PAQONU SÖKÜLMƏK ƏRƏFƏSİNDƏ OLAN POLİS İŞÇİSİ JURNALİST KOLLEKTİVİNİ HƏDƏLƏDİ"14-cü bölmənin "metallist polis"i" sərlövhəli məqalə 07 noyabr 2017-ci il tarixdə səhər saat 08:30-da saytımızda oxuculara təqdim olunandan sonra Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşı Cavid Cəfərovun reaksiyası özünü çox gözlətmədi.Cəfərov gündüz saat 13:35-də zəng vurub bizə hədə - qorxu gəldi: "O yazını internetdən yığışdırın. Yoxsa, redaksiyanızı başınıza uçuraram!" Ona təhqiramiz ifadələrinə görə qanun qarşısında məsuliyyət daşıdığını xatırladanda, peşə fəaliyyətimizə mane olduğuna görə prokurorluğa müraciət edəcəyimizi bildirəndə isə daha da coşdu: "Mənim ağsaqqallarım Daxili İşlər Nazirliyində, Baş Prokurorluqda rəhbər vəzifələrdədi. Kim mənə nə edə bilər?"
Xatırladaq ki, sözügedən məqalə saytımıza daxil olmuş məlumat və onun əsasında tərəfimizdən aparılmış araşdırmanın nəticəsi olaraq hazırlanıb. Söhbət paytaxtın Bilgəh qəsəbəsində köhnə adı ilə "Zəfərən sovxozu" kimi tanınan (hazırda H.Z. Tağıyev küçəsi) ərazidə təxminən 30 sotluq sahədə qanunsuz fəaliyyət göstərən metal qəbulu məntəqəsindən gedirdi. Məlumatda həmçinin bildirilirdi ki, məntəqəni işlədən Şam adlı şəxsin qanunsuz fəaliyyətindən yerli polisin xəbəri var. Həmin şəxslə telefonla bağlantı yaradıb məlumatın nə dərəcədə əsaslı olub-olmadığını öyrənmək istədikdə isə bizimlə başqa adamın danışacağını deyib əlaqəni kəsmişdi. Onun sonradan bizə zəng edən "adamı" isə Cavid Cəfərov oldu...
Qeyd edək ki, sözügedən metal qəbulu məntəqəsinin fəaliyyətinin nə dərəcədə qanuniliyinin araşdırılmasının təmin edilməsi xahişi ilə aidiyyəti qurumlara - Azərbaycan Respublikası Baş Prokurorluğuna, Vergilər Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətnamələr ünvanlamışıq. Həmçinin, C. Cəfərovun qanunazidd əməli barədə Daxili İşlər Naziriliyinə rəsmi məlumat vermişik. Ötən məqalədə yazmışdıq ki, hətta əgər "sahibkar" Şam ona zəng vuran jurnalistin peşəkarlığını təhqiq etmək xahişi ilə polis bölməsinə rəsmi müraciət etmiş olsa belə, bu işlə polisin təhqiqatçısı məşğul olmalıdı, əməliyyatçı deyil. Bundan başqa, əgər Sabunçu polisi ərazidə qanunsuz fəaliyyət göstərən obyektlərdən guya xəbəri olduğu barədə məlumatı eşidib təəccüblənibsə də, həmin məlumatın rəsmi KİV-də yayılmasını gözləməli, yalnız bundan sonra münasibət bildirməlidir. Orqan adından münasibət bildirəcək adam da yenə Cəfərov olası deyildir. Bundan ötrü bölmə, idarə rəisləri, Nazirliyin ictimaiyyətlə əlaqələrə cavabdeh şəxsləri, mətbuat xidməti vardır. Bir sözlə, Cəfərov işlədiyi polis bölməsində subordinasiya qaydalarını pozmaqla, ard-arda özbaşınalıqlar etməklə, qəbahətlərinin sayını artırmaqdadır. Bu isə onun üçün paqondan məhrum olmaq kimi arzuolunmaz nəticələrə aparıb çıxara bilər.
Nyus.Az