“Qocalar Evi”ndə müəmmalı intihar və “ahəstə ölümlər” – Nəyə görə Sabunçunun icra başçısı Adil Vəliyev yaxşı tanıdığı pansionat direktorunun çirkin əməllərinə görə məsuliyyətə cəlb olunmasına calışmır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeçiliyində olan Müharibə və əmək əlilləri üçün pansionatın bir neçə ay əvvəl təyin olunmuş yeni direktoru Samirə Mehdiyevanın özünə “kreativ” kadrlardan ibarət yeni komanda formalaşdırmağa və əmək qanunvericiliyinin tələbləri ilə hesablaşmayaraq “köhnə” hesab etdiyi işçiləri qovmağa qərar verməsi, yeyinti üçün əlverişli sayılan strateji postlara qeyri-qanuni olaraq məhz özü ilə gətirdiyi adamları yerləşdirməsi, müəssisənin sabiq rəhbərliyindən miras qalan bütün yaxşı ənənələrin izini itirməsi, pansionatın sakinlərinə müxtəlif üsullarla pul tələsi qurması, onların arasında qütbləşmə və ayrı-seçkilik yaratması və rəvac verdiyi başqa neqativ hallar barədə əvvəllər də yazmışdıq. Təzə direktorun yarıtmaz idarəçilik siyasətindən narazı qalan işçilərin münasibətlərini öyrənib dərc etmiş, əhəmiyyətli hissəsi mənimsənilən qida rasionunun onlara çatan əskik payından narazı qalan sakinlərin etirazlarını da qələmə almışdıq.
Təəssüf, ƏƏSMN-nin bu mövzuda yazdığımız məqalələrə, aidiyyəti üzrə göndərdiyimiz məktublara biganə qalması, vaxtında çevik reaksiya verməməsi onunla nəticələndi ki, bezara gələn pansionat sakinlərindən ahıl yaşlı biri - Saday Babayev yaşadığı otaqda özünü asdı. Fakt prokurorluq tərəfindən araşdırılır. Mərhumun oğlunun son dövrlər atasının pansionatdakı vəziyyətdən narazı olduğunu dilə gətirməsi, onu intihar həddinə çatdıranların məsuliyyətə cəlb olunmasını tələb etdiyi bildirilsə də, nədənsə Samirə Mehdiyevanın bu hadsəyə görə narahalığı özünü büruzə vermir.
Etibarlı mənbədən aldığımız məlumata görə, özünəməxsus kadr islahatlarını davam etdirən Samirə Mehdiyeva baş mühasibi işdən çıxarıb. Onun yerinə hələ əmri verilməmiş öz naşı adamını oturdub. Baş mühasibin işini isə direktorun öz tərəfinə çəkdiyi mühasib köməkçisi Arif adlı şəxs aparır. Yeni statusda özünü suda balıq kimi hiss edən Arf isə buqələmunluq etməyə başlayıb və əlinə düşən hər fürsətdə təzə direktorun mükəmməl” idarəetmə siyasətini tərifləyir. Mənbə həmçinin bildirir ki, “yumurtadan yun qırxan” direktor müəssisənin təşkilati-hüquqi formasının dəyişdirilərək publik hüquqi şəxsə çevrilməsindən də “səmərəli” istfadə edir: Məsələn, üç xadimə ştatının birini ixtisar edir, digər iki xadimənin isə birini ikiqat zəhmətlə işlədib “evdə qal” dediyi digərinin maaşını özünə götürürməyi üstün tutub. Belə siyasətə qarşı çıxanları isə müxtəlif üsullarla şərlədir. Şərlənməyə məruz qalanlar təkcə işçilər deyil, həm də sakinlər olur. Belə ki, bəzi sakinlər illərdən bəri pansionat daxilində özlərinə məhdud çərçivədə də olsa, məşğuliyyət növləri, xobbi meydanları qazanıblarmış. Bu, analoji müəssisələrin idarəetmə siyasətinə uyğundur və adına sakinlərin asudə vaxtlarının səmərəli təşkili deyilir. Samirə Mehdiyeva elələrinin arzulalarını əllərindən alıb təzə ortaya çıxan, imkanlı övladları tərəfindən atılmış qocalara satmaq üçün hər vasitəyə əl atır. Deyilənə görə hətta namaz qılan adamı əxlaqsızlıqda suçlamaqdan belə çəkinmir. Məlumata görə, Bəkir adlı sakin pansionatın ərazisindəki ikimərtəbəli yardımçı binada yaşayır və dərziliklə məşğul olur, bu sənəti ilə başqalarının da işinə yarıyırmış. Samirə Mehdiyeva bu rahatlığı Bəkir kişiyə çox görüb, onu qovaraq tapdığı “yağlı” müştəri üçün yer boşaldıb. Görək, “villada” yaşamaq hüququnu satın alan təzə sakinin ictimai faydası nə olacaq.
