GƏL
Gör nə vaxtdı qürbətdəyəm,
Həsrətindən canım yandı.
Bir gün dönüb gələcəyəm,
Pozammaram mən bu andı.
Son qoymaqçün bu sürgünə,
Hazırlandım dönə-dönə,
Qismət imiş son bu günə,
Gözləyirəm gör haçandı.
Uşaq vaxtı yolun , izin,
Çox gəzmişdim dizin-dizin,
O qocaman kəndimizin,
Boynun qucmaq çox asandı.
Sərvər , qayıt kəndinə gəl ,
Həm imana , həm dinə gəl,
Öz-özünə olma əngəl ,
Qovuşmağa tam zamandı.
AZƏRBAYCAN OĞULLARI
Birdi sözü , birdi andı ,
Sazlı -- sözlü bir ozandı ,
Xan Beyrəkdi , Xan Qazandı,
Azərbaycan oğulları !
Torpağını öndə görər ,
Vətən üçün sinə gərər ,
Yeri gəlsə canın verər ,
Azərbaycan oğulları !
Haqqla olar , haqq qoruyar ,
Sözə enər , sözə doyar ,
Düşməninin gözün oyar ,
Azərbaycan oğulları !
Haray çək....
Harda olsa birləşəcək,
Qanı əgər təmizdirsə.
Son anadək döyüşəcək,
Onu bozqurd əmizdirsə.
Hər nə varsa candan gəlir.
Bir də ruhdu bu danılmaz.
Soydan , kökdən , qandan gəlir,
Qan safdırsa türk yanılmaz.
Sərvər , oyan bir havar çək,
Ərənlər də çalsın təbil.
Vətən deyib birləşəcək,
Türkün yurdu Turandı bil.
Bizi....
Yaxşı olar deyə-deyə,
Hey əl açdıq uca göyə,
Dost qalmadı dərd deməyə,
Fələk yaman əydi bizi.
Gənclik çıxdı əlimizdən,
Mələklər də əydi bizdən,
Bir-bir tutub telimizdən ,
Fələk yaman döydü bizi.
Dost aradıq qap-bacada,
Zirvə olmaz hər ucada,
Əldə çəlik bir qoca da,
Arxamızca söydü bizi.
Divlər ilə çox əlləşdik,
Keşişlərlə çox dilləşdik,
Doğru yerdən əsəbləşdik,
Haqq aşiqi öydü bizi.
ALLAH
Gileyim var səndən sənə,
Nədi bunca zülüm , Allah.
Əzab gördüm ömür boyu,
Yandım , qalıb külüm , Allah.
Fələk mənlə durdu qəsdə,
Dərdi verdi dərdin üstə,
Qönçə -qönçə , dəstə-dəstə,
Solub getdi gülüm , Allah.
Qarışıbdı qışım , yazım,
Kökdən düşüb könül sazım,
Bu dünyada nəyə lazım,
Varlı -- kasıb , bölüm Allah.
Çoxu səni salmır saya
Sahiblənir bu dünyaya
İldən-ilə , aydan-aya
Ucuzlaşır ölüm Allah.