Elxan Zal Qaraxanlı
24 Haziranda (iyun) Rəcəb Taib Ərdoğan böyük zəfər qazandı və bir daha subut etdi ki, o bu günkü Türkiyənin qeyri şərtsiz lideridir, onu ilk təbrik edən də bugünkü Azərbaycanın qeyri şərtsiz lideri İlham Əliyev oldu. Türkiyə Cumhuriyyətində siyasi sistem dəyişdi və R.T. Ərdoğan Cumhuriyyətin ilk başqanı seçildi. 1923-cü ildə Mustafa Kamal Atatürk tərəfindən başlanan tarix 24 Haziran 2018-ci ildə növbəti mərhələyə qədəm qoydu. Tarixdə heç bir hadisə yeni deyil və cənabi Allahın yaratdığı bu sistemdə hər şey bir ayrı formada təkrar olunur. 1500 il öncə, daha doğrusu 24 haziran 552-ci ildə, Ötükən ormanında Aşina boyundan olan Bumın xan “Elxan” titulu ilə ağ keçə üstünə qaldırıldı və Böyük Türk kağanlığı (hakanlığı) adlı əzəmətli bir dövlət tarix səhnəsinə çıxdı. Türkiyə Cumhuriyyəti bu böyük əzəmətinin sonuncu daşıyıcısı Osmanlı imperiyasının xələfidir və özündə Göy Türk, Qaraxanlı, Səlcuq, Osmanlı ənənələrini yaşadan bir dövlətdir. Azərbaycan və digər türk cumhuriyyətləri də şübhəsiz bu böyük ənənələrin daşıyıcılarıdır. Sarı dəniz sahillərindən Qara dəniz sahillərinə qədər uzanan ərazilərə nəzarət edən Böyük Türk hakanatının ən böyük tarıxi missiyası bir-birindən az xəbərsiz olan iki böyük sivilizasiyanın, Uzaq Şərq və Aralıq dənizi hövzəsi sivilizasiyaları arasında kommunikasiya yaratması oldu. Şərti olaraq “İpək yolu” adlandırılan bu kommunikasiya xətti onların xələfləri tərəfindən bu gün də inkişaf etdirilir. Sadəcə 6-cı əsrin əsas valyutası olan ipəyi bu gün ayrı vasitələr əvəz ediblər. Bu prosesdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxstan prezidenti Nursultan Nazarbayevin xidmətləri əvəzsizdir. Burada mən daha çox Azərbaycan və Türkiyə prezidentlərinin işləri üzərində dayanmaq istəyirəm, çünki onların bir tale yaxınlığı var. Onların hər ikisi demək olar ki, eyni vaxtda hakimiyyət başına gəliblər ( R.T. Ərdoğan 2002-ci ildə, İlham Əliyev 2003-cü ildə) və sələfləri tərəfindən başladılan böyük kommunikasiya projelərini tamamlamaq görəvi onların boynuna düşüb. Xüsusilə qeyd etmək istəyirəm ki, məhz son 15 ildə Azərbaycan Türkiyə əlaqələri özünün bütün tarixi ərzində ən üst səviyyəyə qalxıb. Şübhəsiz ki, bunda bizim qardaş xalq olmağımızla bərabər, liderlərin şəxsi dostluğu da mühüm rol oynayır. Bunun ən bariz nümunəsi dövlət başçılarının sammitlərinin birində Türkiyə nümayəndəsinin orada iştirak etmməməsindən istifadə edib Türkiyəyə hədyan yağdırmaq istəyən Ermənistan prezidenti Serj Sarkisyana cavab olaraq “ Türkiyənin rəhbəri burada yoxdur mən burdayam” söyləyən Azərbaycan prezinti İlham Əliyev bu qardaşlığın hansı səviyyədə olduğunu göstərdi. Onların dostluğu, qardaşlığı hər iki ölkənin insanları arasında bağların möhkəmlənməsinə səbəb olur. Heydər Əliyevin “Bir millət, iki dövlət” konsepsiyası bax belə həyata keçirilir. Tarix boyu türk qövmünün bütün fəlakətləri lidersizlik zamanlarına təsadüf edib. Elə indinin özündə də hər iki ölkədə elə rəhbərlər ola bilərdi ki, hər iki xalqı düşmən edərdilər. Biz bunu tarix boyu çox görmüşük və şükürlər olsun ki, indi tamam ayrı tarix yazılır. “Zeytun dalı” əməliyyatı zamanı biz Azərbaycan xalqının hansı hisslər keçirdiyini gördük. Mən çoxlu sayda insan tanıyıram ki, hər an türk ordusunun sıralarına qoşulmağa hazır idi. Buna görə də R.T. Ərdoğanın tarixi zəfərini təbrik edən ilk dövlət başçısının İlham Əliyevin olması heç də təsadüfi deyil.
