Behbud xan Cavanşir
Behbud Xan Azad oğlu Cavanşir 1877-ci ildə keçmiş Tərtər nahiyəsinin (indiki Tərtər rayonu) Azad Qaraqoyunlu kəndində anadan olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət və ictimai xadimi olmuşdur. Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsidir. 1890-cı ildə alman dili təmayüllü Tiflis realnı məktəbinə daxil olmuş və Tiflis mağazalarından birinin xidmətçisinin oğlu Stepan Şaumyanla səkkiz il bir sinifdə oxumuşdur. Orta təhsilini Tiflis realnı məktəbində almış, sonra dünyada ilk ali-texniki məktəb olan Almaniyadakı Frayberq Dağ-Mədən Akademiyasını bitirmişdir. O, bu akademiyanın ilk azərbaycanlı məzunudur. Behbud xan Cavanşir Almaniyadan İngiltərəyə gedərək təkmilləşdirmə kurslarında oxumuşdur. Qərbi Avropadakı həyatı onun bir siyasi və ictimai xadim kimi formalaşmasına təsir etmişdir. Behbud xan Cavanşir alman, ingilis, fransız, rus, gürcü və erməni dillərini mükəmməl bilmişdir.
1916-cı ildə Azərbaycana qayıdan Behbud xan Cavanşir Bakı neft müəssisələrində baş mühəndis vəzifəsində çalışmışdır. Doğma xalqının maariflənməsi uğrunda mübarizə aparan Behbud xan Cavanşir Bakı Müsəlman xeyriyyə cəmiyyətinin rəhbərliyinə seçilmişdir. Behbud xan Rusiyada və Avropada ali təhsil alan bir neçə azərbaycanlı gəncə öz vəsaiti hesabına təqaüd vermiş, anadilli mətbuata müəyyən yardımlar göstərmişdir. Onun fəaliyyəti çar xəfiyyələri tərəfindən ciddi izlənmişdir. 1920-ci ildə Bakıda rusca çapdan çıxmış "Zaqafqaziyada rus siyasətinə dair sənədlər" kitabından (onun digər adı "Qara kitab"dır) aydın olur ki, Behbud xan Cavanşir Əhməd bəy Ağayevin 1905-ci ildə gizli şəkildə yaratdığı "Difai" partiyasının Mərkəzi Komitəsinə daxil olmuşdur. O, "Nicat" cəmiyyətinin və "Rus texniki cəmiyyəti"nin Bakı şöbəsinin üzvü seçilmişdir. Texniki cəmiyyətin elmi əsərlərində Behbud xan Cavanşirin xeyli məqaləsi çap olunmuşdur.
O, fevral inqilabından sonra yaranmış Milli Müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinin tərkibinə seçilmişdir.
1918-ci il martın 18-dən 22-dək Stepan Şaumyanın başçılığı ilə Bakıda törədilən qırğında 15 minə yaxın azərbaycanlı həlak olmuşdur. Bu qırğının qabağını almağa çalışanlardan biri də Behbud xan Cavanşir olmuşdur. O, barışıq komitəsinin üzvü olmuşdur.
Behbud xan Cavanşir 1918-ci il iyunun 17-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Fətəli xan Xoyskinin Gəncədə təşkil etdiyi ikinci hökumət kabinəsində daxili işlər naziri vəzifəsini tutmuşdur.
1918-ci il oktyabrın 6-dan həmin ilin sonuna qədər Behbud xan Cavanşir eyni zamanda ticarət və sənaye nazirliyini də idarə etmişdir. O, yerli sənayenin inkişaf etdirilməsinə və Azərbaycanın xarici ölkələrlə ticarət əlaqələrinin yaradılmasına ciddi səy göstərmişdir.
Behbud xan Cavanşir Azərbaycan parlamentinə üzv seçilmişdir. Həmin ilin dekabrında Fətəli xan Xoyskinin kabinəsi istefaya çıxdığı üçün Behbud xan Cavanşir tutduğu vəzifələri tərk etmişdir.
1919-cu ildə xarici ölkələrlə ticarət əlaqələri yaratmaq üçün Behbud xan Cavanşirin yaxından iştirakı ilə Bakıda "Dəyanət" şirkəti yaradılmışdır. 1918-1920-ci illərdə Bakıda təntənəli "Azərbaycan gecələri" konsertinin təşkili və bir çox cəmiyyətlərin yaranması onun adı ilə bağlıdır.
1920-ci il aprelin 27-də baş verən hadisələrdən sonra Nəriman Nərimanovun tövsiyəsi ilə Behbud xan Cavanşir neft sənayesi sahəsində işləmişdir. Həmin ilin axırında müasir neft-mədən avadanlığı almaq üçün Almaniyaya ezam edilmişdir. Behbud xan Cavanşir yolüstü İstanbulda dayanaraq, o vaxt Malta adasında sürgündə olan həmyerlisi Əhmədbəy Ağayevin evində yaşamışdır. Görünür o, bolşevik əsarəti altındakı vətəni ilə həmişəlik vidalaşmaq qərarına gəlmişdi. Çünki uzaq səfərə xanımı Tamara Cavanşir, qardaşları Surxay xan və Cəmşid xan ilə birlikdə çıxmışdı.
1921-ci il iyulun 18-də saat 23 radələrində İstanbulun "Pera-Palas" hotelinin önündə "Daşnaksutyun" partiyasının üzvü və Ermənistan ordusunun keçmiş əsgəri Misak Torlakyan Behbud xan Cavanşiri üç güllə ilə qətlə yetirmiş və həbs olunmuşur. Həmin vaxt İstanbul ingilis işğalı altında olduğundan cani cinayət hadisəsindən 20 gün sonra ingilis hərbi tribunalında mühakimə edilmişdir.
Prokuror qatil üçün ölüm cəzası istəmiş, lakin prokuror 24 saat içərisində Türkiyədən uzaqlaşdırılmışdır. Yerinə gələn prokuror isə müttəhimə bəraət istəmiş və qatil Torlokyan gecə ikən qaçırılmışdır.
Mübariz SÜLEYMANLI