Elxan Zal Qaraxanlı: “Bu epiloq əsərə heç nə qazandırmasa da, müəllifə rahatlıq gətirib”
"Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Budəfəki həmsöhbətimiz şair Elxan Zal Qaraxanlıdır. Onun sevdiyi əsər Mixail Afanasyeviç Bulqakovun "Master və Marqarita” romanıdır.
– Mixail Afanasyeviç Bulqakovun "Master və Marqarita” romanı hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə sizin sevdiyiniz əsərdir?
– Bu güclü ironik çalarları olan mistik-psixoji bir əsərdir. Əsərin süjeti elədir ki, hadisələr yazıçılar mühitində və yazıçı psixikasında baş verir. Mən özüm də belə bir mühitdə ömür sürdürürəm, oxşar psixikanın daşıyıcısıyam, orada təsvir olunan hadisələrlə, – tez-tez rastlaşıram. Əsərdəki mifik personajlar – Voland, Azazello, Begemot, İeşua, Pilat, xristian-katolik düşümcəsinin məhsulu olsa da, mənim yaradıcılığımda da boy verirlər. Yəni burada şəxsən mənə çox şey doğmadır. Hadisələr XX əsrin 20-ci illərində insanların ciblərində "alahsızlıq bileti” daşıdığı allahsızlar ölkəsində, Sovetlər Birliyinin mərkəzi Moskvada baş verir. İblis öz əshabələri ilə Allahı inkar edən ölkənin mərkəzinə gəlir, çünki müqəddəs yer heç zaman boş qalmır. Cibində "Allahsızlıq” bileti gəzdirən insanların cəmiyyətinə cənabi İblis təşrif buyurmağı qaçılmazdır. Şər atası burada elə alçaqlıqlar görür ki, özü də dəhşətə gəlir və hətta günahkar canların bəzilərini şəxsən özü cəzalandırır, çünki buradakı insanların idrakı əsl çamur yuvasına çevrilmişdi. M.Bulqakov romanında çox qısa zaman kəsiyində insanların idrakında gedən dəhşətli dəyişmələri çox ustalıqla qələmə alıb. Əsərdəki ironoyanın hədəfi məhz bu insanların düşüncələridə gedən proseslərdir. Bunu göstərmək üçün o özünə yaxın mühitin insanlarını, yazıçılar, teatr işçiləri çevrəsini seçib və ortaya elə problemlər qoyub ki, onlar heç zaman öz əhəmiyyətini itirməyəcək. Yəni bu gün cənab Voland Bakıya, Yazıçılar qurumuna, teatr qurumlarına gəlsə, eyni personajlarla, Berliozlarla, Bezdomnılarla, tənqidçi Latunskilərlə qarşılaşacaq. Bir də əsər çox gözəl bir dildə yazılıb. M.Bulqakovuz qalan heç bir əsərində bu qədər poeziya yoxdur. Bu əsər alçaqlar mühitində yeganə günahı qadağan sevgisi olan, – o ərli qadınla münasibət qurur, bununla da Allahın Musaya verdiyi 10 törə qanunundan birini pozur, – Ustad, Master barədə lirik bir poemadır. Bir də bu əsərdə roman içində roman verilib və sonda onlar, aralarında 2000 il fərq olan iki əhvalat, elə gözəl şəkildə bir araya gətirilib ki, sanki sən eyni əhvalatı oxuyursan. Əlbəttə, bu elə də yeni bir şey deyil, məsələn, "Min bir gecə”də Şəhrizad hətta padşaha öz əhvalatlarını nəql edir, amma çox orijinal və gözəl yazılıb. M.Bulqakova qədər kiminsə bir romanda iki romanı bu qədər ustalıqla bir birinə bağlamaq bacarığını yadıma sala bilmirəm. Olsa ən azından eşidərdik.
– "Рукописи не горят” bu ifadə dillər əzbəridir. "Əlyazmalar yanmır” ideyası əsərdə gerçəkləşir. Master əlyazmasını yandırır, İblis isə əlyazmanı sonradan ona qaytararaq deyir: "Sən bilmirsən ki, əlyazmalar yanmır?!” Onu da qeyd edək ki, Bulqakov bu əsəri bir dəfə yandırıb. Sizcə, əsərdəki "əlyazmalar yanmır” ifadəsinin kökündə nə dayanır, yazıçı bu ifadə ilə nəyi vurğulamaq istəyir?
