Yaponiya ölkədə işçi qüvvəsi çatışmazlığını azaltmaq üçün 2023-cü maliyyə ilinin sonunadək 345 min əcnəbi işçi qəbul etməyi planlaşdırır.
Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə hesabat Yaponiya hökuməti tərəfindən ölkə parlamentinə təqdim edilib.
Müxalif partiyaların parlamentdəki nümayəndələri gələn ilin aprelində immiqrasiya haqqında dəyişilmiş qanun qüvvəyə mindikdən sonra ölkənin nə qədər əcnəbi işçi qüvvəsi qəbul edəcəyi barədə sualla müraciət ediblər.
Hökumətin araşdırmalarına görə, Yaponiyaya təqribən 586 mindən çox işçi tələb olunur. 2019-cu maliyyə ilində ölkəyə 33 mindən 48 minədək əcnəbi işçinin gələcəyi gözlənilir.
Hesablamalara görə, 2023-cü maliyyə ilində ölkədə çatışmayan işçi qüvvəsinin sayı 1 milyon 450 minə çatacaq.
Həmin vaxt Yaponiyaya 263 mindən 345 minədək əcnəbi işçinin gələcəyi gözlənilir. Onlardan 60 mininin xidmət, 53 mininin ictimai-iaşə və 40 mininin tikintidə işləyə biləcəyi planlaşdırılır.
Nyus.Az