Milli Məclisin Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədovun Azərbaycanın Baş naziri vəzifəsinin müzakirəsinə həsr edilən iclası başlayıb.
“Report”un xəbərinə görə, iclasa Oqtay Əsədov sədrlik edir.
Konstitusiyanın 109-cu (Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri) maddəsinə əsasən, Prezident Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir.
Xatırladaq ki, Artur Rasi-zadə 1996-cı ildən ölkənin baş naziridir.
* * *12:00
Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov baş nazir postunda Artur Rasizadəni əvəz edəcək.
Virtualaz.org xəbər verir ki, bu barədə Milli Məclisdəki mənbələr məlumat sızdırıblar. Daha əvvəl isə prezidentliyə keçmiş namizəd, deputat Zahid Oruc özünün Facebook səhifəsində Novruz Məmmədovun baş nazir vəzifəsinə namizədliyinin irəli sürüldüyünü yazıb.
N.Məmmədovun namizədliyinin Milli Məclisə təqdim edildiyi barədə “İnterfaks” agentliyi də bildirir. Yaxın dəqiqələrdə Milli Məclisin iclası başlayacaq və N.Məmmədovun namizədliyi müzakirə olunacaq.
N.Məmmədovun 72 yaşı var, 1947-ci ildə Naxçıvanın Babək rayonunun Şıxmahmud kəndində anadan olub. 1997-ci ildən Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinə rəhbərlik edir, 2017-ci ildə prezidentin xarici əlaqələr üzrə köməkçisi təyin olunub.