– Bu ifadəni kainatla, yaradılışla yaşıd olan üsyankar mələk, İblis – Voland deyir. Yəni kainatda heç nə, heç bir əməl itmir. Dünyada hər şey səmadan boylanan bir göz tərəfindən qeydə alınır. Ətrafdakı murdarlıq mühiti nə qədər istəsə də, işıqlı şeyləri məhv edə bilməz, nur Ondan gəlir, Tanrıdan. Ona də qayıdır. Yəni kainatda heç nə itmir. Məsələn, Mahmud Kaşqarinin əsəri min ildən sonra ortaya çıxdı. Mixail Bulqakovun özü də personajı Masterin mühitində yaşayırdı, "İt ürəyi”, "İvan Vasilyeviç peşəsini dəyişir”, "Turbinlərin günləri”, "Ağ qvardiya”, "Qaçış” kimi bənzərsiz əsərlərin müəllifi ən yaxşı halda susqunluqla qarşılaşırdı, hər yanda Demyan Bednılar vəsf olunurdu. Mandelştamlar, Pasternaklar, Svetayevalar, Anna Axmatovalar linç olunur, Dostoyevski inkar olunurdu. Əsərin bir yerində, Yazıçılar Birliyinin restoranında, Birliyin işçisinin "Dostoyevski ölüb ifadəsinə herr Volandın əshabəsi Begemot "Dostoyevski” ölməzdi” deyə cavab verir. Həmin dövrdə F.Dostoyevski də qadağan yazıçılar sırasında idi. Rusiyalı bəzi məmurlar cılızların boyunu qaldırmaq üçün azmanları oların ayağının altına qoymağa çalışırlar. Amma azman elə azmandır. Məncə, müəllif bunu demək istəyirdi. Sən heç Demyan Bednini xatırlayırsan. Mən də xatırlamıram. Amma Bulqakov da, Dostoyevski də yaşayır. Qaldı Bulqakovun əsəri yandırmasına, məncə, bu artıq mifologiya mövzusudur, çünki, M.Bulqakov da, onun əsəri də artıq mifə çevrilib. Onun Covet rənbəhliyinə yazdığı məktubda romanın birinci variantının yandırıldığı bildirilir. Rus ədəbiyyatşünaslarının yazdığına görə əsərin yandırılan versiyasında Master və Marqarita obrazları yox imiş. Onlar yeni versiyada ortaya çıxıblar və əsərə əbədiyyət qazandırıblar. Bəlkə də "əlyazmalar yanmır” ifadəsi buradan qaynaqlanır. Onlar yandırıldıqdan sonra daha kamil şəkildə ortaya çıxırlar.
– Bu romanın müxtəlif əsərlərin təsirlə yazılmasına aşağıdakı arqumentlər göstərilir.
· Hötenin "Faust” əsərinin təsiri ilə yazılıb, müəyyən məqamda şərin qələbəsi motivasiya olunur.
· Şarl Fransua Qunonun "Faust" operasının təsiri var, hər iki əsərdə şeytan xüsusi təntənə ilə təqdim edilir.
· Nikolay Qoqolun əsərlərinin ironik çaları duyulur, rus ədəbiyyatşünaslarının məşhur "Qoqol rişxəndi” adlandırdıqları ironiya görünür.
· Ponti Pilat və Yeşua Ha-Nozrinin dialoqunda isə Fyodr Dostoyevskinin "Karamazov qardaşları" əsərinin təsiri var.
· Aşkar mistik liriklik Dantenin "İlahi komediya”sından qaynaqlanır.
· Şanssız qonaqların gəlməsi səhnəsində "Oblonskilərin evində hər şey qarışmağa başladı” ifadəsində isə Lev Tolstoyun "Anna Karenina" romanına istinad kim qəbul edilir.
· İblisin yaşayış binasında kütlə arasına çıxması səhnəsinə isə Spaniard Luís Vélez de Guevaranın "Topal İblis” əsərində də rast gəlmək mümkündür.Bəs siz bütün bu təsirlər haqqında nə deyərdiniz?
