Kimlər 450, kimlər 300 manat alacaq; yarım milyondan çox insan yeni qanunun təsiri altına düşür
Bu il 1 aprel tarixi Azərbaycanda gülüş günü kimi deyil, sosial artımlar günü kimi yadda qaldı. Belə ki, dövlət başçısının 25 fevral 2019-cu il tarixli “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı aprelin 1-də qüvvəyə mindi və sərəncama uyğun olaraq 14 kateqoriya üzrə sosial müavinətlər və 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artdı. Eyni zamanda ayrı-ayrı kateqoriyalar üzrə yeni Prezident təqaüdləri də təsis edildi. Sərəncamda ümumilikdə 576,8 min nəfərə yönələn sosial müavinətlərin və prezidentin aylıq təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, eləcə də həmin təqaüdlərin əhatə dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulub.
“Yeni Müsavat” olaraq müxtəlif kateqoriyadan olan pensiyaçıların, sosial müavinət və təqaüd alanların artımla alacağı yeni məbləği təqdim edirik.
Aprelin 1-dən sosial müavinətin məbləği yaşa görə müavinət alanlar üçün 130 manat, I qrup əlillər - buraya ümumi səbəbdən əlillər, müharibə əlilləri, Çernobıl AES-də hərbi xidmətlər əlaqədar və hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlilliyi olanlar üçün 150 manat, eyni kateqoriyalardan olan II qrup əlilliyə görə 130 manat, eyni kateqoriyalardan olan III qrup əlilliyə görə isə 110 manat oldu.
Həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar 150 manat, ailə başçısını itirməyə görə isə ailə üzvlərinin hər biri 80 manat alacaqlar.
Bundan başqa, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları aprelin 1-dən 100 manat, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları 100 manat, beşdən çox uşağı olan qadınlar hər uşağı üçün 55 manat sosial müavinət alacaq.
Uşağın anadan olmasına görə müavinət 200 manat, dəfn üçün ödənilən sosial müavinət isə 300 manat olub.
Eyni zamanda ümumi səbəbdən əlillər, müharibə əlilləri, Çernobıl AES-də hərbi xidmətlər əlaqədar və hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlilliyi olan I qrup əlillərə verilən Prezident təqaüdünün məbləği artaraq 100 manat olub. Sərəncamda nəzərdə tutulduğu kimi, I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə də aprelin 1-dən prezidentin aylıq təqaüdü 50 manat veriləcək. Bu qrupdan olanlar ümumilikdə 150+100+50 olmaqla 300 manat alacaqlar.
Müharibə əlillərinə verilən Prezident təqaüdü I qrup üçün 250 manat, II qrup 230 manat, III qrup 210 manat olub. Beləliklə , birinci qrup müharibə əlilləri sosial müavinət, Prezident təqaüdü və qulluq edən şəxsə verilən aylıq təqaüdlə birgə toplam, I qrup 450 manat, II qrup 330 manat, II qrup 320 manat alacaq.
Əlil olmayan müharibə veteranları isə Prezidentin aylıq təqaüdü kimi 80 manat alacaqlar.
Eləcə də, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 121 manatdan 150 manata qalxıb.
Aprelin 1-dən qüvvəyə minən artımlardan biri də yaşa görə aylıq müavinətlərin artmasıdır. Aylıq müavinət məbləği 80 faizə qədər artırılmaqla 73 manatdan 130 manata çatdırılacaq. Hazırda ölkəmizdə 60 min nəfər yaşa görə aylıq müavinətlə təmin olunur.
“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, yaşa görə müavinət 62 yaşına çatmış qadınlara, 67 yaşına çatmış kişilərə (əmək pensiyası hüquqları olmadıqda) və işləmədikdə təyin edilir. Bununla belə, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar və ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər də (əmək pensiyası hüquqları olmadıqda) və işləmədikdə onlara yaşa görə aylıq sosial müavinət təyin edilir.
25 fevral 2019-cu il tarixli sərəncamın əhatə etdiyi əhali qruplarından biri də ailə başçısını itirməyə görə müavinət alanlardır. Sənədə əsasən, həmin müavinətin məbləği ailə başçısını itirməyə görə müavinət alan ailə üzvlərinin hər biri üzrə 68 manatdan 80 manata çatdırılacaq. Ümumilikdə 46 min nəfər bu müavinətlə təmin olunur.
Aprelin 1-dən müddətli həqiqi hərbi xidmət qulluqçularının 16 yaşa (ümumtəhsil məktəblərində əyani təhsil alanlar 18 yaşa) çatmamış uşaqlarının hər biri üçün ödənilən aylıq müavinət 68 manatdan 100 manata çatdırılıb. Hazırda bu müavinət növü 120 nəfər uşağa ödənilir.
Həmçinin ötən gündən etibarən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 50 faiz artaraq, 60 manata çatdırılıb.
Bu artımlar üçün cari ilin 9 ayı üçün əlavə olaraq 300 milyon manat, illik isə əlavə olaraq 400 milyon manat vəsait ayrılacaq.
Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”