Azərbaycan Respublikasının Birinci Vitse- Prezidenti
Mehriban xanım Əliyevaya
MÜRACİƏT
Ötən ilin sentyabr ayından başlayaraq Sizə mütəmadi olaraq müraciətlər edirik. Etdiyimiz yüzlərlə, minlərlə müraciətə baxılmır. Bizim ailəmizin illərlə topladığı əmlak və digər mal-dövlətimiz Lerikə təyin etdiyiniz savadsız bir icra başçısının “xanımı”nın (xidmətçisi olan) birisinin ayaqları altındadır. Hətta mənim başımın yayılığı və oxuduğum müqəddəs Qurani-Kərim də həmin xanımın ayaqları altındadır. Mən bir azərbaycanlı xanım olaraq Sizə müraciət edirəm: Əgər Sizin başınızın yaylığı, əlinizin Quranı kiminsə ayaqları altında olsaydı, onda Siz və Sizin həyat yoldaşınız hansı addımları atardı.Siz deyin, biz də onu edək. Lerik rayon İcra Hakimiyyəti başçısının birbaşa havadarı ad və soyadını düzgün yaza bilməyən Rövnəq Abdullayevdir. Lerikdə bu Rövnəq əlaltısı olan İqbal Fatmaoğlunun əli ilə Leriki illərdir ki, talan edir. Üst-üstə qalanmış cinayətlər və digər qeyri-insani ədalətsiz addımlar kimlər tərəfindənsə çözülmür. Daha dəqiq desək, Lerik rayonundan İqbal Fatmaoğlunun (o indi də Lerikdən deputatdır) və onun atası Nərimanın qanunları işləyirdi. İndi Nəriman ölüb, qalıb Rövnəq Abdullayevlə İqbal Fatmaoğlu. Onların qanunları işləyir rayonumuzda. Haqsızlıq, ədalətsizlik baş alıb gedir. Haqqımız tapdanırsa, şikayətlərimizə məhəl qoyulmursa, onda bizim Ermənistan Respublikasına köçməyimizə şərait yaradın. Onda bilərik ki, açıq-aşkar düşmən əhatəsində yaşayırıq. Artıq Azərbaycanda yaşaya bilmirik. Tədbir gözləyirik. Sizə II qrup əlil kimi müraciət edirəm.
Kazımova Gülbehişt Kəlbi qızı
Lerik rayonu, A.Əsədullayev küçəsi ev 22, mənzil 23