– "Master” və "Marqarita” M.Bulqakovun sonuncu əsəridir. O buna qədər də möhtəşəm əsərlər yazıb və sonuncu romanını yazanda kifayət qədər püxtələşmiş bir sənətkar, özünün dediyi kimi master idi. Sən o qədər adlar sadaladın ki, özü də nəhəng adlar, bunların cəmindən xəbərdar olub onlardan nəsə əxz etməmək sadəcə cılızlıq olar. Böyük insanlar böyüklərdən öyrənə-öyrənə gəlirlər. Dünyadakı bütün yeni şeylər sadəcə bir ayrı şəkildə ifadə olunmuş köhnədir, sadəcə baxır bunu kim və necə deyir. Dünyada sənətlə məşğul olanların doxsan faizi plagiatçılardır, qalan on faiz isə ilham pərisi ilə birgə sənət nümunələri doğuran adamlardır. Hamı Nizami, Şekspir, Rafael, Bax, Motsart ola bilməz. Belələri sənətdə işıq doğuranlardır. Qalan doğsan faiz də bu işığın qırıntılarından qidalanıb, bu işiğı özünün xəlq etdiyini bəyan etməyə fürsət tapmaq üçün, içıq mənbəyini tapdalayıb öz lazımlılığını göstərməyə çalışanlardır. Dünyanın böyük hissəsini təşkil edən səmavi dinlərin düşüncəsində, "Tövrat”ın, "İncil”in, "Qurani-Kərim”in gəlişdirdiyi təsəvvür sistemində bircə əbədi süjet var – Allah, İblis və Adəmlə Həvva. Qalan bütün əhvalatlar bu süjetdən ayrılan qollardır, milyonlarla, yüz milyonlarla qol. Yaranan hər təzə qol, yazılan hər yeni əhvalat başlanğıc kökdən qidalanır. Hindlilər deyir ki, dünyadakı bütün süjetlər "Mahabharatha”dan qaynaqlanır. Bütün yazıçılarda özlərindən əvvəlkilərdən nəsə var. Biz dahi kimə deyirik – minlərlə informatik mənbəni öz beyin süzgəcindən keçirib, bunu sənət enerjisinə çevirən insanlara. İblisin insanların arasına gəlməsi isə çox qədim süjetdir, hətta "Min bir gecə”nin bir nağılında o şair Əbu Nüvvasın yanına gözəl qız şəklində gəlir. Amma xristian-katolik mühitində bu düşüncə daha geniş yer alıb. Əvvəla, katolisizmin əsas müddəası Allahın və İblisin varlığını qəbul etməkdir. İkincisi bu din əski Roma inanclarının üstündə bərqərar olub və əski allahların obrazları müqəddəslərə və şeytana şamil olunub. Elə İsanın özünə də. Avropada "Fausta” qədər də insan-iblis münasibətlərinə dair çoxlu əsərlər yazılıb. Höte sadəcə bunların ən dahiyanəsini yaradıb. Ş.F.Quno isə Mefistofellə bağlı möhtəşəm, İblisin özü kimi əbədi bir himn yaradıb. Xristianlıqda İblisin adlarından biri də Lütsiferdir, yəni işıq aparan. O özündə əski allahların obrazını cəmləşdirib, buna görə bir çox sənətkarların onu təntənəli şəkildə təqdim etməsində qeyri-adi heç nə yoxdur. Ş.Bodler İblisi vəsf edən bütöv bir şeir kitabı qoyub ortaya – Şər çiçəkləri. Volandın A.Dantenin İblisinə elə də oxşarlığını görmürəm. "Master” və Marqarita”da o daha romantikdir və daha çox roma tanrıçası Dionisə bənzəyir, şərabı çox sevir, bütün əsər boyu əshabələri ilə içki içir, alçaqlığa rişxənd edir. Əgər Hötenin qəhrəmanı doktor Faustun ruhu sonda cəhənnəmə yollanırsa, Bulqakovun qəhrəmanı Master Əbədi rahatlığa, Buddist nirvanasına yollanır. Özü də sevgilisi ilə bir yerdə. "Faust” əsərində isə Faust kimi Qretxen də cəhənnəmə yollanır. Buna görə "Master və Marqarita”da şərin təntənəsindən söhbət gedə bilməz. Voland və əshabələri Moskvada cəzalandırdıqları adamların hamısı şər işlərlə məşğul olanlardır. Hətta İblisin ən böyük düşməni İeşuanın qətlində günahı olan Ponti Pilat belə cəzaya məruz qalır. "Əsərin sonunda Master Pilata "Azadsan. O səni gözləyir” deyərək onu əbədi sərgərdanlıqdan azab edir. Yəni ona yalnız Allahın və Şeytanın