“Bu prosesi güclü küləklə müşayiət olunan meşə yanğınlarına bənzətmək olar”
Türkiyədə dolların məzənnəsi yeni həftənin ilk günü səhər saatlarından yenidən artmağa davam edib. Türkiyənin maliyyə naziri Berat Albayrak hökumətin vəziyyəti düzəltmək üçün bəzi planlar işlədiyini bildirib. Eyni zamanda Türkiyə Mərkəzi Bankı maliyyə bazarlarında vəziyyəti sabitləşdirmək üçün bəzi tədbirlər gördüyünü elan edib. Mərkəzi Bank bildirib ki, bankların türk lirəsinə olan ehtiyacı ödəniləcək, türk lirəsi ilə əməliyyatlar aparan banklara əlavə stimul veriləcək. Habelə bankların TL-yə dəyişdirmək üçün istifadə edə biləcəyi valyuta ehtiyatı 7.2 milyard avrodan 20 milyard avroya qaldırılıb.
Bununla belə, Mərkəzi Bankın maliyyə bazarlarına müdaxiləsi o qədər də effektli olmayıb və lirə yenidən hərraclarda dəyərinin daha 7 faizdən çoxunu itirib.
Azərbaycanın iqtisadçı-alimi, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu bilidirir ki, Türkiyədə lirənin sürətlə dəyər itirməsinin başlıca səbəbi maliyyə-kredit və bank siyasətinin düzgün qurulmaması və çevik iqtisadi qərarların gecikdirilməsi ilə bağlıdır: “Əgər rəsmi dəvət alsam, qardaş ölkənin iqtisadiyyatını böhrana doğru gedən yoldan geri qaytarmağa töhfə verə bilərəm. Əks təqdirdə, siyasi bəyanatlar dayandırılmazsa, eləcə də adekvat, təcili və təxirəsalınmaz iqtisadi qərarlar qəbul olunmazsa, yaxın 10 gündə Türkiyə iqtisadiyyatı çökə bilər. Türkiyənin zəifləməsi bütövlükdə bölgənin maraqlarına, ayrılıqda isə Azərbaycanın mənafeyinə uyğun deyil”.
“Yeni Müsavat”a danışan iqtisadçı-alim deyir ki, Türkiyə təlaş içindədir: “Türkiyə iqtisadiyyatında böhran simptompları sürətlə artır. Qardaş ölkənin qarşılaşdığı çətinliklərin yaratdığı problemləri və onun Azərbaycana təsirlərini dəyərləndirib, türk hökumətinə kömək etməyə hazır olduğum barədə açıqlama verəndən sonra xeyli məktublar alıram. Birinci qrup məktubların əsas qayəsinin Türkiyədə baş verənlərə biganə qalmamaq və hərəkətə keçmək olduğunu nəzərə alaraq bəzi məsələlərə aydınlıq gətirmək istərdim. Məlumatınız üçün əlavə edim ki, həmin açıqlama əslində müəyyən müzakirələrdən sonra baş tutmuşdu. Mən artıq ötən həftənin ortalarından belə bir dəvət almışam. Amma bu məsələnin səlahiyyət və məsuliyyətini dərk edərək, edilən müraciətləri dövlət səviyyəsində təşkil etməyi və rəsmiləşdirməyi xahiş etmişdim. Hazırda da eyni adlı müraciətlər alıram, türk iş adamları, akademik dairələrlə müzakirələrimiz başlayıb. Onlara məsləhətlərimi əsirgəmirəm. Amma yenə də qeyd etmək istərdim ki, bu problem çözmək riskini götürmək və onları dəf etmək səlahiyyətlər tələb edir”.
Qardaş ölkədə baş verənlər barədə hələ bir il əvvəl açıqlama verdiyini deyən Q.İbadoğlunun sözlərinə görə, siyasi müdaxilələr qərarların monopoliyaya alındığı, Mərkəz Bankın gerçək müstəqilliyinin təmin olunmadığı, xarici faktorlardan asılılığın artdığı, siyasi elitanın korporativ və korrupsiya maraqları ilə bazar iqtisadiyyatına keçidin əngəlləndiyi, mövcud iqtidara etimadın itirildiyi istənilən ölkə iqtisadiyyatında milli valyuta böhranı baş verə bilər: “Türkiyə ilə Azərbaycanı bu mənada fərqləndirən cəhətlər odur ki, Türkiyədə orta təbəqə, bazar iqtisadiyyatı institutları Azərbaycandan güclü olsa da, tədiyə balansının durumu və beynəlxalq valyuta ehtiyatları zəifdir. Digər sadaladığım faktorlar arasında isə demək olar ki, fərq yoxdur. Hər iki ölkədə xarici şoklardan asılılıq güclü olsa da, onların, sadəcə, forması fərqlidir. Dünya bazarında neftin qiymətinin 70 dollar ətrafında sabitləşməsi Azərbaycanın durumunu müvəqqəti olsa da yaxşılaşdırıb. Mənə ünvanlanan sonuncu qrup suallar lirənin dəyərsizləşməsinin böhrana gətirib çıxara biləcəyi ilə əlaqadardır. Bu prosesi güclü küləklə müşayiət olunan meşə yanğınlarına bənzətmək olar. Bu zaman həm meşələr sıradan çıxır, həm də yanğına qarşı istifadə olunan resurslar tükənir. Türkiyədə lirə böhranı ilk növbədə bankları və yerli istehsal şirkətlərini sıradan çıxaracaq və onların müflisləşməsini şərtləndirəcək. Bundan sonra böhran iqtisadiyyatın digər sektorlarına xidmət, ticarət və inşaat bölməsinə də siyarət edəcək, əgər təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilməzsə”.
İqtisadçı-alim deyir ki, Türkiyəni böhrandan çıxaracaq iqtisadi tədbirləri 3 qrupda təsnifləşdirmək olar: “İlk növbədə 20 faizə çatan inflyasiyanı durdurmaq hədəflənməli və bunun üçün monetar və qeyri-monetar amillərdən çevik istifadə edilməki, istahlakçıların gözləntiləri idarə olunmalıdır, İkincisi, invsestorların etimadını və inamını təmin edən siyası bəyanatlar deyil, iqtisadi mexanizmlər işə salınmalıdır. Üçüncüsü, Mərkəzi Banka gerçək müstəqillik verilməlidir. Mərkəzi Bank ehtiyat normaları, uçot dərəcələri və açıq bazar əməliyyatları ilə çevik tənzimləmə vasitələrindən istifadə etməlidir. Siyası tədbirlərə gəlincə, əvvəla, ABŞ və Avropa ilə diplomatik gərginlik və ticarət müharibəsi aradan qaldırılmalıdır. İkincisi isə Türkiyə beynəlxalq maliyyə kredit təşkilatları ilə danışıqlara başlamalıdır”.
Dünya SAKİT,
“Yeni Müsavat”