Məlumatda qeyd olunur ki, direktor bu işləri elə sakinlər arasından seçdiyi böhtançı tərəfdaşlarının dəstəsi ilə görür. Qaragüruhçu dəstənin başında isə köməkçi korpusda yaşayan Qabil adlı şəxs durur. Bu adama o qədər sərbəstlik verilib ki, pandemiya ilə bağlı sərt rejimin tətbiq olunduğu vaxtlarda belə rahat şəkildə pansionatı tərk edə, kənarda özünü veteran kimi təqdim edib haqsız işlərin çevrilməsində şəxsi marağı naminə vasitəçlik xidməti göstərə, şivənçilik metodu ilə çirkin məqsədlərinə nail ola bilir. Bir çox hallarda isə pul alıb “möhürünü düzüb-qoşacağını” vəd etdiyi adamları aldadır. İmtiyazının arxasında gizlənib haram pulları mənimsəyir. Əldə etdiyimiz məlmata görə, bu günlərdə pansionatın Ədalət adlı işçisi Qabilin dəstəsinin hücumuna məruz qalaraq incidilib və işini buraxmağa məcbur olub. Həm də bu iş o qədər ustalıqla görülüb ki, Ədalətin əlində direktordan günah görməsinə arqumenti olmayıb. Deyilənlərə görə Samirə Mehdiyeva Qabilin bu fərasatına görə hər ay 100 manat pul və menyudan əlavə ərzaq verir.
Sadiq oxucularımız bilirlər, oların sırasına yeni qatılanlara xatırladırıq ki, Samirə Mehdiyeva bugünkü vəzifəsinə təyin olunmazdan öncə müxtəlif qurumlarda, o cümlədən, Sabunçu RİH-də, “Stimul Hospital”da çalışıb. Bildirilir ki, İcra Hakimiyyətində işləyərkən saldığı qalmaqal üstündə icra başçısı tərəfindən qovulub. Özəl tibb müəssisəsində uşaq həkimi işləyərkən isə adı firmalarla işbirliyində, dərman alverində hallanıb. Hazırki vəzifəsinin icrasına başlayandan sonra KİV-də onun barəsində müəssisəyə ayrılan vəsaiti təyinatından yayındırdığı barədə tənqidi məqalələr dərc olunub. Koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirlərin həyata keçirildiyi dönəmdə pansionat sakinlərindən 1948-ci il təvəllüdlü İsmayılova Telli Ələkbər qızının vəfatından və onun gizli şəkildə dəfn olunmasından sonra daha ciddi ictimai qınağa tuş gəlib. Müəssisə rəhbərinin xəstənin hansı səbəbdən dünyasını dəyişməsi haqda yuxarı orqanlara heç bir məlumat çatdırmaması təəccüblü görünüb.
Bütün bunların fonunda Sabunçu RiH-nin başçısı cənab Adil Vəliyevin sabiq işçisi Samirə Mehdiyevanın işdəycələrinə dözümlülük göstərməsi qəribə görünür. Mövzuya qayıdacağıq.