səlahiyyətində olan bir görəvi icra etmək səlahiyyəti verilir. Volandın əshabələri də çox maraqlı personajlardan ibarərdir. Korovyev, sonda məlum olur ki, cəngavərdir, yəni tampliyerdir. Pişik – Begemot Tampliyerlərə aid edilən, inkvizisiyanın çıxardığı hökmə görə onların tapındığı bir personajdır, Azazello isə qədim semitlərin səhra tanrısı Azazeldir, biz müsəlmanlar ona Əzazil deyirik. Bizdə zalım mənasında işlənən "Nə əzazil adamdır” – ifadəsi də oradan gəlir. Qoqolun "Mirqorod” əsərində isə hadisələr Ukraynada, katolik Polşa mühitində baş verir. Katolik düşüncəsində isə İblisin xüsusi yeri var. Mixail Bulqakov pravoslav olsa da, İblisin Moskvaya gəlişini təsvir etmək üçün buraya katolik çalarları qatmalıydı. Çünki pravoslav ənənəsində İblisə münasibət bir az ayrıydı. Sovetlər dövründə, otuzuncu illərin axırlarında İblisin Moskvaya gəlişini təsvir etmək üçün gərək çox böyük sənətkar olaydın ki, başın əsərdəki Berlioz kimi tramvay altda qalmasın. Bulqakov bunu etməyi bacarıb, mən bilən bu əsəri İosif Stalinin özü də oxuyub və bu da onu başını itirməkdən xilas edib. Əsərdə müəllifin Stalinə müəyyən rəğbəğti də açıq-aydın hiss olunur, həm Volandın, həm də Ponti Pilatın xarakterində Stalindən nəsə var. Onların da qəddarlığı və rəhmliliyi eyni ölçüdədir, hər ikisi ədalətsizliyi ədalətlə eləməyə çalışırlar. Yəni Bulqakov romanında elə ümumiləşdirilmiş obrazlar yarada bilib ki, onlar Stalinin qəzəb qılıncını qınında saxlamağı bacarıb. Bir də Stalin dəfələrlə Bulqakovu onu parçalamağa hazır olan qələmdaşlarının əlindən alıb. Bunlar isə o dövrün elə-belə adamları deyildi, ədəbiyyatın "akademikləriydi”: Averbax, Blüm, Fadeev, Vs.Vişnevski, Mayerxold və s. Onun "Turbinlərin günləri” pyesi məhz Stalinin göstərişi ilə səhnəyə qoyulub. Yoldaş Stalin onu yazıçı yoldaşlarından qorumaq üçün hətta onunla telefonla danışıb və bu M.Bulqakova yırtıcıların önündə müəyyən qədər immunitet yaradıb. SSRİ- də repressiyalar zaamanı yüz minlərlə insan öz yaxın adamlarının yazdığı donoslar əsasında cəzalandırılıb.
– Roman 1966-cı ildən 1989-cu ilə qədər 4 dəfə düzgün nəşr edilməyib, hər variantda səhvlər gedib. 1989-cu ildə Lidiya Yanovskaya tərəfindən axırıncı əlyazma ilə nəşrlər arasında tutuşdurmalar aparılması nəticəsində, romanın son versiyası işıq üzü görüb. Bu mənada romanın ideyasından da doğan "həqiqətə yalnız son anda çatmaq olur” ifadəsini əsərin də taleyinə aid edə bilərik. İstərdim bu barədə də danışaq.
– Səhvələrin nədən ibarət olduğunu deyə bilmərəm, çünki yalnız 1989-dan sonra çap olunan kitabları oxumuşam. Bunların hansının Bulqakovun əlyazmasına yaxın olduğuna da, yalnız əlyazmanı qoruyub saxlamış arvadı E.Bulqakova və Herr Voland bilə bilər. Əsərin indi əlimizdə olan variantı məncə çox kamildir və mən bu söhbətdən öncə onu yenə də bir nəfəsə oxudum. Həqiqət ondan ibarətdir ki, ortalıqda "Master və Marqarita” kimi gözəl bir əsər var.
– 1935-ci il 24 aprel tarixində ABŞ-ın SSRİ-dəki səfiri Vilyam Bulit tərəfindən Spaso Evində (ABŞ səfirinin Moskvadakı qərargahı) təşkil edilmiş Yaz Festivalı – "Master və Marqarita” romanının yazılmasına böyük təsir göstərib. Stalin bir çox mötəbər adama, eləcə də Bulqakova həmin məclisə getməyə icazə verməyib. Bulqakov isə Stalinin acığına həm o səhnəni romanda canlandırıb, həm də yaz festivalına ironiya edib. Görəsən, bu ikibaşlı oyunun kökündə nə dayanırdı?
