Ötən gün Şamaxı rayonu Şəhriyar qəsəbə sakini Elşad Mehraliyev Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə zəng edərək bir gün əvvəl ona məxsus “VAZ-2106” markalı avtomobilinin qaçırıldığı barədə məlumat verib.
Məlumat müvafiq tədbir görülməsi məqsədilə aidiyyatı üzrə Şamaxı Rayon Polis Şöbəsinə göndərilib.
DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan virtualaz.org-un yerli bürosuna verilən məlumata görə, Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirlər nəticəsində avtomobili qaçırmaqda şübhəlilərin E.Mehralıyevin həmyerliləri, Şəhriyar qəsəbəsinin sakinləri - əvvəllər məhkum olunmuş Məhəmməd Quliyev və Şəhruz Eyvazzadə olduğu müəyyən edilib. Görülən tədbirlərlə hər iki şəxs saxlanılıb və onlar törətdikləri cinayəti etiraf ediblər.
Faktla bağlı Şamaxı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Emil Məmmədov
Virtualaz.org