olduğu halda ortaya çoxsaylı suallar çıxır ki, görəsən 1 saylı Sumqayıt I seçki dairəsi ərazisində qeydiyyatda olan seçiciləri MM-də təmsil edən deputat Mirzəcan Xəlilova qarşı ictimai münasibət, niyə belə bir səpkidə formalaşır? Odur ki, bu yöndə bir qədər araşdırmalar aparmalı olduq və apardığımız araşdırmalar zamanı bəlli oldu ki, sən demə seçicilər bu şəxsi “əli çıraqlı” axtarsalar da, heç cür onu tapa bilmirlər. Buna da əsas səbəb, məhz Mirzəcan Xəlilovun “atlı”, seçicilərinin isə “piyada” olmaları olur. Ona görə də, “seçiciləri”nin bu şəxsə qarşı ifadə etdikləri narazılıq hissi, bu gün “pik nöqtə”yə çatıb. Odur ki, Sumqayıt I seçki dairəsi ərazisində qeydiyyatda olan seçicilər, yaşanan belə bir ab-havanın varlığı haqda məlumatları mediaya ötürməklə, məhz Mirzəcan Xəlilov barəsində tənqidi açıqlamalar dərc etdirməyə müvəffəq olurlar.
Bütün bunlar qalsın bir yana, apardığımız araşdırmalar zamanı belə bir məlumat da əldə edə bildik ki, adı çəkilən bu şəxs bir neçə il bundan əvvəl Sabirabad rayonundan deputatlığa namizədliyini irəli sürsə də, ona seçiciləri “yox deyirlər”. Buna da əsas səbəb, seçicilərin onu yaxından tanımaları, bu şəxsin istedadına, iş görmək qabiliyyətinə, insanlarla təmas qurmaq bacarığına və s. yaxından bələd olmaları olur. Mirzəcan Xəlilov Sabirabadda uğur qazana bilməyəcəyini dərk etdiyindən, o, sonrakı seçkidə namizədliyini 1 saylı Sumqayıt I seçki dairəsi ərazisindən verməyə qərar verir. Söylənilənlərə görə, hal-hazırda bu şəxsin adı kifayət qədər imkanlı şəxslər siyahısında yer alsa da, o, bir neçə il bundan əvvəl özünə məxsus bağ evində fəhlələri işlətmiş və pullarını verməkdən də imtina etmişdir. Bu cür addımın atılması nə haqqa-ədalətə, nə də ki, insani dəyərlərə sığmayan addım olur. Bu cür addımın atılması, hər kəs tərəfindən, o cümlədən seçiciləri tərəfindən də qınanılır. MM-dəki fəaliyyəti heç bir halda qənaətbəxş hesab olunmadığından, bu şəxsin də adı “lal deputat”lar siyahısında yer almaqdadır. Belə bir səbəblər üzündən də, bu gün adı çəkilən şəxsə qarşı kütləvi narazılıq hissi baş qaldırmaqdadır. Müəyyən iddialara görə, “seçiciləri” onu “əli çıraqlı” axtarsalar da, hələ ki, onu tapmağa müyəssər ola bilməyiblər. Ona görə də, seçicilərdən bəzilərinin MM-in rəhbərliyinə müraciət edəcəkləri və Mirzəcan Xəlilovun deputatlıq fəaliyyətinə xitam verilməsi tələbi ilə çıxış edəcəkləri də söylənilir.
Fakt budur ki, bu gün deputat Mirzəcan Xəlilovun MM-dəki fəaliyyəti lazımınca qiymətləndirilmir və ona görə də əksər media qurumlarında adı çəkilən şəxsin fəaliyyətsiz olması yöndə tənqidi açıqlamalar dərc olunur. O halda bəzi “ağzıqara jurnalistlər” bu şəxsin müdafiəsinə qalxıb, dərc olunan açıqlamaları şər-böhtan, şantaj adlandırırlar. Ona görə də, adı “lal deputat”lar siyahısında yer alan Mirzəcan Xəlilovun müdafiəsinə qalxanlara məsləhət görərdik ki, heç olmazsa bircə dəfə “gözünüzü yaxşı silin” və ətrafa “açıq gözlə” baxın. Bəlkə o halda “ağı qaradan” seçə bildiniz. Əgər seçə bilməyəcəksinizsə, o halda günahı kimlərdəsə deyil, məhz özünüzdə axtarsanız daha yaxşı olar.
Nyus.Az