– ABŞ səfirinin hansı festifal təşkil etməsi barədə informasiyam yoxdu və düşünmürəm ki, bu ciddi bir hadisə olub, M.Bulqakov kimi usta bir yazıçını da roman yazmağa həvəsləndirib. Yəni SSRİ kimi nəhəng ölkənin, dünya proletariatının rəhbəri İ.V.Stalinin işi kiminsə hansı festivala getməsini izləməkdən ibarət idimi. İndi sadəcə absurd şeylər yazmaq dəbdədir. Bulqakov kimi istedadlı yazıçını onlar heç cür xoşlaya bilməzdi. Romanın yazılma səbəbini isə yalnız müəllifin özü bilə bilər. Hətta bir sıra rus ədəbiyyatşünasları əsərin məhz Stalin üçün yazıldığını bildirirlər, çünki o Stalinə yazdığı məktubda bildirir ki, "mən əsərin ilk oxucusunun məhz Sizin olmağınızı istərdim”. Tənqidçi D.Bıkov bu mülahizənin əsas tərəfdarlarındandır. Amma, məncə, həqiqət ondan ibarətdir ki, M. Bulqakovun ruhu həmişə yaşadığı ölkədəki sistemə qarşı olub. Onun bütün əsərlərində bu sistemə ironiya, onun qurbanlarına isə rəğbət var. Məsələn, "İt ürəyi”ndə əsərin qəhrəmanı sistemin itə çevirdiyi Şarikovdur. Başqa bir əsərində, "İvan Vasilyeviç peşəsini dəyişir”, o Moskva çari İvan Qroznını keçmişdən müasir Moskvaya gətirir. "Ağ qvardiya” və "Qaçış” əsərlərində isə Sovet quruluşunun əleydarlarının yaşadığı faciəvi həyatı təsvir edir. O cümlədən, Stalinin tapşırığı ilə tamaşaya qoyulan "Turbinlərin günləri” pyesində də. "Master və Marqarita” da bir növ bu əsərlərin davamıdır. Hesab edirəm Bulqakov bu əsəri yazanda, ən çox təsirləndiyi əsərlər varsa, o da İlf və Petrovun "On iki stul” və "Altun buzov” əsərləridir. Sadəcə burada Ostap Benderin işini Volandın əshabələri görür. Ponti Pilat və İeşua əhvalatı isə 2000 il ərzində xristianlığın ən çox danışılan və haqqında yazılan mövzusudur. Qaldı, romanda təsvir edilən Volandın Moskvada təşkil etdiyi bal məsələsi. Hələ antik dövrlərdən mayın biri tanrılar şərəfinə təşkil edilən bayram kimi qeyd edilirdi. Romaya xristianlıq gələndən sonra da əski allahların tərəfdarları yığışıb onu gizlində qeyd etməyə başladılar. Orta əsrlərdə xristian kahinləri və inkviziya bu törəni əcinnələr yığnağı elan etdi və mərasimə İblisin özünün rəhbərlik etdiyini bildirdi. Bu bayram german xalqlarının aprelin 30-dan mayın birinə keçən gecə bayram etdikləri yaz bayramı ilə üst-üstə düşür. Katolik-xristian ənənəsində bu gecə "Valpurgiya gecəsi” adlanır. Onların inanclarına görə bu gecədə "əcinnələr şabaşı”, "əcinnələr yığnağı” keçirilir və mərasimə Şeytanın özü rəhbərlik edir. Tədbirə yollanan əcinnələr ora süpürgə üstündə uçaraq gedirlər. Bizim Azərbaycan ənənəsində belə mərasimlər cin yığnağı kimi təsvir olunur. "Valpurgiya gecəsi” bir çox Avropa müəlliflərində, o cümlədən, Hötenin "Faust” əsərində təsvir olunub. Qustav Mayrinkin də "Valpurgiya gecəsi” romanı var. Onların təsvir etdiyi törən Avropada, gizlində, bir təpənin başında keçirilir. Mixail Bulqakov isə "əcinnələr yığnağını” Dünya zəhmətkeşlərinin həmrəyliyi bayramında, Moskvanın mərkəzində, bir mənzildə təşkil edir. Bu görünməmiş cəsarətdir, sadəcə əsər o qədər gözəl dildə yazılıb, hadisələr o qədər oxunaqlı təsvir olunub ki, yoldaş Stalin günahı sənətə bağışlayıb. Xüsusən Ponti Pilatla bağlı hissə ruhani seminariyasının məzunu İ. Stalini valeh etməyə bilməzdi. O İsa sayaq, Masterə – Bulqakova – cənnət, yəni dolanışıqlı həyat, cəhənnəm, yəni repressiya deyil, rahatlıq bəxş elədi. Əsərin dərci isə həmin zamanda, həmin məkanda mümkün ola bilməzdi. Heç bir rəhbər ətrafına qarşı gedə bilməz. Əks halda özü qurbana çevrilər.
