ABŞ hakimiyyəti ölkədə yeni koronovirusun səbəb olduğu xəstəlik epidemiyasının iyul-avqust aylarında başa çatacağını güman edir.
Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, ABŞ Prezidenti Donald Tramp bunu Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, bu ehtimal hakimiyyətin öz vəzifələrinin öhdəsindən gələcəyi və ölkədə ölüm səviyyəsini aşağı salacağı təqdirdə özünü doğrulda bilər.
Donald Tramp, həmçinin ABŞ iqtisadiyyatının yeni koronovirusla bağlı vəziyyət fonunda geriləməyə doğru gedə biləcəyini də bildirib.
Bir qədər öncə əsas indekslərin kəskin ucuzlaşması ilə bağlı Nyu-York fond birjasında hərraclar müvəqqəti olaraq dayandırılıb. "The Wall Street Journal" qəzetinin yaydığı məlumata görə, ucuzlaşma ölkənin mərkəzi bankı funksiyasını icra edən Federal Ehtiyatlar Sisteminin koronovirusun yayılması ilə bağlı meydana çıxan risklərlə mübarizə çərçivəsində faiz dərəcələrini 0-0,25-ə qədər azaltması ilə bağlıdır.
Son məlumata əsasən, ABŞ-da koronovirusa yoluxma halları 4008-ə, ölənlərin sayı isə 70 nəfərə yüksəlib.
Nyus.Az