Bu məqamda onu da qeyd edim ki, cənab İlham Əliyev 2003-cü ildə - Baş nazir təyin olunduqdan sonra səfər etdiyi ilk xarici ölkə Türkiyə olub. 2004-cü il aprelin 13-15-də Prezident İlham Əliyevin Türkiyəyə dövlət başçısı kimi ilk səfəri də əlaqələrin inkişafı baxımından çox uğurlu olub. Həmin səfər zamanı iqtisadi-siyasi və mədəni əlaqələrin inkişafını nəzərdə tutan 5 mühüm sənəd imzalanıb. Azərbaycanın dövlət başçısının 2008-ci il iyulun 24-də Türkiyəyə növbəti səfəri zamanı isə cənab İlham Əliyev Qars şəhərində Bakı - Tbilisi - Qars dəmir yolunun Türkiyə hissəsinin təməl qoyma mərasimində iştirak edib və indi, 2018-ci ildə bu dəmir yolu artıq işə düşüb. Pekin və Londoni birləşdirən bir dəmir xətti. Cəmi on beş ildə bunun üçün hər cür infrastruktur yaradılıb, Bosfor boğazının altından Asiya və Avropanı birləşdirən tunel çəkilib. Babamız Bumın xandan başlayan möhtəşəm Şərq və Qərbi birləşdirən möhtəşəm İpək yolu ideyası, onun xələfləri tərəfindən uğurla inkişaf etdirilir. Çin rəhbərliyinin “Böyük İpək Yolu”nun bərpasına böyük önəm verdiyini nəzərə alsaq, transxəzər dəmir yolunun çəkiləcəyi gün də uzaqda deyil. Azərbaycanla Türkiyənin birgə həyata keçirdiyi böyük enerji layihələri də bu gün dünya enerji xəritəsinə yeni çalarlar gətirib. 2006-cı ildə Bakı -Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum, 20018-ci ildə TANAP qaz kəmərləri Avropanın enerji xəritəsini xeyli dəyişdirib. Bütün bunlar hər iki ölkənin tarixində çox önəmli bir hadisələrdir və çox yaxın zamannlarda öz bəhrəsini göstərəcəkdir. R.T. Ərdoğanın və İlham Əliyevin transmilli layihələrin reallaşdırılmasında nə qədər israrlı və inadkar olduqlarını nəzərə alsaq, şübhəsiz ki, yüni dev projelər də olacaq. Bu proseslərdə Azərbaycan sürətlə inkişaf etmiş Türkiyə ilə inkişafda olan türk cumhuriyyətləri ( o cümlədən Mərkəzi Asiyadakı digər dövlətlər) arasında körpü rolunu oynayır. İqtisadi bağların məntiqi nəticəsi kimi mədəni, mənəvi, insani bağlar da get-gedə bərkiyəcək. Bu prosesdə xüsusi ilə Türkiyənin boynuna böyük məsuliyyət düşür, çünki tale elə gətirib ki, bu gün Türk- İslam dünyasının lideri məhz Türkiyədir. İstər iqtisadi baxımdan, istər mədəni infrastruktur baxımından, istərsə də insan resursları baxımından. Buna görə də 24 Haziran seçkilərinin tarixi əhəmiyyəti böyükdür. Son 100 ildə ilk dəfə olaraq R.T. Ərdoğan Türkiyənin yalnız 780 min kvadrat kilometr ərazidən ibarət olmadığını, onun könül sərhətlərinin də olduğunu bildirdi. Onun könül sərhədlərinin çevrəsi isə çox böyükdür. Bu keçmiş Osmanlı torpaqlarıdır, bu keçmiş Göy Türk torpaqlarıdır, Orta Asiyadır, Balkanlardır, ərəb ölkələridir. Burada söhbət işğaldan getmir, heç genetik bağlardan da getmir. İstanbul İslam tarixinin üç böyük mərkəzindən, xəlifələrin oturduğu mərkəzlərdən biridir. (İlk iki mərkəz, Şam və Bağdad səlibçilər tərəfindən tar-mar edilib). Yüz milyonlarla insanın gözü bu gün ora tikilib. Bu cənabi Allahın 1500 il öncə türk qövmünün boynuna qoyduğu missiyadır, onda bu missiyanın icraçıları Şərqdə otururdular, indi də Ankarada otururlar. Allah bu missiyanın icrası üçün Türkiyəyə lider də göndərib, onun qarşısına hədəflər də qoyub və o bu hədəflərə çatmaq üçün bütün malik olduğu resursları ortaya qoyub. Ötən yazımızda (bax. TÜRK RUHUNUN BÖYÜK VƏ İNADKAR DAŞIYICISI – RƏCƏB TAİB ƏRDOĞAN “Yeni Müsavat, 07.04.2018) biz R.T. Ərdoğanın Türkiyədə gördüyü işlərdən geniş danışmışıq. Seçki qutularına kedən türk seçicisi öz oyları ilə yazdığımızı doğruladı. Mən səmimi qəlbdən R.T.