– Əsərin müxtəlif tənqidçilər tərəfindən daha çox qabardılan 6 məşhur ideyası var. Aşağıda onları sadalayacağam, siz zəhmət olmasa deyin, hansını daha doğru qiymətləndirirsiniz:
– Sevgiyə çatmaq üçün şərdən, nifrətdən keçməlisən.
– Bu bütün istedadlı adamların taleyinə yazılmış bir həqiqərdir. Qarğalar dəstəsində istedad ağ qarğa kimi görünür və hökmən onların nifrətindən keçir. Bunu Bulqakov da yaşayıb, biz də yaşayırıq. Gör bu nifrət nə həddə olur ki, Şeytanın özünü belə qəzəbləndirir.
– "Xeyir çarmıxa çəkilsə də, məhv olmur”.
– Xeyirlə Şər əkiz qardaşlardır, Hürmüz və Əhriməndir, işıq və qaranlığdır. İşığın bircə şüası zülməti dağıtmat gücündədir, onu çarmıx-zülmətin simvolu məhv edə bilərmi?
– Dünya lənətlənib, şər hər yanda bərqərardır, Rusiya şərin beşiyidir – bu fikri Bulkaqova düşmən tənqidçiləri səsləndirirdilər.
– Bu qnostiklərə, maniçilərə aid bir düşüncədir. Onlar maddi dünyanın Şər tərəfindən yaradıldığını iddia edirdilər və insanları dünya nemətlərindən imtinaya səsləyirdilər. Rusiyanı deyə bilmərəm, bu gün İslam aləmində şərin beşiyi kimi ABŞ göstərilir. ABŞ-da İblis kilsəsi rəsmi fəaliyyət göstərir. Parisdə və İsveçrədə isə İblisə heykəllər qoyulub. Qərbdə "Şər imperiyası” SSRİ-nin ünvanına deyilən bir epitet idi, o da indi yoxdur. Xatırladım ki, Voland və əshabələri Moskvaya məhz Avropadan gəlirlər.
– Şərə qarşı yalnız şərlə mübarizə aparmaq lazımdır.
– İbrahimin dinində olan, – Yahudilik, Xristianlıq, İslam, – bütün insanlar şərə qarşı xeyirlə mübarizə aparıb və qalib gəliblər. Zülməti zülmətlə məhv etmək olmaz. Ümuməm üzü Şumerdən bəri insanlığın əsas qayəsi, dünya ədəbiyyatının əsas süjeti Xeyirin Şər üzərində qələbəsidir. Amma nəyin şər, nəyin xeyir olduğunun özü mübahisə mövzusudur. Baxır mövzuyz hansı prizmadan, hansı ideoloji sistemdən baxırsan.
– Dünyada xeyirlə şərin mübarizəsi daimidir.
– Bunu Zərdüşt min illər öncə söyləyib. Bu yaradılışın dialektikasıdır. Xeyirlə Şər arasında mübarizə yaradılışdan bəri daima gedir və Qiyamətə qədər gedəcək. Maddi dünyada hər şey mənfi və müsbət yüklü atomların hərəkətindən, yəni mübarizəsindən təşkil olunub. Yaradan proqramı belə yazıb, bu mübarizədən yaranan enerji hərəkətdə saxlayır kainatı. Hərəkətin nizamı var olduqca kainat da var olacaq. Yəni kainat əksikliklərin vəhdəti üzərində qurulub.
– "Bir sıra hakimiyyət insanlar üzərində zorakılıq alətidir. Vaxt gələcək insan həqiqət və ədalət səltənətinə daxil olacaq, orada ümumiyyətlə, heç bir hakimiyyətə ehtiyac qalmayacaq”.
– Hələlik insanlıq ayrı bir idarə forması icad edə bilməyib. Bizə məlum olan tarixdə hakimiyyətsizlik həmişə anarxiyaya, insan qırğınlarına səbəb olub. Hətta allahın səltənətində hakimiyyət, ierarxiya var. Adətən, "həqiqət və ədalət səltənəti” ora adlandırılır. Çox qədim bir deyim var –"Yuxarıda – Göydə necədirsə, aşağıda da –Yerdə də elədir”. Əgər peyğəmbərlər sırasına ən yaxın hesab olunan – "Əvvəlcə peyğəmbərlər, sonra şairlər gəldi” – qələm adamları mümkün cinayətlərin ən alçağını edirsə, biz hansı həqiqət və ədalər səltənətindən danışa bilərik. Xeyirlə Şərin mübarizəsi fonunda hakimiyyətin mövcudluğu vacibdir. Hakimiyyət bunların arasında bir növ balans yaradan bir qurumdur.
