Dilavər Əzimli: “Cümhuriyyətlə bağlı görülən hər bir iş təqdirəlayiqdir...”
Bakı Media Mərkəzi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş bədii-sənədli filmin çəkilişlərinə başlayıb. Heydər Əliyev Fondunun dəstəyi və BP Azərbaycan şirkətinin sponsorluğu ilə hazırlanan filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır.
Bakı Media Mərkəzindən verilən məlumata görə, filmin əsas məqsədi 23 aylıq şərəfli yol keçmiş Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salmaq və hökumətin öz son qərarını hansı çətin şəraitdə verdiyini vurğulamaqdır.
Bildirilib ki, ekran əsərində Cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə - istər işğalçı ordu, istərsə də bu ordunun daxili havadarlarına qarşı son anadək apardıqları qeyri-bərabər və ümidsiz, lakin dönməz və qəti mübarizə əks olunur. Bu mübarizənin sonu faciəli olsa da, onun Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsi olduğu vurğulanır. Filmdə həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin bu şərəfli tarixinin və faciəli taleyinin Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına böyük örnək olduğu ön plana çəkilir.
Filmin 28 May - Respublika Günü ərəfəsində geniş ictimaiyyətə təqdim olunması nəzərdə tutulub. Qeyd olunub ki, Bakı Media Mərkəzi yaradıcı heyət və çəkiliş prosesindən mütəmadi olaraq yenilikləri paylaşacaq.
“Yeni Müsavat”a danışan tarixçi-alim Dilavər Əzimli atılan bu addımı müsbət qiymətləndirib. Tarixçi bildirib ki, cümhuriyyətlə bağlı görülən hər bir iş təqdirə layiqdir:
“Belə bir istiqamətdə atılan bütün addımları dəstəkləyirəm. Cümhuriyyətlə bağlı film hesab edirəm ki, hətta çoxseriyalı olmalıdır. Çünki 1-2 saatla cümhuriyyət dövrünün qəhrəmanlarının həyat və fəaliyyətlərini əks etdirmək mümkün deyil. Bu baxımdan düşünürəm ki, bir neçə seriya çəkilərsə, daha yaxşı olar. Həm də professional səviyyədə rejissor, aktyor qrupu olmalıdır. Xüsusilə də ssenari həmin dövrün tarixçiləri ilə birlikdə hazırlanmalıdır. Burada cümhuriyyətin əsas banilərindən sayılan Məhəmməd Əmin Rəsulzadənin parlaq siması öz əksini tapmalıdır. Çünki Məhəmməd Əmin Rəsulzadə onu hələ dərindən tanımadığımız səviyyədə təqdim olunub.
Məhəmməd Əmin Rəsulzadə dərin, nəhəng siyasətçi olub. O 20-ci əsr dünya siyasətçiləri arasında bəlkə də 1-ci yeri tutan bir insandır. Bunu ona görə deyirəm ki, Rəsulzadə sanki bir gəminin kapitanıdır. Kapitan isə gəmiyə düzgün heyət yığarsa o, bütün fırtınalardan uğurla keçəcək. O dövrə Rəsulzadə kapitan kimi hər kəsin öz yerini gördü.
Təsəvvür edin ki, bu adam Şuranın sədri olduğu halda hökumətə rəhbərlik etmədi və yerinə Fətəli Xan Xoyskini rəhbər gördü. Eyni zamanda parlament sədrliyinə Əlimərdan bəy Topçubaşovu irəli sürdü. Çünki onun diplomatiyasına yaxından bələd idi. Nəticə də bu oldu ki, onun Versalda çox mühüm görüşləri keçdi. Hətta Livson onun ingiliscə necə təmiz, ləhcəsiz danışdığını görüb, 15 dəqiqə vaxt ayırdığı halda 45 dəqiqə onunla söhbət etdi. Bu, həmin kapitanın ətrafına yığdığı insanlar idi. Qədim türk dövlətçiliyində də var ki, hökmdar ətrafına bu cür adamlar yığarsa, o, daha çox sevilər və ölkə daha da çiçəklənər. Hesab edirəm ki, çəkilən filmdə bu məqamlar xüsusi yer almalıdır. Məhəmməd Əmin Rəsulzadə və ətrafı kontekstində filmlər davam etməlidir. Bu ideyanı dəstəkləyirəm və filmi çəkənlərə də sağ ol deyirəm ki, belə bir təşəbbüslə çıxış ediblər”.
Əli RAİS,
“Yeni Müsavat”