Ərdoğanın böyük bir missiya yerinə yetirdiyinə inanıram. R.T. Ərdoğanın rəhbəlik etdiyi AK Partinin 16 illik hakimiyyəti dövründə Türkiyə çox dəyişib. İqtisadi qalxınmaya xüsusi önəm verən Ak Parti hakimiyyətinin apardığı islahatlar nəticəsində iqtisadiyyatda böyük uğurlara nail olundu. Ölkə Beynəlxalq Valyuta Fondunun 26 milyard dollar borcunu ödədi, valyuta ehtiyatları 27 mlrd. dollardan 120 mlrd. dollara qədər yüksəldi. İxracat 170 mlrd. dollar həddinə gəldi. Artıq 2011-ci ildə Türkiyə iqtisadi artıma görə bütün “böyük iyirmilik” ölkələrini qabaqladı və 2018-ci ildə bu uğur təkrarlandı. Ölkədə böyük layihələr gerçəkləşdi, dəmir və quru yolları çəkildi, onlarla tunellər, hava limanları inşa olundu. Avropa ilə Asiyanı birləşdirən iki körpü salındı, dənizin altınadan avtomobil və dəmil yolları çəkildi. Tükiyənin 60 illik həsrətinə son qoyuldu, ölkədə ilk Atom Elektri Stansiyası inşa edilməyə başladı. Rusiya və Azərbaycan ilə birgə gercəkləşdirilən böyük enerji layihələri (Bakı-Ceyhan, TANAP, “Türk axını və s.) Türkiyəni Avropanın enerji mənbəyinə çevirdi. Bütün bunlar hamısı böyük gəlişimin alt yapısıdır. İqtisadi gəlişmələrlə bərabər, ölkənin təhlükəsizlik məsələsində də böyük uğurlar əldə olundu. İllərlə NATO-lu “qardaşlarının” əlinə baxan Türkiyə öz hərbi sənayesini yaratdı, tanklar, təyyarələr, helikopterlər, insansız hava uçaqları və s. istehsal etməyə başladı. Artıq Türkiyəni silah embarqosu ilə hədələmək zamanı keçdi.
Tarix boyu türk qövmü çətinə düşəndə Allah ona bir xilaskar göndərir. Zaman ruzgarları qocalmış Osmanlı səltənətini yıxmaq istəyəndə Mustafa Kamal paşa gəldi, qurumuş budaqları budadı, bu “Ulu Çinar”ı yıxılmağa qoymadı. İndi də Ərdoğan gəldi, onu suvarıb pöhrələndirdi. Ulu Çinarın rişələrinə su, budaqlarına hava vermək üçün böyük iqtisadiyat yaradıldı. 40 ildir terrordan əziyyət çəkən məmləkət rahat nəfəs almağa başladı. Azərbaycan dünyada yalnız olmadığını hiss etdi. Suriya xalqı gördü ki, dünyada ona sahib durası bir dövlət var. Bunu Fələstinli də, Myanmalı müsəlman da öz üzərində hiss etdi. Budur Türkiyənin “könül sərhədləri”. Türkiyənin də, onun liderinin də üzərində tarixi bir misiya qoyulub 24 Haziranda türk xalqı göstərdi ki, o öz missiyasını yaxşı bilir. Bu gün Türk-İslam dünyasının lideri Rəcəb Taib Ərdoğandır, onun Azərbaycanda prezident İlham Əliyev başda olmaqla milyonlarla qardaşı var və biz ona missiyasının icrasında uğurlar diləyirik. Yəqin ki, bir bir ayrı zamanda başqa bir lider gələcək. Amma bu gün liderlik missiyası Ərdoğanın boynundadır...
Göytürk imperatorluğu zamanında Tanrı günü adlanan müqəddəs mərasim günü vardı. Yay gündönümündə, iyunun ayının (haziran ayının) 22-də başlayıb 24-də başa çatan törənlərdə İmperiyanın bütün ərazisində, Tanrının, Məngü Elin (Əbədi Elin) və Tanrının Türk elinə bəxş etdiyi Xaqanın şərəfinə dualar oxunur, müxtəlif ayinlər icra olunurdu. Törənlərə 24 haziranda yekun vurulardı və bu gün Allahın ən mübarək günlərindən biriydi. Həmin gün Tanrı, dövlət və millət bütövləşirdi.