Paytaxtın Sabunçu rayonunda 3 qardaşa bıçaqla xəsarət yetirməkdə təqsirli bilinərək məhkum olunan Müseyib Məmmədov Ali Məhkəməyə müraciət edib.
Nyus.Az xəbər verir ki, onun müraciətinə hakim Tahir Kazımovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq.
Məhkəmə baxış iclası martın 4-nə təyin olunub.
İttiham aktına görə, hadisə paytaxtın Sabunçu rayonu, Savalan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 28 yaşlı Məmmədov Müseyib Yusif oğlu 39 yaşlı İbrahimov Ramin Rüstəm oğlu ilə kafedə mübahisə edib. Mübahisəyə səbəb isə M.Məmmədovun R.İbrahimovun əlini sıxması olub. Belə ki, Ramin Müseyibdən əlini niyə sıxdığını soruşub. Müseyib isə "kişinin əlini sıxarlar" cavabını verib. Bundan sonra tərəflər arasında mübahisə dava ilə nəticələnib.
Nəticədə R.İbrahimov M.Məmmədov tərəfindən qarın boşluğundan çoxsaylı bıçaq xəsarətləri alıb. Qardaşlarının qan içində olduğunu görən 37 yaşlı İbrahimov Ruslan Rüstəm oğlu və 18 yaşlı İbrahimov Rəhman Rüstəm oğlu hadisəni törədən şəxslə əlbəyaxa olublar.
Ancaq əli bıçaqlı şəxs qardaşlara da xəsarət yetirib.
Bıçaqlanan qardaşların üçü də 3 saylı şəhər xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səyi nəticəsində hər üç yaralının həyatını xilas etmək mümkün olub.
Cinayəti törətməkdə şübhəli bilinən Müseyib Məmmədov Sabunçu RPİ-nin 14-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. (ölkə.az)
Nyus.Az