Hər kəsə bəllidir ki, ötən ilin 10 iyulunda saat 20:00 radələrində təqribən 150-200 nəfərdən ibarət bir qrup şəxsin, Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binası qarşısında keçirdikləri aksiya zamanı, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarından iki nəfəri, aksiya iştirakçılarının müqaviməti ilə üz-üzə qaldılar. Belə ki, polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan iştirakçılar özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə, xidməti vəzifələrini yerinə yetirən iki polis zabitinə – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyevə və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasova yetirdikləri xəsarətlər səbəbindən, hər iki poliz zabiti dünyalarını dəyişib şəhid oldular.
Dünyasını dəyişən polis əməkdaşlarından biri, mərhum Balakişiyev İlqar Məmməd oğlu, uzun illər ərzində Gəncə Şəhər Baş Polis İdarəsində işləyib və o, ümummilli lider Heydər Əliyevin prezidentliyi dönəmində Gəncə şəhər Polis İdarəsində İctimai Təhlükəsizlik Şöbəsinin rəisi vəzifəsində də çalışıb. O, 30 iyun 2002-ci ildə mərhum prezident Heydər Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunur. Buna əsas səbəb, İlqar Balakişiyevin Azərbaycan Respublikası ərazisində ictimai qanun-qaydanın bərpa olunmasında, ictimai təhlükəsizliyin qorunmasında, mütəşəkkil cinayətkarlığa, terrorçuluğa, digər təhlükəli amillərə qarşı qorxmadan, heç bir vəhclə çəkinmədən apardığı mübarizə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində oynadığı rol, göstərdiyi şücaət və igidliklər olur. Bəli, biz mərhum İlqar Balakişiyevin keçdiyi şərəfli və vicdanlı həyat yolları haqda məlumatları əldə edərkən, onu da dəqiqləşdirə bildik ki, adı çəkilən bu şəxs gəncəlilər arasında böyük nüfuz sahibi olub. Belə ki, o, aksiya iştirakçıları önünə çıxıb onları sakitləşdirməyə çalışarkən o halın varlığına arxayın olur ki, hər kəs onu eşidib sakitliyə riayət edəcəklər. Amma, bu heç də belə olmadı və o, qısa zaman kəsiyində hansısa maraqların qurbanına çevrildi. Artıq həmin gündən bir il keçib və sabah şəhid olmuş hər iki polis zabitinin- İlqar Balakişiyevin və Səməd Abbasovun il yas mərasimləridir. Bəli, belə bir an olduqca üzücü, olduqca kədərli olsa da, son anda nə etmək olar! Bəlkə də, belə bir anı yaşamaq hər iki polis zabitinin alın yazısı idi. Onlar 10 iyul günü belə bir addımlarını atmaqla, məhz tökülə biləcəyini hiss etdikləri qanın qarşısını almaq istədilər, amma son anda öz qanları töküldü. Bəli, 10 iyul günü bir tarixə çevrildi və yəqin ki, həmin tarixi yaşayanlar, yaxuda da gələcəkdə bu tarixi yaşadanlar, heç vaxt, heç zaman İlqar Balakişiyev, Səməd Abbasov böyüklüyünü untmayacaqlar, hər zaman dönə-dönə xatırlayacaqlar. Odur ki, ölkəmizin ikinci böyük şəhəri olan Gəncədə ictimai-siyasi sabitliyin bərpa olunması zamanı göstərdikləri igidliklərə görə şəhid olmuş İlqar Balakişiyevin və Səməd Abbasovun bütün yaxınlarına, əzizlərinə bir daha dərin hüznlə başsağlığı verib, onlara o, böyük Allahdan səbr diləyirik.
Kamalə Nərmin