– Ədəbi tənqidçi Rüstəm Kamal Bulqakovun kitabına yazdığı "Mixail Bulqakov: Təbib və yazıçı sözünün mistikası” adlı ön sözdə maraqlı bir məqamı qeyd edir: "İeşua Pilata deyir: "Sən, məni burax, igemon”. Bulqakov isə Stalindən mühacirətə getmək üçün icazə istəyir”. Pilat İeşuanı, Stalin yazıçını buraxmır”. Diktator müəllifə, Voland masterə, Pilat İeşuaya yaxşılıq etmək istəyir. Onlar düşmənləri ilə bu cür hesablaşırlar: Stalin Bulqakovun əttökən tənqidçisi Averbaxın axırına çıxır, Voland tramvayla Berliozun başını üzür, Pilat isə satqın İudanı cəzalandırır. Diktatorun, Pilatın xeyirxahlığı məkrlidir, xüsusən də şər qüvvənin alicənablığı həmişə məkrli olur. Voland Masteri zəhərləyir, Pilat İeşuanı ələ verir, diktator sənətkarın taleyinə biganə qalır. Hər kəs öz mənafeyini güdür: iblisə imanlının ruhu, Pilata təmiz vicdan, diktatora isə sənətkar vicdanı lazımdır...”. Sizcə, bu hesablaşmaların həm "İncil”də, həm də XX əsrdə paralelliyi nə dərəcədə özünü doğruldur və günümüzlə müqayisədə bizə hansı gerçəkliyi təlqin edir və ən əsası bu hesablaşmadan kimlər nə qazanır, kimlər nə itirir?
– Rəzillik mühitində çırpınan M.Bulqakov 28 mart 1930-cu ildə məktubla dövlət rəhbərinə müraciət edir. Məktubda o işləməyinə şərait yaradılmasını, bu mümkün deyilsə ona xaricə getməyə icazə verilməsini xahiş edir. Öncə dediyim kimi, Stalin Bulqakovun yaradıcılığını yaxşı bilirdi. Onun tapşırığı ilə ölkənin əsas teatrı MXAT-da tamaşaya qoyulan "Turbinlərin günləri” pyesinə o 20 dəfədən çox baxmışdı. Məktubdan sonra rəhbər yazıçıya zəng vurur. Yazıçının arvadı E.S.Bulqakova öz xatirələrində bu söhbəti belə verir:
"Stalin: Biz Sizin məktubunuzu aldıq. Yoldaşlarla oxuduq. Siz ona xoşməramli cavab alacaqsınız... Bəlkə, bu doğrudur – Siz xaricə getmək istəyirsiniz. Nədir, biz Sizi çoxmu bezdirmişik?
Bulqakov özünü itirmiş və kiçik fasilədən sonra: Son zamanlar mən çox düşünmüşəm – bir rus insanı vətəndən kənarda yaşaya bilərmi? Və mənə elə gəlir ki, yaşaya bilməz.
Stalin: Siz haqlısınız. Mən də belə düşünürəm. Siz harada işləmək istəyirsiniz? Bədii teatrda?
Bulqakov: Bəli, istəyərdim. Amma mən müraciət etmişəm, qəbul etməyiblər.
Stalin: Siz oraya ərizə verin. Mənə belə gəlir ki, etiraz etməzlər. Bizim görüşməmiz lazımdır, söhbət edərik Sizinlə.
Bulaqakov: Bəli, bəli. İosif Vissarionoviç, Sizinlə söhbət mənə çox lazımdır.
Stalin: Bəli, vaxt tapıb görüşmək lazımdır. Hökmən. İndi isə Sizə yaxşı günlər arzulayıram”.
Bədxahlar bu görüşə imkan vermədilər. E.S.Bulqakova yazır ki, o ömrünün sonuna kimi mənə bu süalı verirdi: "Axı nəyə görə o bu görüşdən vaz keçdi”. Buna görə romanın mənfi qəhrəmanları Şər atası və İsa Məsihə verilən ölüm hökmünü təsdiqləmiş Ponti Pilat deyil. Mənfi qəhrəmanlar, əsas süjetdə acgözlər, içi çamurlu bəzi qələm və mədəniyyət xadimləri, müştərilərə xarab mal satan satıcılar, magiya seansında müftə qazanc üçün hər şeyə hazır bəzi Moskva elitasıdır. İkinci süjetdə bəşərə həqiqət və ədalət gətirmək istəyən İeşuanın ölümünü istəyən romalı Ponti Pilat yox, İudeyalı din xadimləri və camaatdır. Bu məqamla yazıçı sanki, Stalinə bəraət verir, o yalnız cəmiyyətin sifarişinin icraçısıdır. Romandakı Masterin Pilatı bağışlama səhnəsi, müəllifin Stalinə verdiyi bəraətdir. Bütün bunlar günümüzdə də aktualdır, sabahda aktual olacak.
– Romanda geniş obrazlar sistemi var. Bunlardan yaradıcı insan kimi hansı sizin ruhunuza daha yaxındır və sizin üçün romanın, əslində, əsl qəhrəmanı kimdir?
– Romanda parlaq, yadda qalan obrazlar çoxdur, amma ən yadda qalanı, məncə, Marqaritadır. Marqarita Masterin ilham pərisidir, ilham pərisi isə həmişə Allahla İblis arasındadır. İlham pərisi hər bir sənətkarın ən böyük sevgisidir və bu sevgili öz Masterinin yolunda həmişə bütün qadağaları aşmağa hazırdır. Fərqi yoxdur bu qadağanı Allah qoyub, ya Şeytan. Marqarita ilham pərisini itirmiş Masterə qayıtmaq üçün çox asanlıqla ifritə olmağa razı olur, ifritələr yığnağında, şabaşda, iştirak eləmək üçün süpürgə üstündə uçur, Volandın suçluların şərəfinə verdiyi balda kraliça qismində iştirak edir. O qədim sevgi ilahələrinin simvoludur, ona görə həmişə kraliçadır. Volandın ona olan ilgisi də bundan qaynaqlanır. Buna görə də ilham pərisi olan sənətkara cənnət və cəhənnəm deyil, əbədi rahatlıq bəxş edilir. Əsərdə Master və Marqaritanın ölümü simvolikdir, onlar əbədiyyətə yalları külək kimi yellənən şahbaz atların belində yollanırlar. Əlbəttə bu böyük şərəfdir və sənətkar bu şərəfə görə öz ilham pərisinə, Marqaritaya borcludur. O Setin tikə-tikə doğradığı Osisisi dirildib ölülər dünyasının xaqanına çevirən İsidaya bənzəyir bu hərəkəti ilə. O balda ondan mərhəmət diləyən Fridanın bağışlanmasına nail olur. Şeytan tərəfindən bağışlanmasına. Dolayısıyla Pilatında bağışlanmasının da baiskarı odur. Marqarita ifritə olmağa da sevgisi naminə razı olur. O süpürgə belində tənqidçi Latunskinin evində darmadağın təşkil edən zaman, onu hərəkətə gətirən içindəki ifritə, pəncərədə bir uşagı görən kimi sevən, qayğıkeş bir qadına çevrilir. Marqarita özündə İeşuanı və Volandı birləşdirən bir obrazdır. Adi bir uğursuzluqdan ağlını itirən Master xaraktersiz bir insan təsiri bağışlayırsa, Marqarita əsərdəki bütün personajların fonunda, – Volanddan başqa, – çox güclü bir obraz kimi görünür.
– Roman hər nə qədər mistik olsa da, "Epiloq” da real tamamlanır. Bulqakov bütün illüziyaları, mistikanı, niyə sonda gerçəkliklə bağlayır və bu, əsərə sizcə, nə qazandırır?– Bu romanda reallıqla irreallıq iç-içədir. Bütün qeyri-adi hadisələr aprelin 30-dan mayın 1-nə kecən gecə, insanların şüurunda baş verir. Epiloqda məlum olur ki, istintaq bu hadisələrin bir qrup cinayətkar hipnosçu tərəfindən törədildiyini müəyyən edib. İnsanlar güclü hipnoz altında Sovet vətəndaşına yaraşmayan hərəkətlər ediblər. Xeyli sayda zərər çəkənlər olub. Marqarita Nikolayevna adlı qadın və onun xidmətçisi Nataşa hipnoz vəziyyətində cinayətkar qrup tərəfindən oğurlanıb. Yalnız adı məlum olmayan və özünü master adlandıran psixi xəstənin oğurlanması müamma olaraq qalıb. Beləcə bütün hadisələrə aydınlıq gəlib. Əsil Sovet realizmi üslubunda. Bu epiloq əsərə heç nə qazandırmasa da, müəllifə rahatlıq qazandırıb. Bax belə. Həm mistika var, həm realizm.
Söhbətləşdi: Fərid Hüseyn